Cəfər Cabbarlı adına Sumqayıt şəhər Mədəniyyət evinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının N saylı hərbi hissələrində konsert proqramı ilə çıxış edib. Mədəniyyət evinin solistlərinin ifasında xalq və bəstəkar mahnıları təqdim olunub, “Turan” rəqs qrupunun çıxışı əsgər və zabitlərimiz tərəfindən maraqla qarşılanıb.
Corat qəsəbə Mədəniyyət evinin kollektivi də əsgərlərimizi musiqi töhfəsi ilə sevindirib. Tanınmış xanəndə Təhmiraz Şirinovun və gənc ifaçıların çıxışı əsgər və zabit heyətində böyük ruh yüksəkliyi yaradıb.
“28 May” Mədəniyyət evinin “Ravil” rəqs qrupu və solistləri isə hərbi hospitalda müalicə alan əsgər və zabitlərimizi təbrik edib.

* * *
Qusar rayonu Balaqusar kənd folklor klubunun bədii özfəaliyyət kollektivi bayram münasibətilə rayonda yerləşən hərbi hissədə əsgərlərin qonağı olub. Kollektiv maraqlı və rəngarəng konsert proqramı ilə çıxış edib. Sübhan İsmayılov, Zəminə İbrahimxəlilova və digərlərinin ifasında muğam, xalq mahnıları və vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Hərbi hissənin komandanlığı mədəniyyət işçilərinə təşəkkür edib.
* * *
Füzuli rayonu ərazisindəki N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə açıq qapı mərasimi keçirilib. Rəsmi hissədən sonra Aşağı Alıxanlı kənd klubunun “Qarabağ” instrumental ansamblı iştirakçılara musiqi payı ərməğan edib. Aşıq Sevinc Goranboylunun və əsgər Eminin oxuduğu mahnılar alqışlarla qarşılanıb. Ansamblın rəhbəri, şair Kərəm Salahoğlu vətənpərvərlik mövzulu şeirlərini oxuyub.