«Birinci akt» tamaşasından qeydlər
   
   Yuğ Teatrı. Çexov. İbrahimoğlu. «Albalı bağı». Sevgi dolu Çexov. Sevgili adamlar. Sözlər. Çexov adamları sevir. Çexov qəhrəmanlarını sevir, yazığı gələ-gələ sevir. Bu sevgi Ranevskayadan Sonaxanım Mikayılovaya, Firsdən Fərhad İsrafilova, Anyadan Mətanətə, Yaşadan Ruslana, Dunyaşadan Yaquta, tamaşadan isə mənə yoluxur. Hardasa həyətdə albalı ağacları çiçək açır...
      
   «Albalı bağı» sevgi barədədir. Bayırda qırov var, albalı ağaclarısa çiçək açıb. Səhnəni dörd yerə bölən şəffaf arakəsmələr adamların yaşını bildirən saat üstündə şəffaf sərhədlər çəkib. Bu tamaşanın yeganə dekorasiyasıdır. Səhnədəki arakəsmələrin üstünə romantik üslublu küçə fənəri quraşdırılıb ki, fırlana bilən arakəsmələri daha görünən edir. Aktyorlar yaxalarına obrazlarının adı və şəkli vurulmuş vəsiqələr sancıblar, yəni biz şərti olaraq «Albalı bağı»nın qəhrəmanlarıyıq.
    Birinci akt mülkün sahibəsi Ranevskayanın gəlişinin gözlənilməsi və onun gəlişi ilə tamamlanır. Ranevskaya Parisdən gəlir. Doğma vətənə qayıdışından mütəəssir olmaqla bərabər, qayğıları çoxdur. Ailə bank faizlərini də ödəməlidir. Əldə mülkdən başqa heç nə yoxdur. Mülkün özəlliyi albalı bağıdır. Mülkdən ayrılmaq yalnızca kökdən qopmaq deyil, yeni bir həyata başlamaq kimidir. «Albalı bağı» bütün poetikasına rəğmən, həm də bir nostalji ötürür. Tamaşanın bədii parametrləri bu nostaljinin, sevginin və yeniliyin intizarı üzərində qərar tutur. Məramı, kompleksləri ilə fərqlənən insanlar arasında münasibətlər bu məramlara və komplekslərə görə qurulur. Bəzən arada arakəsmə var. Bəzənsə, bu arakəsmə çox şəffafdır. Onlar bu arakəsmələr arasında tənhadırlar. Sevgiləri ilə bir yerdə tənhadırlar. Onları bir yerə toplayan albalı bağıdır. Kimi sevgiyə tutulub (Yepixodov), kimi ümidə (Pişşik), kimi şöhrətə (Qayev), kimi var-dövlət azarına (Lopaxin)... Bu arada Ranevskaya gəlir.
    Ranevskaya yaralı (rana, ranennıy) quşmisallı bir qadındır. Oğul dağı olan ürəyində böyük sevgi gəzdirir. Yaralı quş necə uçmağa can atarsa, ürəyi necə titrəyərsə, Ranevskaya o cür içinə sığmayan bir sevgi daşıyır. Bu sevgi üzündən qardaşı onun ardınca «ayağısürüşkən» deyəcək. Ranevskayanı, bu xəyalpərəst romantik xanımı albalı çiçəklərinin poetikasından bir reallıq ayıracaq. Faizləri ödəməkdən ötrü mülkü, albalı bağını satmaq lazımdır. Buna Lyubov Andreyevna necə razılıq verəcək? Bax bunu rejissor başqa cür həll edir. Tamaşaçılara arasında oturmuş bir xanım tamaşaya müdaxilə edəcək - Ranevskaya qismində. Donub qalmış qəhrəmanları yara-yara nitq edəcək və qərar verəcək. Sonuncu kəlməsini aktrisa Sonaxanım Mikayılova təkrarlayacaq. Adətən, xəyalı canlandırmağa adət etmiş epizodlardan fərqli olaraq bu səhnədə adamlar xəyal kimi donur - reallıq canlanır...
   Nəsə baş verəcəkmiş kimi qəhrəmanlar narahatdırlar, bir dürlü yata bilmirlər. Birinci akt başa çatır. İkinci akt başlar-başlamaz aktyorlar vəsiqələrini yaxalarından açıb arakəsmə pərdələrə sancmağa başlayırlar. Və obrazları haqda danışırlar. Onların sonrakı aktlarda olan əhvalatlarını və onlar barədəki fikirlərini danışırlar. Hərçənd sonuncu bir az artıq göründü. Onsuz da bu peşəkar aktyorlar oyunlarıyla obrazları barədə fikirlərini tamamən çatdırırdılar və bu baxımdan Ruslanın Yaşa, Kamranın Yepixodov, Mətanətin Anya, Yaqutun Yaşa, Sonaxanımın Ranevskaya, Vidadi Həsənovun Qapyev, Oqtayın Lopaxin, Natəvanın Varya, Fərhad İsrafilovun Firs barədə dedikləri təzə xəbər olmadı. Kripto aktı kimi görünmədi. Hərçənd çoxları üçün maraqlı oldu. Amma proqnoz... Bax bu sonuncu səhnələrdən biri «Albalı bağı» tamaşasının konseptual bir məqamı idi: Aktyorlar oynadıqları obrazın gələcəyi barədə proqnozlarını söyləyirdilər. Bu tamaşanın finalı üçün görünməmiş (görmədiyim) bir yozum oldu. Son səhnə keçmişlə gələcək arasında olan tamaşaçıya indini xatırlatdı - bu pyesin son remarkasıdır: balta səsləri eşidilir: tuk-tuk, tuk-tuk... Aktyorlar yorulmadan balta səslərini yamsılayırlar. Tuk-tuk... sanki qapını döyürlər. Açsanız da, açmasanız da gələcək. Özü də mütləq gələcək. Keçmiş nə qədər gözəl olsa da baltalanacaq. Albalı ağacları həmişə çiçəkləyəcək. Həmişə də təzə-təzə çiçəklərlə...
   “Yuğ” Teatrının «Birinci akt» tamaşası Çexova, «Albalı bağı» pyesinə yaradıcı heyətin sistemli intensiyasıdır, ayrıca bir tamaşadır, bölüşmədir, Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Məmməd Səfa, Oqtay Mehdiyev, Kamran Yunis kimi unikal aktyorların, rəssam Rəşid Şerifin sayəsində bir tamaşadan da artıqdır. Zaman bunu tələb edir - tamaşa yalnız tamaşa olmalı deyil...
   
   Aliyə