“Əgər siz bir az öz qədrinizi bilsəydiniz, nəinki Azərbaycanda, hətta bütün dünyada ən məşhur aktyorlardan biri olardınız”.
(rus rejissoru Vadim Qorikkerin aktyor Hamlet Qurbanova dediklərndən)
Nədənsə, qəlbimizdə alışmamız bir stereotip var: qaraqaş, qaragöz azərbaycanlı özünəməxsusluğumuzu çox sevirik. Onun simasındakı həmin özəllikdən xaric mimikaları görüb niyəsə bu xanımı quru (hətta bəzən yapışıqsız) hesab edərdim. Bu o zamanlar idi ki, mən uşaqlığımdan hələ yenicə ayrılırdım və bir neçə kərə “Tütək səsi” filminə baxmışdım. Sözü gedən filmdə Şükufə xanımın (təbii ki, o vaxt mən aktrisanın ismindən xəbərsiz idim) Tutu adlı bir obrazı vardı: dilli-dilavər, necə deyərlər, od parçası. Sözünü deməkdən çəkinməyən, dilinə gələni geri qaytarmayan. Görünüş etibarilə fransız xanımlarını xatırladan aktrisayla obrazı arasında bir yaxınlıq, uyğunluq duyurdum. Düşüncələrimdə yanıldığımı universitetdə oxuduğum illərdə hiss etdim. O vaxtlar mən tez-tez Akademik Dram Teatrının binasında Şükufə Yusupova ilə rastlaşırdım. Həm də artıq çox gözəl bildiyim bir həqiqət vardı: komik bayağılığa həddən ziyadə meyl edən müasir cəmiyyətimizin fövqündə duran Azərbaycan teatrında bu tipdə, bu ampluada aktrisanı barmaqsayı tapmaq olar. Səsində yüngülcə xırıltı (həmişə səsi xırıltılı olanlara həsəd aparmışam), tutqunluğa qarışmış həzinlik, çöhrəsi məsumluğun və susqunluğun ortaq qovuşuğu. Hansı Avropa səhnəsini desən özümsəməyə qadir, potensiyasına iddialı. Şükufə xanım hamımıza nəsib olmayan dünyəvi mimik cizgilərin tamamlanması ilə, oyun estetikasının hərtərəfliliyi ilə üstündür bir çox adlı-ödüllü aktrisalarımızdan. Onu da qeyd etmək borcumdur ki, “Tütək səsi” (həmçinin “Xoşbəxtliyin qiyməti”) filmi Şükufə xanımın həyatında müəyyən rol oynayıb. Belə ki, 1975-ci ildə İncəsənət İnstitutunun kino-dram fakültəsini bitirəndən sonra (professor Mehdi Məmmədovun kursu) təyinata Şəkiyə göndərilib. Şükufə xanım bir qədər sonra sözügedən filmin çəkilişi üçün geri qayıtmalı olur və 1976-cı il sentyabrın 1-dən Akademik Milli Dram Teatrına işə götürülür. Baxmayaraq ki, o, əlli beş illik ömrünün düz otuz üç ilini teatra bağlayıb, amma çoxlarının yaddaşında kino aktrisası kimi qalıb.
“Gümüş göl əfsanəsi” filmində Səidə adlı bir xalçaçı qadın obrazı var və onu da Şükufə Yusupova yaradıb. Qadın həqiqi istedadına, əl işlərinin təbiiliyinə rəğmən unudulmuş, uzaq dağ kəndində taleyi ilə baş-başa qalıb. Aktrisanın yozumunda Səidə, doğrudan da həyatdan, diqqətsizlikdən küskün, ona çox sonralar gəlmiş (yəni ki, gecikmiş) dəvətə tamamilə laqeyd, əziyyətlə başa gələn, həmahəng ilmələrin göz qamaşdırdığı sənət əsərlərindən belə təcrid olunmuş bir imicdə. Hardasa, yetəri istedadının müqabilində yüzdə bir tamaşaçının tanıdığı Şükufə Yusupovaya bənzər.
“Qəm pəncərəsində”də oynayıb Şükufə xanım. Yeganə oğlunu erkən yaşında, adi bir səbəbdən itirən ananın obrazını C.Məmmədquluzadənin yaratdığı İzzəti canlandırıb. Eşşəyini itirən Əhmədin xiffətdən tələf olması ananın ağlını başından alır və baisin ünvanına olmazın nifrinlər yağdırır. Burda yenə də təbii, yenə də əvəzolunmaz Şükufə Yusupova sənəti öz sözünü deyir. Başqa bir ana obrazı haqqında da danışmaq mümkündür: “Ümid” filmində aktrisanın həyat bəxş elədiyi ananın balası Qarabağ uğrunda gedən vuruşlarda həlak olub. Ana yavrusunu öz əlləri ilə Şəhidlər Xiyabanında dəfn etsə belə onun ölümünə inanmır. Döyüş bölgələrindən gətirilən hər meyitə, hər yaralıya ümidlə baxır, sağ-salamat yola saldığı oğlunu axtarır.
Teatr səhnəsində bir daha vuruldum sevimli aktrisamıza. 2004-cü ildə yazıçı-dramaturq Elçinin “Qatil” pyesinin premyerasıydı. Teatrşünaslıq ixtisasının bizə verdiyi səlahiyyətdən dolayı kursumuz bütünlüklə tamaşada iştirak edirdi. Pyes son dövr Azərbaycan dramaturgiyasının nailiyyəti sayıla biləcək qədər orijinal və partlayışlı idi. Uzun zaman tənhalığa sirdaş olan, təkliyin acısını dadan müəllimə əvvəllər şagirdi olmuş gənclə rastlaşır. Onlar məktəb illərini çıxmaq şərti ilə, demək olar ki, görüşməmişdilər. Hələ yeniyetmə çağlarından müəlliminə aşiq olduğunu etiraf edən keçmiş şagird tənha qadının illərə tablamış qürurunu sındırmağa müvəffəq olur. Qadınsa bir anlığa özünü dünyanın ən xoşbəxt adamı hesab edir. Taleyin ona hazırladığı ağır sürprizdən xəbərsizcəsinə xəyalən göylərdə uçur. Gənc nə qədər içində gizlənən məkri boğmağa çalışsa da, şeytan ona qalib gəlir. Qalmağa yeri, yaşamağa imkanı olmadığı üçün yeganə vasitə qadının ömrü boyu qazandığı ev-eşiyi, çox da böyük olmayan varidatını ələ keçirməyə çalışır. Çıxış yolunu qadını öldürməkdə görür.
Milli Dram Teatrının səhnəsində onlarla rola imza atıb Şükufə xanım- hamısı da lazımınca, dəyərli. İncəsənət İnstitutunu yenicə bitirdiyi zaman Tofiq Kazımovun dəvəti ilə Dram Teatrına gəldi: “Qılınc və qələm” tamaşasında (M.S.Ordubadi) Rəna surətinə həyat vermək üçün. Sonralar Pırpız Sonanı (“Dəli yığıncağı”, C.Məmmədquluzadə), Həmidə xanımı (“Sizi deyib gəlmişəm”, Anar), Xavəri (“Şeyx Sənan”, H.Cavid), Sədaqəti, Mədinəni (“Büllur sarayda”, “Sevgililərin cəhənnəmdə vüsalı”, İ.Əfəndiyev), Radmilanı (“Biganələr hoteli”, R.İbrahimbəyov), Pollini (“Üç quruşluq opera”, B.Brext, K.Vayl) və adını çəkmək istəmədiyim xeyli sayda obrazı canlandırdı Şükufə Yusupova. Səhnəmizin pafosdan günü bu gün də ayrıla bilməyən çərçivəsindən çıxdığı üçün hərdən anlaşılmayan, hərdən hətta qəbul edilməyən aktrisa bacarığına, Tanrıdan gələn istedad yönümünə heç zaman xilaf çıxmadı. Tamaşaçını əldə saxlamaq üçün təkrar və yorucu replikalardan məharətlə qaçdı. Çevikliyilə, məsum, solğun bənizli görkəmiylə həmişə ciddi, dramatik, mükəmməl və qüsursuz oldu.
Əlli beş illik ömrünün yarıdan çoxunu sənətinə, tamaşaçısına fəda edən Şükufə xanımın yetərincə tanınmamasında bəlkə də biz tamaşaçılar daha çox təqsirkarıq. Dəyərli sənətkarlarımızın bir çoxu məhz informasiya çatışmazlığından tanınmır, lazımi səviyyədə qiymətləndirilmir. Efirlərimizdə ənənəvi bir hal formalaşıb. Müğənni və aktyorlarımızın bir qismi bu kanaldan o kanala, o kanaldan bu kanala (çox vaxt heç qiyafələrini belə dəyişmədən) üz tuturlar. Hansı kanala çevirirsən eyni simalar, təkrar musiqilər. Bu sözü nə qədər ürək ağrısı ilə işlətsəm də, yenə deməliyəm: bəs unudulanları (əslində unudulmağa layiq olmayanları) niyə bir proqrama dəvət edən yoxdur? Ömrə etibarmı var? Xuraman Hacıyeva kimi son dərəcə istedadlı bir xanım kirayələrdə başa vurdu ömrünü. Hamlet Qurbanov təki qüdrətli səhnə adamı xəstəxanalar küncündə, müalicəsi üçün gərəkən vəsaitə möhtac halda dəyişdi dünyasını. Səfurə İbrahimova kimi Azərbayan teatrının və kinosunun möhtəşəm bir aktrisadan xəbər-ətər yoxdur. Yadıma bu məqamda böyük dramaturqumuz Cəfər Cabbarlının “Yaylağa gedir” pyesi düşdü. Oxuyanlar biləcək ki, niyə mən söhbətimin bu yerində o pyesi xatırladım, oxumayanlara isə onu əldə etməyi məsləhət görürəm. Doğrudanmı, istedadlılar ilk növbədə özləri öz qədrini bilməlidir ki, ətrafdakılar da onu qiymətləndirməyi bacarsın? Düzdür, Şükufə xanım da əməkdar artist fəxri adına, dəfələrlə dövlət mükafatlarına layiq görülüb, ancaq kütləvi təbliğatdan çox uzaqda qalıb.
Doğum gününüz mübarək olsun, Şükufə xanım. Sizə cansağlığı, bitməyən rollar qalereyası arzulayıram. Sizi mənim qədər sevənlərin adından təbrik edirəm.
Samirə Səma