“Milli Mətbəx Paytaxtı”nda növbəti tədbir
Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” layihəsinə əsasən 2015-ci il üzrə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” seçilən Qax şəhərində bu silsilədən növbəti tədbir keçirilib.
Dekabrın 16-da Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzində təşkil olunan “Milli mətbəximiz - milli irsimiz” adlı tədbirdə rayonun kəndlərinin mətbəxinə məxsus xörəklər, şirniyyatlar nümayiş olunub. Qax rayonunda müxtəlif azsaylı xalqların nümayəndələri də yaşayır və onlar da öz mətbəx nümunələrini təqdim ediblər.
Tədbirdə Mədəniyyət Mərkəzinin “Arzu” ansamblının üzvləri mahnılar, “Tunqay Məlik” folklor kollektivi mətbəximizlə bağlı bayatılar səsləndirib, folklor nümunələri ifa edilib. Qaxbaş kənd mədəniyyət evinin işçisi panduridə ifa etdiyi gürcü mahnısı, Qaxingiloy kənd mədəniyyət evinin “İmedi” rəqs qrupunun ifası iştirakçılara xoş anlar yaşadıb.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri N.Omarov və rayon İcra Hakimiyyəti başçısının müavini V.Heydərova çıxış edərək mədəni irsimizdən olan milli mətbəximizin zənginliyindən, ölkəmizin hər bölgəsinin özəl xüsusiyyətlərə malik olmasından danışıb, Qax şəhərinin ilk olaraq “Azərbaycanın Milli Mətbəx Paytaxtı” seçilməsindən qürur duyduqlarını bildiriblər.