Astara rayon Mərkəzi kitabxanasında görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa təşkil olunub. MKS-nin direktoru Tural Eyvazov müğənninin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Vüsal Babayev, İnformasiya-resurs şöbəsinin müdiri Emil Baxşıyev, Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmovanın çıxışları dinlənilib. Qeyd olunub ki, Rəşid Behbudov bütün istedadını Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə həsr edib.
* * *
Tərtər rayon Heydər Əliyev Mərkəzində Mərkəzi kitabxananın təşkilatçılığı ilə Rəşid Behbudovun yubileyinə həsr olunmuş “Yurdum-yuvam məskənimsən, Azərbaycanım!” adlı tədbir keçirilib. Mərkəzin direktoru Səlimə Yusibova, Mərkəzi kitabxananın müdiri Şəlalə Əliyeva, MKS-nin əməkdaşları Reyhan İsmayılova, Sevda İsgəndərova, Ətrabə Süleymanova sənətkarın həyat və yaradıcılığından söz açıblar. Şəhər musiqi məktəbinin müəllimi Müşfiq Qurbanov sənətkarın repertuarından mahnılar səsləndirib.