Bugünlərdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun (Qurbanov) quruluş verdiyi, yeniliklərlə zəngin, Aqşin Babayevin “Xilaskar” tamaşası ilə teatr ictimaiyyətinin diqqətini özünə cəlb etdi. Teatrın truppası ötən əsrin 90-cı illərinin olduqca mürəkkəb tarixi şəraitini, bir əsrdə müstəqilliyimizin ikinci dəfə itirilmək təhlükəsi qarşısında qaldığı özbaşınalıq dövrünü əhatə edən və ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində hadisələrin öz məcrasına dönməsinə həsr edilən epik, sənədli-publisistik tamaşası ilə teatr tariximizdə təcəssümünü az-az reallaşdıran tam stenoqrafiya əsasında bədii cəsarətlə canlandırdı.
   
   Teatrın bu layihəsində ən diqqəti cəlb edən yenilik isə ulu öndərin canlı obrazını dolğunluqla, bədii vüsətlə canlandıra bilməsində idi. Bu, cəsarətlə demək olar ki, milli teatrımızın tarixində yeni səhifədir.
   Stenoqrafiyadan bəhrələnən siyasi publisistika tarixən bəlli olan gerçəkliklər üzərində qurulduğundan, tamaşaçı tərəfindən şərtsiz və güzəştsiz dəqiqlik tələbi ilə qarşılanır. Bu baxımdan bəlli hadisələrin soyuq faktlar kontekstindən çıxarılıb, bədii ümumiləşdirmələr yolu ilə səhnədə təcəssüm etdirilməsi rejissordan mükəmməl və biçimli quruluş tələb edirsə, aktyor truppasından da məharətli oyun tərzi və sənət səmimiyyəti istəyir. Açıq etiraf etməliyəm ki, bu əsər teatrdan çox efir, radio teatrı estetikasına yaxındır. Aktyor ansamblının təbii oyunu sayəsində rejissorun reportaj xarakterli soyuqqanlı efir publisistikasını ehtiras, məslək toqquşmaları, konfiliktlərlə dolu oyun tərzi ilə gerçəkləşdirməsi tamaşanın uğurlu məziyyətlərindən biridir. Teatrın bu əsərə müraciət edib, ədəbi material üzərində səbr və professionallıqla iş aparması, hadisələrin dram janrına uyğun ardıcıllıqla, qırılmaz sujet xətti üzrə düzülüşü bir daha teatrın repertuar seçimində qüsursuz, zərgər dəqiqliyi ilə siyasətini qurmasından xəbər verir.
   Mübaliğəsiz demək lazımdır ki, teatr qarşısına qoyduğu layihəni zövq və səbrlə reallaşdıra bilib. Bunu bir daha siyasi tamaşalara bir o qədər də alışmayan, Azərbaycan tamaşaçılarının “Xilaskar” tamaşasından sonra salonu tərk etmək əvəzinə, hamılıqla səhnəyə, aktyorlara tərəf hərəkət etməsi, uzun müddət yaradıcı heyəti alqışlaması, gül-çiçəyə tutması da təsdiq edir. İstər Bakı tamaşaçıları qarşısında, istərsə də may ayının 24-dən 30-na kimi Azərbaycanın Qərb bölgəsində - Samux, Goranboy, Daşkəsən, Naftalan, Laçın, Ağcabədi, Ağdam, Qazax və Ağstafada olsun, hər yerdə bu tamaşa eyni məhəbbət və maraqla qarşılanmışdır. Teatr qastrol səfərində olduğu hər bölgədə “Xilaskar” tamaşasına görə truppa və baş rolun ifaçısı İftixar Piriyev tamaşaçı məhəbbəti ilə mükafatlandırılaraq rayon icra hakimiyyətlərinin də fəxri fərmanları ilə təltif edilmişdir.
   Tamaşada təcəssüm etdirilən hadisələr xalqın tələbi ilə ulu öndərin Bakıya qayıdışı ilə başlanır. Heydər Əliyev bu gəlişi belə izah edir: “Mənim doğma torpağa qayıtmağım ancaq respublikanın bu ağır, bu çətin dövründə öz vətəndaşlıq borcumu yerinə yetirməyimlə, azadlıq uğrunda mübarizəyə qoşulmağımla bağlıdır”.
   Bu müqəddəs amal uğrunda siyasi hərəkata qoşulan Heydər Əliyev parlamentdə sərt maneələrlə üzləşməli olur. Sədr-xanım ona hələm-hələm çıxış üçün söz vermir, deputatların Heydər Əliyevə sualları olduğunu bəhanə edərək diqqəti problemlərdən yayındırmağa çalışır. Söz veriləndə isə Heydər Əliyev deputatların “reqlament” deyə çığırışmaları, döşəməyə ayaqdöymələri ilə qarşılaşır. Qapalı toplantıda sədr-xanım əlaltı deputatlarını Heydər Əliyevə qarşı onun kimi faktlarla silahlanıb, çıxış etməyi və ondan şikayət məktubları təşkil etmələrini tələb edir.
   Heydər Əliyev heç vaxt fikir müxalifətçiliyinin əleyhinə olmamışdır. Bunu özü də dönə-dönə çıxışlarında qeyd etmişdir: “Kim müxalifətdə durursa-dursun, ancaq vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalif durmasın”.
   Mahir siyasətçi parlamentdə təklənsə də, bu haqsızlıqlara vətən və xalq naminə səbrlə dözür, geri çəkilmir. O görür ki, xalqı düşdüyü uçurumdan xilas etmək üçün öncə onu bu yarıtmaz, şəxsi maraqlarını milli maraqlardan üstün tutan parlamentin və onun üzdəniraq “millət vəkili” libası altında gizlənən siyasi intriqabazlarından, qanunverici orqanı “siyasət bazarı»na çevirənlərin cəngindən azad etmək lazımdır. O, “Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” - deyə, Azərbaycanın hər bir azərbaycanlının taleyinə dönməsinə çalışır.
   Tamaşanın əsəblər gərilən kuliminasiya məqamında, Heydər Əliyev çıxışlarının birində bu yarıtmazlara öz münasibətini belə bildirir: “... Mən hiddətlənirəm ki, bəzi adamlar barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm. 1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim - mən Azərbaycanla, xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün gəlmişəm!”
   Tamaşada Ulu Öndər “kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar” deyəndə parlament binasında cəsusluq şəbəkəsi yaradan, həmkarlarının üzünə gülüb, arxasınca xəlvəti zənglər edib onları “donos”ları ilə ləkələyən saqqal həmzələri (xalq artisti Süleyman Nəcəfov), arxiv sənədlərini şəxsi biznesinə çevirən sədr-köməkçisini (Elnarə Heydərova), pullu deputat, parlament “kəndxudası”nı (Nazir Rüstəmov), intiharı ilə rəyasət heyətini hədələyən hoqqabaz intiharçını (Samir Bayramov), ağsaqqal maskası altında gizlənib, yerlibazlığı müdafiə edənləri (Məhərrəm Rzayev), gənclər adından boğazdan yuxarı danışan qaragüruhçuları (Nurbəniz Niftəliyeva, Pərviz Gülməmmədov), vəzifəsini itirməkdən qorxan sədr-xanımları (xalq artisti Elmira İsmayılova), ikibaşlı siyasət aparanları (Niyaməddin Səfərəliyev) və başqalarını nəzərdə tutur.
   İnsafən qeyd etməliyəm ki, yaratdıqları obrazları xəsis dolğunluqla gülüş və nifrət hədəfinə çevirən adları sadalanan aktyorlar, qarşılarına qoyulan vəzifənin öhdəsindən bacarıqla gəliblər.
   Həqiqət və haqq zəfər çalır. Ulu Öndər məntiqli, inkaredilməz faktlara istinad edərək alovlu çıxışları ilə məfkurələrə, dinlərə, dillərə və siyasi bloklara parçalanmış, parlamentin sağlam qüvvələrini - Ədaləti (Əhliman Ərşadov), ziyalıların ümumiləşmiş obrazı kimi təqdim olunan şairi (əməkdar artist Vaqif Kərimov), sədaqətli silahdaşını (Məhərrəm Musayev) öz ətrafında birləşdirərək məharətlə “Xilaskar” missiyasını həyata keçirir.
   “ Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniyyətlərin təmas və ünsiyyət yeri olmuşdur”.
   Bu fikir tamaşanın rejissoru və rəssamı Oruc İzzətoğlunun (Qurbanov) səhnə yozumunda özünün maraqlı bədii obrazını tapmışdır. Rejissorun tamaşanı epik planda həll edib, bunu dəqiq seçilmiş aktyor ansamblı ilə reallaşdırması tamaşanı daha da canlı və məzmunlu etmişdir. Tamaşada iki teatr məktəbi - hiss-həyəcan və epik teatrın oyun dəsti-xətti bir-birini tamamlayaraq paralel yaşayır. Tamaşa gah salonu həyəcana gətirir, gah da soyuqqanlı izləyici mövqeyi ilə ibrət məqamına çatdırır.
   Belə ki, tamaşaçı salona daxil olarkən milyonlarla insanın foto-banerlərdə çiyin-çiyinə super-pərdə əvəzi onu qarşılaması ilə üzləşir və çox keçmir ki, Üzeyir Hacıbəyovun “Koroğlu” operasının əzəmətli uvertürasının sədaları altında bu “divar-insanlar” hərəkətə gələrək altı hissəyə, parlament bloklarına, fraksiyalara parçalanaraq səhnə boyu bir-birinə zidd, əks istiqamətlərə üz tuturlar.
   Tamaşanın sonunda Heydər Əliyev parlamentin sədri seçildikdən sonra parçalanmış bu insanlar Fikrət Əmirovun “Azərbaycan” kapriççiosunun sədaları altında yenidən hərəkətə gəlib Ulu Öndərin ətrafında sıx birləşirlər. Və teatrın səhnəsində siyasət meydanına yad olan sədr-xanımları, sədr əvəzləyicilərini bu insan-divarlar qabağına qatıb, səhnədən endirərək salonu, parlamenti tərk etməyə məcbur edirlər. Bu səhnə mizanı ilə teatr bir daha vurğulayır - belələrinə nə teatrda yer olmalıdır, nə də siyasət meydanında!
   Beləliklə, rejissorun bu mürəkkəb səhnə kompozisiyası metaforik dillə “Heydər-Xalq” şüarına çevrilir.
   Tamaşanın ən prinsipial və uğurlu cəhəti Rəhbərin obrazının səhnə təcəssümüdür. İstedadlı teatr təşkilatçısı, İrəvan teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyevin on ildən sonra belə bir məsuliyyətli işlə səhnəyə qayıtması əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Aktyorla rejissor bu obrazın səhnə təcəssümündə düzgün və canlı seçim ediblər. Aktyor dahi rəhbərə xaricən tam oxşamasa da, lakin onun səhnəyə ilk gəlişindən diqqəti cəlb edən inamlı yerişi, qətiyyətli nitqi, oxşar səs tembiri və vurğulu ahənglə ifadə etdiyi cümlələr, elə ilk andan tamaşaçıda bu tərəddüdü yox edib onu heyranlıqla izləməyə, Öndərin həyəcanı, amalı, fikirləri ilə yaşamağa cəlb edir. Bugünkü yeni nəsil üçün də ən vacibi tamaşanın bu uğurlu cəhətidir. Ən vacibi aktyorun səhnə davranışı, yaşantıları ilə təsəvvürümüzdə yaranan obrazın vəhdət halıdır. Belə olduqda salonla səhnə arasında teatr sənətinin vacib elementi sayılan “tanınma” da daha tez yaranır və tərəddüdsüz qəbul edilir.
   Bu gün Azərbaycan teatrında təşkilati və iqtisadi sahəni mükəmməl bilən yaradıcı direktorlara da boyük ehtiyac duyulur, truppanı öz ardınca apara bilən, onu yaradıcı enerji ilə fasiləsiz təmin etməyi bacaran “generator” aktyorlara da. İftixar Piriyevin son işi göstərdi ki, o, bu iki sahənin ikisini də bacarıqla teatr praktikasında tətbiq etməkdədir.
   Tamaşada məşğul olan aktyorların rejissor tərəfindən qarşıya qoyulan ali məqsədə doğru vahid ansambl şəklində oyun tərzi aparmaları tamaşanı daha da cazibəli və baxımlı edir.
   Tamaşanın musiqi tərtibatçısı Miranda Qurbanovanın yerli-yerində “Azərbaycan kopriççiosu»ndan istifadə etməsi tamaşaçını hadisələrə cəlb etməklə gah düşündürür, gah da dinamikanı, gərginliyi artırmaqla, aktyorlar tərəfindən dəqiqliklə həyata keçirilən fikir yükünü daha da mənalı edir.
   İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Xilaskar” tamaşası bir daha təsdiq edir ki, müasir teatrın təkcə reallığı dərk etməsi və müşahidəçi qismində bu reallığın ibrətamiz həqiqətlərini əks etdirməsi müasir tamaşaçı üçün kifayət deyildir, teatr eyni zamanda bu həqiqətlərin dərk edilməsi prosesindən öncə özü fərəh duymalı, gerçəklikdə aparılan yeniliklərdən həzz almalıdır ki, tamaşaçılara da bu fərəhi və həzzi yaşada bilsin. Əsl sənət əsəri heyrət və həzz üzərində yarandığından, duyğularımıza ötürülərək xatirələrdə həmişəlik yaşayır. Teatrın şoudan üstünlüyü, mahiyyəti və təkrarolunmazlığı da bundadır. Şou tamaşaçını heyrətləndirsə də, həzz bəxş etmək iqtidarında deyil. Buna görə də onun ömrü birgünlük, teatrın ömrü isə əbədidir.
   Tamaşa Müslüm Maqomayevin “Azərbaycan” musiqisinin gur akkordları altında, aktyor İftixar Piriyevin ifasında Heydər Əliyevin həyat eşqi ilə dolu nikbin sözləri ilə bitir.
   
   Aytən