Naxçıvanda tələbə və müəllimlərin 20 Yanvara həsr olunmuş sərgisi
Naxçıvan Dövlət Universitetində (NDU) 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Qan yaddaşımız 20 Yanvar tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib.
Açılış mərasimində ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb.
Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev sərgidə Qanlı Yanvar hadisələri ilə bağlı tələbə rəssamların və onların müəllimlərinin 25-dən artıq rəsm əsərlərinin nümayiş etdirildiyini qeyd edib.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Universitetin müəllimlərindən Ləman Məmmədovanın “Azərbaycan göz bəbəyim”, tələbələrdən Fəridə Əhmədovanın “Kompozisiya”, “Əriyən şamlar”, Çimnaz Gözəlovanın “Şəhid anası", Tünzalə Orucovanın “Şəhid”, Araz Yusifovun “Soyqırımı”, Turanə Hüseynovanın “Alov bina” və digər əsərlər maraqla qarşılanıb.