Qusar Dövlət Ləzgi Dram Teatrında azsaylı xalqların adət-ənənələrindən bəhs edən yeni tamaşa hazırlanır.
Yazıçı-dramaturq Asəf Mehmanın əsəri əsasında hazırlanan “Sədəf” adlı tamaşa ucqar dağ kəndində yaşayan iki gəncin sevgisi və yerli toy adət-ənənələrindən bəhs olunur.
Teatrın bədii rəhbəri, tamaşanın quruluşçu rejissoru Faiq Qardaşov bildirib ki, azsaylı xalqların adət-ənənələrindən bəhs edən səhnə əsəri təsadüfi seçilməyib. Bu tamaşa Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar repertuara salınıb.
Yeni tamaşanın premyerası martın 1-də Qusar şəhər Mədəniyyət Mərkəzində keçiriləcək. Premyeradan sonra teatrın kollektivi yeni tamaşanı kənd klublarında da təqdim edəcək.