Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən 2015-ci ilin “Milli Mətbəx Paytaxtı” olan Qax şəhərində daha bir tədbir keçirilib.
Dekabrın 18-də C.Cabbarlı adına Mərkəzi kitabxanada təşkil olunan “Sehrli süfrə - ləziz dad” adlı tematik gecədə Qax mətbəxinə dair bəzi xörəklərin hazırlanma qaydası əyani nümayiş etdirilib. Münsiflər heyəti tərəfindən ən yaxşı nümunələr mükafatlandırılıb.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova mətbəx mədəniyyətimizin öyrənilməsinin, qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb. Qeyd olunub ki, tariximizi, abidələrimizi, bəzi musiqi nümunələrimizi mənimsəməyə çalışan mənfur qonşularımız son zamanlar milli mətbəximizin ən ləziz təamlarını da öz adlarına çıxmağa cəhd göstərirlər. Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, İcra Hakimiyyətinin məsləhətçisi Mətanət Kərimova tədbirin əhəmiyyətindən danışıblar.
Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova iştirakçılara təşəkkürünü bildirib. Sonda iştirakçılar təqdim olunan xörəklərin dadına baxıblar.