Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanada Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib. MKS-nin direktoru Yeganə Əhmədova şairi təbrik edib, ona xoş arzularını çatdırıb. Sonra yubilyar çıxış edərək həyat yolu və yaradıcılığı haqqında danışıb, şeirlərini oxuyub, sualları cavablandırıb. Sonda şair oxuculara kitablarını hədiyyə edib.
* * *
Sumqayıt Mərkəzi kitabxanası Uşaq şöbəsinin kitabxanaçıları tərəfindən 15 saylı məktəbdə rus uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Aqniya Bartonun 110 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Məktəbin 2-ci sinif şagirdlərinin iştirak etdiyi tədbirdə şairin həyat və yaradıcılığı, yeni tərcümə olunmuş əsərləri haqqında məlumat verilib, əsərlərinin uşaq və yeniyetmələrin tərbiyəsində rolundan danışılıb. Uşaqlar üçün şairin “İp atdı” kitabındakı şeirləri qiraət olunub.
* * *
Şəhərdəki Nəriman Nərimanov adına Mədəniyyət mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Qocaman mədəniyyət işçisi Felman Lazımov xanımları təbrik edərək, xoş arzularını çatdırıb. Sonra xanım əməkdaşlar səmərəli fəaliyyətinə görə Mədəniyyət mərkəzinin fəxri fərmanla təltif olunub.
Tədbir özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.
* * *
Sumqayıt Dövlət Rəsm Qalereyasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Qalereyasının direktoru Ellada Həsənova sərgi iştirakçılarına yeni yaradıcılıq uğurları diləyib. Sərgidə 21 rəsm, 10 gips (qarışıq texnika) və 40-a yaxın dekorativ-tətbiqi sənət əsərinin nümayişi və satışı təşkil olunub. Sonda balaca rəssamlar fəxri fərmanla təltif ediliblər.