Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” Tarixi Qoruğunu bu ilin ötən dövrü ərzində 800-dən çox turist ziyarət edib. Dəniz səviyyəsindən 1232 metr yüksəklikdə Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutan Çıraqqalanı ziyarət edənlər arasında yerli turistlərlə yanaşı, əcnəbilər də var.

Tarixi məkanı bundan sonra daha çox turistin ziyarət edəcəyi gözlənilir. Bunu şərtləndirən əsas səbəb qalanın yaxınlığında “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin istifadəyə verilməsidir. Avqustun 8-də prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən müalicə-istirahət kompleksi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək hotel, villa və kotteclər var.
“Çıraqqala” Tarixi Qoruğunun direktor müavini Şahin Cavadov bildirib ki, yaxın gələcəkdə qoruğun konservasiya olunması nəzərdə tutulur. Tarixi məkanda inzibati binanın tikintisi də planlaşdırılır. Artıq müvafiq layihə-smeta sənədləri hazırlanıb.
Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Alimlərin araşdırmalarına görə, qala Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilib və Gilgilçay səddinin baş qarovulxanası olub. Deyilənə görə, o, Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biridir. İki qala və səddin böyük bir hissəsi uçub dağılsa da, Çıraqqala müasir dövrümüzədək gəlib çatıb.
Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən 4-ü salamat qalıb. Hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalan baş qüllə uzaqdan daha əzəmətli və möhtəşəm görünür. Bu qüllə müşahidə və işarəvermə məqsədilə tikilib. Burada dayanan keşikçilər Dərbənddən Beşbarmaq səddinədək dəniz sahili boyu təxminən 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya biliblər. Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.
Azərbaycanın tarixi irsinin memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədi ilə 23 iyun 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncama əsasən "Çıraqqala" tarixi kompleksi tarixi qoruq elan edilib və onun qorunması və bərpası üçün tədbirlər müəyyənləşdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar