Bu yaxınlarda «Dünya ədəbiyyatı» dərgisinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində Türkiyə ədəbiyyatının yeni nəslini təmsil edən tanınmış türk şairəsi Yeşim Ağaoğlu ilə görüş keçirildi. Əslən azərbaycanlı olan, məşhur Ağaoğlular soyadının daşıyıcısı, davamçısı Yeşim Ağaoğlu yeni türk şeiri ilə yanaşı, həmçinin türk incə sənətinin nümayəndəsidir. Tanınmış Azərbaycan rəssamı, çox maraqlı art-layihələrin müəllifi Səbinə Şıxlinskayanın dəvəti və təklifi ilə Bakıya gələn, həm də Yazıçılar Birliyində görüşü keçirilən Yeşim xanımla görüşdən sonra Səbinə Şıxlinskaya ilə üçlükdə söhbət elədik. Səbinə xanım təvazökarlıqla yalnız qonaq haqqında fikirlərini deməklə kifayətləndi.
   Y.Ağaoğlu İstanbul doğumludur. İstanbul Universiteti ədəbiyyat fakültəsində arxeologiya bölümündə oxuyub. Sonra kinematoqrafik təhsil alıb.18 yaşından Türkiyənin çox müxtəlif dərgilərində şeirləri dərc olunub. 5 kitab müəllifidir. Azərbaycanda da həm ana dilimizdə, həm də rus dilində şeir kitabları nəşr olunub. Varşavada, Daşkənddə, Nyu-Yorkda, Sofiyada və başqa şəhərlərdə sənət festivallarında iştirak edib. Bakıda bir neçə dəfə olub, festival və art-layihələrə qatılıb, eyni zamanda məşhur instalyatordur. Türkiyə Pen Mərkəzinin və BESAM-ın İdarə Heyətinin üzvüdür. 6 şeir kitabının müəllifidir. Azərbaycan və rus dillərində də kitabları nəşr olunub. Bir çox beynəlxadq sənət festivallarının iştirakçısıdır.

   
   - Gərək ki, beş yaşından şeir yazmağa başlamısız...
   - Onda yazıb-oxumaq bilmirdim.
   - Yəqin söyləmisiniz, kimsə yazıb.
   - Elədir.
   - Beş yaşında yazdıqlarınızdan yadınızda olanı varmı?
   - Yox, yazmağı öyrəndikdən sonra yeddi yaşımda yazdığım şeirləri saxlayıram.
   - Bir müsahibədə “yaşınız nə qədər kiçiksə, şiddətə qarşı o ölçüdə duyarsız ola bilərsiniz” demisiniz. Doğrudanmı belədir?
   - O zaman mənə şeirlərimi oxuyub təhlil edən gənc bir ədəbiyyatçı şeirlərimdə zorakılığa meyil gördüyündən belə bir sual vermişdi. Mən də dedim ki, elədir, amma bunlar xüsusən erkən dövrdə yazdığım şeirlərə aiddi. Onları 18-20 yaşlarımda yazmışdım. Amma indi mənim daha sonra yazdığım şeirlərə baxılarsa, orada yumşalmanı görmək olar. Kiçikkən qorxulu filmləri çox izlərdim, heç qorxmazdım. Şiddət səhnələri olan filmlərə baxmağı xoşlayardım, hətta atam məni karate filmlərini izləməyə götürərdi. O zaman Amerikada boks çempionu Məhəmməd Əli vardı.Hətta səhər erkəndən - Türkiyə saatıyla səhər saat beş olurdu - oyanıb atamla canlı matçları seyr etdiyimi xatırlayıram. Amma indi heç elə deyiləm, qorxulu filmləri izləyə bilmirəm, ən kiçik zorakılıq səhnəsinə belə baxa bilmirəm.
   - Bu, şiddəti, zorakılığı anladığınızdandır?
   - Elədir, məncə. Məsələn, orada da söylədiyim kimi, Qurban bayramında qurban kəsilirdi. Cocuqkən həmişə seyr edərdim, heç pis olmazdım. İndi hər hansı şəkildə qan səhnəsinə baxa bilmirəm. Bu həm anlamaqdandır, həm də yəqin, şiddət televizyonun və medianın yayqınlaşması ilə o qədər girdi ki həyatımıza...
   - Son kitabınız nə zaman çıxdı?
   - Ən son kitabım 2007-də “Əflatun sirr” “Yetik ülkə”də nəşr olundu.
   - Sizi belə təqdim edirlər: bir dəfə sizin şeirlərinizi oxuyan kəs sonrakılarda artıq «bu şeirlər Yeşimindi» deyə bilər. Sizin digər cağdaş türk şairlərindən üslub fərqiniz nədədir?
   - Vallah, bəlkə də, bunu mənim söyləməyim düz olmaz...
   - Hər halda, siz nəyi hiss edirsiniz?
   - Kaş ki bunu başqalarından soruşaydın. Amma indi bu imkan yoxdu. Mənə bunu çox adam söyləyib. Şeirlərimi bəyənib təqdir etmək istəyən insanlar hər zaman belə deyirlər. Çünki üslub, hər bir şairdə çox önəmli məsələdir. Məncə, bu fərq görsəllikdə, vizuallıqdadı. Mən görünən şeirlər yazıram. Bu, mənim fikrimdi, bəlkə, başqası başqa cür deyərdi.
   - Erkən yazdığınız şeirlərdə də belədir?
   - Həmişə belə olub. Bunu ilk dəfə Attila İlhan kəşf etdi. On səkkiz yaşındaykən çox böyük, tanınmış və mənim çox sevdiyim şair Attila İlhanla görüşmək imkanım oldu. O mənim həmin vaxt yazdığım şeirləri götürmüşdü. Mənə belə bir sual verdi: “sən bu şeirləri yazarkən yazdığın şeyləri görürsənmi?”. Mən o zamanadək bunu düşünməmişdim, bir az düşündüm və “görürəm” dedim. O söylədi ki, sən çox görsəl şeirlər yazırsan, istəsən roman yaza, ya da kino ilə məşğul ola bilərsən. Roman yazmadım. Televizyonda sinema ilə bağlı təhsil aldım. İndi də görsəl, vizual sənət məsələləri ilə uğraşıram. Sərgilərdə mənim işlərimi görən sinemaçılar “şəkillərin nə qədər sinematoqrafik” deyirlər. Demək, məndə bir görsəllik var.
   - Şeirin Allah vergisi olduğuna inanırsınız. Deməli, Allaha inanırsınız...düz deyirəm?
   - İnanıram.
   - Bir şair, ədəbiyyatçı üçün ünlü olmaq nə qədər gərəklidir? Məsələn, Orxan Pamuk Nobel nitqində özünə “nə üçün yazıram” sualını verir. Onun cavabları arasında belə bir cümlə də var: “kitablarımın oxunması və ünlü olmaq üçün yazıram”.
   - Gerçəkçi olmaq lazımdır, Nazim Hikmətin və ya Yəhya Kamalın dövründən danışmıram, bu gün şeirdən başqa heç nə yazmadan ünlü olmaq mümkün deyil. Bir neçə nəfər istisna ola bilər. Ümumiyyətlə, şeir populyar sənət janrı deyil.
   - Necə bilirsiz, müəllifin öz şeirini şərh etməyi nə qədər doğrudu?
   - Mən bunu doğru saymıram.
   - Məsələn, Attila İlhan bunu edirdi, “meraklısı için notlar” deyə kitablarının sonunda şərhlər yazırdı...
   - Bunu doğru olduğunu sanmıram. Elədir, zamanında mən də Attila İlhanin “Maraqlı notlar”ını oxumuşam, onu insan və şair kimi sevdiyim halda deməliyəm ki, əslində şairin, sənətçinin bir az gizli qalmasının gərəkli olduğunu düşünürəm. Yazdığı bir şeiri oxuyub düşünürdüm ki, çox güclü bir eşq yaşayıb. Amma halbuki özü deyirdi ki, heç belə şey olmayıb. Məsələn, bir qadını kafedə uzaqdan görüb ona şeir yazıb, o eşqi uydurub.
   - Şeirdə və ümumən sənətdə erotizm nədir? Erotizm deyəndə siz nə anlayırsınız?
   - Vallah, xüsusən də kişilər arasında şeirlərimi tam erotik hesab edənlər də olur. Təbii, mən onların nəyi nəzərdə tutduğunu anlamıram.
   - Mən onların deyil, sizin nəyi nəzərdə tutduğunuzu soruşuram.
   - Erotizm, təbii ki, cinsəlliklə bağlıdır. Bəzi kişi şairlər var ki, fikrimcə, onlar erotizm deyil, bədii pornoqrafiya yazırlar. Bu mənada hər şeyi adı ilə yazmağa qarşıyam. Amma erotizmi sevirəm. İşarələrlə, üstüörtülü bir cinsəllik xoşuma gəlir və mən də şeirdə bunu etdiyimə inanıram. Amma şeirdə pornoqrafiyanı görüncə, oxumaq belə istəmirəm.
   - Türkiyədəki çağdaş qələm yoldaşlarınız arasında kimləri tez-tez, ya elə ara-sıra oxuyursunuz? Yəni bu sırada nəsildaşlarınızdan kimlərin adını çəkərdiniz?
   - Türkiyədə şeir dünyası xüsusən də bura ilə müqayisədə çox zəngindir.
   - Elədi, əhaliniz çoxdu.
   - Mən də elə bu baxımdan deyirəm. Çox isim var, amma sizə bəyənib-bəyənmədiklərimi deyil, ümumən önə çıxanları deyəcəyəm: Küçük İsgəndər, qadın şairlərdən Benjan Matur...(fikirləşir)
   - Lalə Müldür...
   - Amma Lalə Müldür yeni deyil, o yaşlı...
   - Sunay Akın?
   - Onunla yaxından tanışam, amma təəssüf ki, Sunay Akın bu gün Türkiyədə bir şair olaraq deyil, daha çox televizyonçu kimi tanınır. Çox gözəl də insandır. Amma məncə, nə yazıq ki, o, əski şair kimliyini itirdi. Çünki başqa tərəflərlə önə çıxdı. Bir qadın şair var, Nihan Keskin. Məndən ən uzağı, üç yaş böyük olar, özünü çox ön plana çəkməyən, az tanınan biridi, amma şeirlərini çox sevirəm. Ən gənc nəsildən, məndən təxminən on yaş kiçik olan Kadir Aydemir var, “Yetik ülkə” yayınlarının rəhbəridir. Bir sürü imkansızlıqlar içində bir yayın evi qurub və mənim və məndən daha gənc şairlərin kitablarını nəşr etdirir.
   - Nədir pessimizm və ya optimizm?
   - İçərisində yarıyadək su olan bardaqla bağlı klassik misalı xatırlayırsınız?
   - Bəli.
   - Mən bardağı boş görənlərdənəm. Özümü tanıyandan həyata qaramsar baxıram. Çox kiçik şeylərdən mutlu və ya mutsuz ola bilirəm. Kiçik şeylər mənim üçün çox önəmlidir.
   - Detallar. Gözəl ədəbiyyat özü də detaldır.
   - Elədir.
   - Qayıdaq Azərbaycana. İlk dəfə bura nə zaman gəldiniz? Kimin dəvəti ilə?
   - İlk dəfə beş, ya altı sənə öncə. Dəqiq xatırlamıram. Festivalda iştirak etməkdən ötrü gəldim. Bildiyiniz kimi, əslən Azərbaycandanam. Bu üzdən içimdə hər zaman bu ölkəyə bir sevgi, həsrət vardı. Uşaqlığımda tamamən bir azəri kültürü ilə yetişdim deyə bilərəm. Biz nənəm və babamla qalırdıq, əmimgil də bizə çox yaxın olurdu. Babam, atam, əmim Azərbaycandan gəldikləri üçün hələ türk mühitinə alışmamışdılar. Kiçikdim, ana nənəm azəri türkcəsi ilə danışırdı və mən ona çox hirslənirdim ki, bu cür danışmaq düz deyil. Yəqin, onun danışığından utanırdım. Söyləyirdi ki, bu yaşdan sonra dilimi necə dəyişim? Nənəm həmişə azəri yeməkləri bişirirdi.
   - Hansı yeməkləri xatırlayırsınız?
   - Bozbaş, dovğa. Ən sevdiyim yeməklərdi bunlar.
   - Amma sonradan ət yeməklərindən vaz keçdiniz.
   - Babam və nənəm öldükdən sonra əti buraxdım. Yoxsa mümkün deyildi.
   - Azərbaycana altıncı gəlişinizdi. Artıq ədəbiyyatımızla tanışsınız, oxuduqlarınız var. Amma səmimi cavab verin, kimləri oxudunuz, nələrdən xoşlandız, nələrdən xoşlanmadınız?
   - Sizim şairlərin şeirlərini ancaq dərgilərdən oxudum. Hələlik oxuduqlarıma görə söyləyəcəm, sonradan fikrim dəyişə də bilər. Məncə Azərbaycan şeiri çağdaşlaşa, formalaşa bilməyib. İsimləri xatırlaya bilməyəcəyəm.
   - Məncə, siz az oxumusuz, sizə daha çox kitablar verəcəyimə söz verirəm. Yaxşı hansı xalqın ədəbiyyatını daha çox oxuyursunuz?
   - Yaşım daha gənckən klassikləri oxuyurdum, amma indi kitab mağazasına girən kimi çağdaş amerikan ədəbiyyatı, çağdaş ingilis şeirini axtarıram.
   - Cağdaş şeirdə sizi nə çəkir?
   - Məni çəkən xüsusi bir şey yoxdu. Sadəcə, ədəbiyyatda nə baş verdiyi ilə maraqlanıram. Keçmiş məni çox da maraqlandırmır. Çünki bu barədə öyrənmək üçün yüzlərlə ensiklopediya var. Amma bu günün şeiri əsasən araşdırılmır. Getdiyim hər ölkədə tanış olduğum adamlardan soruşuram, ölkədə neçə ədəbiyyat jurnalı var, hansı şeirlərə üstünük verirlər, şairlər necə bir araya gəlir. Bunları öyrənmək istəyirəm. Gəldiyim nəticələr çox oxşar olur. Bəlli bir ziyalı kəsimi şeirlə maraqlanır, zaman-zaman bir araya gəlincə də ədəbiyyat kafelərində şeir oxuyurlar. Burcə fərq var ki, Amerika və İngiltərədə şeiri bir az teatrallaşdırırlar. Bizdə bu yayılmayıb. Sizdə bilmirəm vəziyyət necədir?
   - Performance.Teatral poeziya, bu bizdə də yayılmayıb.
   - Demək istəyirəm ki, İngiltərədə insanlara roman oxumaqdansa, şeirə tamaşa etmək daha maraqlı gəlir.
   - Səbinə xanımla dostluğunuzun tarixi haradan başlayır?
   - Səbinə Şıxlinskayanı əvvəllər də müxtəlif tədbirlərdə uzaqdan-uzağa görmüşdüm. Amma yaxından tanışlığımız 2006-cı ildəki festivalda oldu. Səbinə də, mən də o festivala sənətçi olaraq qatılmışdıq. Bir-birimizi tanıdıq və daha yaxşı anladıq. Ondan bu günədək həm dostluğumuz, həm də sənət birliyimiz davam edir.
   - Azərbaycanda son gəlişinizdə hansı dəyişiklikləri gördünüz?
   - Şanslıyam ki, köhnə Bakını da görmüşdüm. Yoxsa bu gün şəhəri tanıya bilməzdim. O qədər şey dəyişdi ki - həm pis, həm də yaxşı anlamda. Bəzi şeylər məni üzür. Özəlliklə memarlığa önəm verdiyimdən, demək istəyirəm ki, həm Türkiyədə, həm də Azərbaycanda bir inşaat çılğınlığı var. Köhnə olan hər şey yıxılıb, yenisi yapılır. Şərq toplumlarında bu mədəni yaddaş yoxdu. Biz bunu sevmirik. Amma qərblilər bunu çox sevir. Qərbli üçün bir əski binanın o qədər önəmi var ki...məsələn, Attila İlhan Paris haqqında çox sevərək, burda bu var, bu var deyə, hər şeyi danışır. Üstündən 20 il keçir gedirsən Parisə görürsən ki, onun dedikləri yerindədir... Çünki dəyişmirlər. Bakıda və İstanbulda isə bina bu gün var, sabah yox. Bəyoğlunda məşhur İstiqlal caddəsi var. İnanın, bir həftə, on gün getməsəm, elə çox şey dəyişir ki...
   - Müsahibəyə görə çox sağ olun...
   
   
   Səbinə Şıxlinskayanın rəyindən
   
   “O hər şeyə poetik baxışdan yanaşır və bunun hesabına öz kompozisiyalarını yaradır. Onun sərgisinin uğurunu da bu amil şərtləndirdi. Onun bütün işlərinin əsasında ədəbiyyat konsepsiyası dayanır, buna vizual forma verdikdə unikal bir şey ortaya çıxır. O, altıncı dəfədir ki, ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə iştirak edir. Bu dəfə o həm də ədəbiyyatçı kimi öz konseptual işlərini təqdim etdi, o, Ekzüperinin “Balaca Şahzadə” mövzusunda kompozisiyası ilə çıxış etdi. Bu unikal iş idi, çünki müasir incəsənətdə sənət formasında təqdim olunan ideya, konsepsiya önəmlidir. Onun kompozisiyası “Qadın olmaq” mövzusuna çox uyğun gəlirdi, bu, brend əsərdir. Ekzüperinin bu əsəri “ədəbi Bibliya” “hesab olunur. Yeşim araşdırdı ki, əsərdə xeyli planet, gül, heyvan adı çəkilir. Planetin flora və faunası təqdim olunur. Amma bu əsərdə bir real qadın obrazı belə yoxdur. Qızılgül qadını simvolizə edir, amma bu, real qadın obrazı deyil. Yeşim bunu olduqca orijinal bir şəkildə, minimalist formada təqdim etdi”.
   
   Dördnala yalnızlıq
   
   Ata minən kimi minirəm yalnızlığıma
   Dördnala yalnızlığıma
   Anlaşıldı, anlaşıldı
   Həmişə sənin şəhərlərin gözəl
   Və mən heç getmədim oralara
   
   Bəlkə olduğun yerdə
   Əvvəl olduğu halınla
   Bir də gördün yalnızlığıma
    atlanıb gələrəm
   Bəllimi olar
   Ah bilsən necə kimsəsizəm
   Neon lampaları qanayır qəlbimin
   

   
   
   Söhbət etdi: Sabutay, Səlim Babullaoğlu 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar