Bölgələrdə mütaliə həftəsi və səyyar kitabxana xidməti

Yay turizm mövsümü ilə əlaqədar olaraq Şamaxı rayon Mərkəzi kitabxanası da Heydər Əliyev parkında mütaliə həftəsi təşkil edib. Mütaliə həftəsində kitabxanaya yeni daxil olan kitabların səyyar sərgisi nümayiş etdirilib. Oxuculara 150-dək kitab təqdim olunub. Parkda istirahət edən sakinlərə səyyar kitabxana xidməti təşkil edilib. Kiçikyaşlı oxucular üçün “nağıl saatı” çərçivəsində nağıllar oxunub.
* * *

Quba Turizm İnformasiya Mərkəzi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə 30 iyulda "Səyyar kitabxana" layihəsi çərçivəsində tədbir keçirib. Qubada fəaliyyət göstərən "Retro" istirahət mərkəzində təşkil edilən sərgidə bədii və elmi ədəbiyyatla yanaşı, Quba Turizm İnformasiya Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap etdirilən bukletlər, tur proqramlar, kitabçalar və s. nümayiş etdirilib.
Tədbirin keçirilməsi əhali arasında kitaba və mütaliəyə marağın artırılması, eləcə də rayonun turizm imkanlarının təbliği məqsədini daşıyır. Kitab sərgisi istirahət mərkəzindəki turistlərin marağına səbəb olub.
"Səyyar kitabxana" layihəsi çərçivəsində tədbirlərin başqa mehmanxana və mehmanxana tipli turizm obyektlərində keçirilməsi nəzərdə tutulub.

* * *
Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası və Uşaq şöbəsi tərəfindən əhalinin istirahətinin mənalı və maraqlı keçməsi məqsədilə səyyar kitabxana xidməti təşkil olunub.
Tərtər çayının sahilində, Bayraq meydanının ətrafında yaradılan sərgidə “Vətən sizi unutmaz” başlığı altında vətənpərvərlik mövzusunda ədəbiyyatlar nümayiş olunub. Tədbir sakinlərin marağına səbəb olub.

* * *
Şəki şəhər Mərkəzi kitabxanası mütaliə həftəsi təşkil edib. İlk gün M.F.Axundzadə adına keçmiş kinoteatr binası qarşısında keçirilən tədbirin məqsədi əhalinin kitabxanalara cəlb olunması və kitaba marağının artırılmasıdır. Tədbirdə oxuculara yeni kitablar təqdim olunub.
Sonrakı günlər şəhərin digər məkanlarında baş tutan mütaliə həftəsi gedişində müxtəlif mövzu və sahələrə dair kitab sərgiləri sakinlər tərəfindən maraqla qarşılanıb.