Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirə toplaşanlar əvvəlcə yazıçının abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından İsmayıl Şıxlının əsərləri çox dəyərlidir. Yazıçı həyati mövzulara müraciət edərək zamanın nəbzini tutub, mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib.
Şairlərdən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, Vəli Xramçaylı, Mustafa Rasimoğlu, Məmməd Qoca və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıblar.