Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cəbhəyanı rayonlarda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlər təşkil olunur. Əhalinin, xüsusilə gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olması məqsədi daşıyan tədbirlər bu dəfə Goranboy, Tərtər və Ağdam rayonlarını əhatə edib.
Oktyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Goranboy Mədəniyyət mərkəzində Müstəqillik Günü münasibətilə konsert keçirilib. Sakinlər qarşısında xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Zakir Əliyev, Nüşabə Ələsgərli, aşıq Solmaz Kosayeva və digər ifaçılar çıxış ediblər. Konsert əhalinin böyük marağına səbəb olub.
Həmin gün Tərtər rayon Mədəniyyət mərkəzində də Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş konsert təşkil olunub. Konsertdən öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konsertdə Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları - müğənnilər Simarə İmanova, Cəmilə Bayramova, Zakir Əliyev, Nüşabə Ələsgərli və aşıq Solmaz Kosayevanın ifaları alqışlarla qarşılanıb.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirib.
Müstəqillik Günü münasibətilə mədəniyyət və incəsənət xadimlərinin əhali ilə daha bir görüşü və konsert proqramı Ağdam rayonunda keçirilib.