2015-ci ilin “Ədəbiyyat Paytaxtı” olan Şamaxıda maarifpərvər şair Seyid Əzim Şirvaninin (1835-1888) anadan olmasının 180 illiyi qeyd edilib.
Dekabrın 22-də Şamaxı rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə əvvəlcə rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərovanın təbriki səslənib.
Yubiley mərasimində çıxış edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev və başqaları şairin həyat və fəaliyyətindən, bədii irsindən ətraflı danışıblar.
Bildirilib ki, Seyid Əzim Şirvani şairliklə yanaşı, məktəbdarlıqla məşğul olub.
1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyət göstərib, “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərslik yazıb.
Yaradıcılığının çox hissəsini lirik qəzəllər, öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, məzlumlara kömək kimi nəcib əməlləri əks etdirən şeirlər təşkil edir.
Tədbirdə musiqiçilərin ifasında şairin qəzəllərinə bəstələnən muğamlar oxunub, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının tələbələrinin ifasında qəzəl və lirik şeirlər səsləndirilib.
Qeyd edək ki, dekabrın 21-də “Ədəbiyyat paytaxtı” ili çərçivəsində silsilə tədbirlərdən biri də Azərbaycanın görkəmli şairi Əfzələddin Xaqaninin həyat və yaradıcılığına həsr olunub. Ədəbi-bədii gecə rayon Mədəniyyət və Turizm Şöbəsinin və Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin birgə təşkilatçılığı ilə keçirilib.