Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016” adlı beynəlxalq multikulturalizm qış məktəbi fevralın 11-də Qubada işini davam etdirib.
Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov qış məktəbinin iştirakçılarını salamlayaraq, rayondakı multikultural mühit barədə onlara məlumat verib. Bildirib ki, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı uzun illərdir mehriban şəraitdə yaşayır.
Tələbələr daha sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Azərbaycandakı Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayevin müşayiəti ilə Qırmızı qəsəbədə olub, sinaqoqlara baş çəkiblər. Qəsəbənin gəncləri qış məktəbinin iştirakçıları ilə birgə çay süfrəsi arxasında səmimi söhbət aparıblar.
Həmin gün Xaçmaz rayonuna gələn gənclər Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar.
Litva Edukologiya Universitetinin professoru Vidas Kavalyiauskas və Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun moderatorluğu ilə “Dünya təcrübəsində multikulturalizm modelləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Qış məktəbinin dördüncü günü “Musiqi kaleydoskopu” əyləncə proqramı ilə başa çatıb.