Detallardan, fraqmentlərdən danışmaq, prosesə şərh vermək üçün nə qədər qeyri-peşəkar iş olsa da, ələgələn məqamlardan yapışmalı olacağıq. Belə qeyri-konseptual münasibətləri gizləmək üçün teatr barədə ümumi giriş karımıza gəlir.
   …Teatr hər şeydən əvvəl canlı ünsiyyətdir. Teatr mədəniyyətində tamaşa bu ünsiyyətin sakral kulminasiya nöqtəsidir(bunu teatrlarımızın çoxu artıq unudub). Elə məhz texniki imkanların artdığı bir dövrdə canlı ünsiyyətə, paylaşmağa ehtiyac var. Buna görə də özgə ölkələrdə teatrın hörməti birə-iki artıb və teatr ən elitar bir səviyyəyə gəlib çıxıb. Aktyorları yumurta, pomidor və ədəbsiz sözlər atəşinə tutan əcdadlarımızdan sonra nə qədər inkişaf etsək də, indi çoxları üçün teatr dözülməzdir. İlin-günün bu vaxtı teatrın virtual, vizual sənətlərin yanında arxaik görünməsinin bir neçə səbəbi var. Artıq XXI əsrdir. Texnika sürətlə inkişaf edir. Texniki nailiyyətlərin içində yaşayan tamaşaçını köhnə texniki formalarla razı salmaq mümkün deyil. Bu mövsümün (bəlkə də çoxlarına texniki görünə bilər) çox vacib bir cəhəti teatrların təmiri və təchizatı ilə bağlıdır. Bu mövsümdə bir neçə teatr təmir olundu. İslahatlar keçirildi. Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı təmirdən və təchizatdan sonra teatrsevərlərin ixtiyarına verildi ki, bəhanələri kəsilsin. Hətta Yevlaxda teatra yeni bina tikildi. Sonuncunu izah etmək imkanlarım xaricindədir. Odur ki, paytaxt həndəvərindəki teatr həyatımıza bir nəzər yetirək. Mövsümün əsas teatr xəbəri, yəqin ki, Gənc Tamaşaçılar Teatrının təmiri və yenidənqurulması, təchizatı və fəaliyyəti ilə bağlı olacaq. Qeyd edək ki, son islahatlara görə, Gənc Tamaşaçılar Teatrının, Dövlət Gənclər Teatrının və Bakı Kamera Teatrının truppaları birləşdirildi və bura xalq artisti Cənnət Səlimova baş rejissor təyin olundu. İki teatrın bina problemi (Bakı Kamera və Gənclər teatrları), birinin isə çox güman ki, yaradıcı problemi (Gənc Tamaşaçılar Teatrı həll olundu. Bunun yaxşı və yaxud pis olmasını birmənalı şəkildə söyləmək olmur. Hər şeyi gələcək göstərər. Məsələn, məncə, Gənclər Teatrı üçün bu yaxşı oldu. Artıq bu teatr rejissor Hüseynağa Atakişiyevin ölümündən sonra əvvəlki estetik parametrləri ilə bütöv qalmamış, parçalanmışdı. Kinoteatrdakı (teatr bir müddət «Dostluq» kinoteatrında fəaliyyət göstərib) fəaliyət müddətində də yaradıcı proses qırılmış kimi görünürdü. Sanki teatr artıq Gənclər Teatrı olaraq ömrünü başa vurdu və teatrın mart ayında keçirdiyi yubiley tədbirlərindən sonra (20 yaşı ilə əlaqədar Dövlət Gənclər Teatrı ən yaxşı tamaşalarını təqdim etdi) keçmişi ilə vidalaşdı. Deyəsən, mövsümün bir əlamətdar məqamı bu yubiley tamaşaları idi ki, Gənclər Teatrı özünü xatırladı və xatırlatdı. Bu teatr Hüseynağa Atakişiyevin simasında, daha doğrusu, Hüseynağa Atakişiyev bu tetarın simasında cəmiyyətin dibində uyuyanları oyatmaq üçün qəribə bir təmkinlə bu gölmisallı cəmiyyətə daş atırdı. Hər daşın nə qədər az effektli olduğunu, yaratdığı dairələrin sonda yenə də özünə gəlib çatdığını görə-görə. Hüseynağa Atakişiyev sənətinin arxasında böyük hərflərlə ŞƏXSİYYƏT dururdu. Teatr konsepsiyalarını, üslub özəlliyini, yeni estetik meyarlar nizamnaməsini gərəkincə faş etməyə, bəlkə də bu mane oldu…
   …Gənclər Teatrının yubiley tamaşaları islahatlar ərəfəsində sanki bir nostalji oldu.
   Bəlkə Bakı Kamera Teatrı üçün bu islahat ona görə zəruri idi ki, özünü təsdiqləmiş, tamaşaçılarını tapmış, yönünü müəyyən etmiş teatr üçün 18 yaş heç də az deyildi və bu birləşmənin içində əriməmək üçün teatrın potensialı kifayət qədərdir. Həm də Bakı Kamera Teatrı repertuarı ilə öyünə biləcək tək-tük paytaxt teatrlarından idi.
   Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivinin dəyişməsinə və inkişafına Cənnət xanımın ümidi var. Yeri gəlmişkən, qeyd edək ki, Gənc Tamaşaçılar Teatrında tamaşalar yeni mövsümdən başlayacaq.
   Bu mövsümün daha bir əlamətdar məqamı da «Azərbaycan teatrı 2009-2019-cu illərdə» dövlət proqramının təsdiqlənməsi oldu. Sənəd teatrın milli-mədəni sərvət kimi qorunması, inkişaf etdirilməsi və dünya mədəniyyətinə inteqrasiyasını hədəf kimi seçərək bu sahədəki problem və məsələləri əks etdirir. Nəzərdə tutulan tədbirlər planı bu kontekstdə teatr sahəsində böyük irəliləyişlər vəd edir.
   Bu teatr mövsümünün yaddaqalan tamaşaları sırasında Dövlət Pantomima Teatrının gənc aktyor-rejissorlarının işləri də var. Bu tamaşaları («Dejavü», «Adsız», «Çərçivə») gənc aktyorlar hazırlayıb birbaşa tamaşaçılara təqdim etdilər və tamaşanın adını da tamaşaçılar qoydular. Özlüyümdə bu aksiyanı «Adını siz qoyun» adlandırdım. Gənclərin hazırladığı tamaşalar bəlli bir zövqün, təcrübənin və zəif sezilən üslubun təzə nəfəsi idi.
   Rus Dram Teatrı və Dövlət Kukla Teatrı da yeni texnologiyalardan məharətlə yararlanaraq bir neçə tamaşa (məsələn, rej. K.Şahmərdanın tamaşaları) təqdim etdi. Bu tamaşalar teatrın işıq, səs kimi ifadə vasitələri və effektlərindən lazımınca faydalanaraq araya-ərsəyə gətirdi.
   Gürcü teatrının Bakıya gəlişi də xatırlanmağa layiqdir, yalnız və yalnız «Hamlet»in səhnə həlli və bədii formasına görə…
   Bir teatr mövsümü üçün yaddaşda bu qədər qazıntı yetər. Yetər ki, «mövsümün ən əlamətdar cəhəti onun bağlanışı oldu» deməyək…
   
   Aliyə