Mədəniyyət və Turizm Nazirliyinin müvafiq tövsiyəsi ilə yay mövsümündə şəhər və rayon mədəniyyət və turizm şöbələri istirahət məkanlarında və hotellərdə turistlər üçün mədəni tədbirlər təşkil edirlər. Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mövsümün əvvəlindən bu qəbildən konsertlər, rəqs gecələri, sərgilər, rayona gələn qonaqlar üçün maraqlı ekskursiyalar təşkil olunur.
Maraqlı tədbirlərdən biri də bu günlərdə “Afra” hotelində keçirilib. Hoteldəki turistlər və qonaqlar üçün konsert, oğuzlu sənətkarların əl işlərindən ibarət sərgi və MKS-yə daxil olmuş yeni kitabların nümayişi təşkil edilib.
Konsertdə səslənən xalq mahnıları, şux rəqslər izləyicilərə xoş istirahət bəxş edib. Tədbirin ən maraqlı anı isə turistlərin yerli ifaçılarla birlikdə “Yallı” oynaması olub. Sonda tədbir iştirakçılarına oğuzlu sənətkarların əl işlərindən xatirə hədiyyələri təqdim olunub.