Lerik rayonunda uca dağlar qoynunda, təbiətin gözəl guşəsində Hamarat adında bir kənd yerləşir. Kənd zəngin mədəni keçmişə malikdir. Kənd kitabxanası sakinlərin ən çox olduqları yerdir. Burada vaxtaşırı maraqlı tədbirlər olur. Bugünlər isə kəndin şair oğlu Vüqar Həmati ilə görüş keçirildi.
Şair-publisist Vüqar Həmati 1975-ci ildə Lerik rayonunun Hamarat kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbdə oxuduğu vaxtdan dövri mətbuatda şeirləri, məqalələri çap olunur. Tez-tez imzası mətbuat orqanlarında görünür. Altı kitabı çapdan çıxıb, onlardan dördündə şeirləri toplanıb. Hər şeir kitabı ədəbiyyatsevərlərin rəğbətini qazanmışdır.
Görüşdə kəndin ziyalıları, məktəb şagirdləri iştirak edirdilər. Ziyalılar Ağalar Kərimov, Bəhrəm Allahverdiyev, Azad Hüseynov Vüqara səmimi arzularını bildirdilər. Şagirdlər onun şeirləri əsasında kompozisiya göstərdilər. Şeirlərinə bəstələnmiş mahnılar səsləndi.
Axırda Vüqar Həmati gecənin təşkilatçılarına minnətdarlığını bildirib yeni yazdığı şeirlərini oxudu. “Ömrüm köklənib ömrünə”, “Vətən” və təzə çapdan çıxan “Qəzəllər” kitablarını kitabxanaya hədiyyə verdi.
Görüş səmimi, yaddaqalan oldu. Ən əsası, tədbirdə iştirak edənlərin mənəvi dünyasına yeni bir xoş ovqat qatıldı.

Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (Lerik rayonu)