Şəki teatrının bu mövsümdə yeni tamaşası ərsəyə gəldi - “Pəri Cadu”: Milli dramaturgiyamızın klassikası hesab edilən bu əsərin Azərbaycan teatrında quruluş tarixi maraqlı və əlamətdardır. Səhnəmizin neçə-neçə qüdrətli sənətkarı bu əsərdəki surətlərin ifası ilə tanınmış, sevilmişdir. Ayrı-ayrı kollektivlər, ayrı-ayrı yozumlar və ifalar baxımından “Pəri Cadu” əsəri, həm öz həmişəyaşarlığını sübut edir, həm də sənət ucalığına can atanları öz cazibə dairəsinə çəkir. Bu baxımdan Şəki teatrının təqdim etdiyi “Pəri cadu” tamaşası hələlik sonuncudur.
   
   Tamaşa salonuna daxil olar-olmaz diqqəti çəkən tərtibat (quruluşçu rəssam Qüdrət Məmmədov) yetərincə sadə olsa da, gələcək oyunun meydanı kimi maraq oyadır. Burada şirma kimi verilən dekorasiya daxilində müxtəlif məkanların yaradılması üçün əlverişli şərait var. Həmin şirmanın üstündə səhnənin texniki qurğuları vasitəsilə asılmış müxtəlif ağac budaqları, sağ və sol tərəfdə isə ayrı-ayrı məkanların təsvirini təmin edəcək elementlər verilmişdir.
   Şəki teatrının mühəndis-texniki imkanlarını nəzərə almalı olsaq, quruluşçu rəssamın rejissor tərəfindən nəzərdə tutulan ideya-bədii konsepsiyanın estetik realizəsi baxımdan ən uyarlı bədii tərtibat həlli tapması təqdir edilməlidir.
   Bəllidir ki, Ə.Haqverdiyev əsərin fabulasını realist mündəricə ilə mənalandırsa da, ədəbi-bədii təqdimatda mistikaya yaxın nağılvari elementlərdən təkanverici vasitə kimi istifadə etmişdir.
   Tanış dramaturji ədəbiyyatlardan analogiyalar barədə düşünsək, Şekspirin bəzi pyesləri yada düşür.Yeri gəlmişkən, ədəbi materialın pritça mahiyyətli mündəricəsi tamaşada da saxlanılmış, amma hadisələrin dramatik axarının bədii istiqamətinin məntiqi yükü teatr vasitələri ilə gücləndirilmişdir.
   Müəllifə görə, “nəfsi-əmmarə”nin əsiri olmağın faciəsini Şəki teatrı özünəməxsus məzmun qatları müəyyənləşdirməklə, sanki onu sadəlövhlükdən uzaqlaşdırmağa cəhd etmişdir. Belə ki, müəllif əsərinin qəhrəmanını Qurban adlandırmaqla, onun xarakterini və əməllərinin bəhrəsi kimi sonluğunu vurğulamışdır. Teatra görə, burada təkcə əsərin əsas qəhrəmanı deyil, onunla bu və ya digər dərəcədə əlaqəli olan başqa surətlər də qurbandır. Onların aqibətinin motivlərində fərqlər olsa da, mahiyyətcə eynidirlər. Amma maraqlı və diqqət çəkən bu deyil.Teatr tamaşanın janrını ədəbi materialdakından fərqli olaraq, mistik komediya kimi müəyyən etmiş və oyunun qaydalarını məhz bu sayaq şərtləndirmişdir.
   Söz yox, əsərdə mistik elementlər, o cümlədən bayaq qeyd etdiyimiz kimi mücərrəd, mistik obrazlar var, amma nə üçün rejissor tamaşanın janrını komediya kimi müəyyən etmişdir? Yəni O, bu əsərdə ənənəvi komediya janrına uyğun nə görmüşdür? Bəlkə teatr öz tamaşaçısını, onun estetik tələbini ödəmək üçün bu yolu seçmişdir. Axı Şəki başdan-binadan nəhəng gülüş mətbəxidir. Burada gülüş yaxşı hazırlanır, dadlı alınır.
   Yəqin ki, nə üçünlərin və bəlkələrin mənasız cavab axtarışlarını yox, nəticəni labüdləşdirən məqamları nəzərdən keçirməyimiz daha faydalı olar.
   Beləliklə, teatr mistik komediya təqdim edir. Olsun. Görək, o, müəyyən etdiyi bu janrın bədii oyun prinsiplərini, ifadə biçimlərini necə realizə edir?
   Bu başdan onu deyək ki, teatrın müəllif istəyinə qarşı öz niyyətini qoyması onun müstəqil yaradıcı iradəsini göstərməklə bərabər, tamaşaçı üçün də tanış ədəbi əsəri aktyor oyununun ifadə vasitələri sayəsində yeni baxış bucağında dəyərləndirmək imkanı yaradır.
   Elə ilk səhnələrdən, aşkar bəlli olur ki, rejissor müəllifə sayğısını ədəbi materialın estetik maddiləşməsi ilə deyil, onun gizli və sirli bədii ləyaqətlərini fərqli dünyagörüşlə əyaniləşdirmək yolu ilə göstərməyə cəhd etmişdir. Bu zaman onun qarşısında duran NƏ?, NİYƏ? NECƏ? sualları yaradıcı fəhmin cəsarətli tətbiqi ilə cavablandırılmışdır.
   Ə.Haqverdiyevin çoxsaylı pyesləri içərisində ikisi - “Ağa Məhəmməd şah Qaçar”və “Pəri Cadu” digərlərindən əsaslı şəkildə seçilir. Elə bil bu pyesləri yaradanda müəllif ilahi bir enerji ilə öz yaradıcılığının fövqünə qalxmışdır. Belə ki, “Ağac kölgəsində”, “Köhnə Dudman”, “Sağsağan”, “Yoldaş Koroğlu”əsərləri ilə müqayisə edilməz dərəcədə bitkin kompozisiya, dürüst dramaturji struktur, psixoloji və ədəbi məntiqə söykənən xarakterlər, bədii üslub və dil səlisliyi, konflikt qurma ustalığı və s. sənətkarlıq xüsusiyyətləri onun yuxarıda qeyd etdiyimiz iki əsərində daha mükəmməldir. Bu baxımdan “Pəri Cadu”nun dramaturji strukturu Avropa dramaturgiyasının bir sıra dəyərli nümunələri ilə müqayisə edilə bilər. Digər tərəfdən, “Pəri Cadu”da milli dramaturgiyamızın da təsiri, hətta bəzi surətlərin tanış bənzərlərini də tapmaq olar. Amma bununla bərabər, “Pəri Cadu”nun Ə.Haqverdiyev tərəfindən müəyyən edilmiş dramaturji keyfiyyətləri yetərincə tutumludur. Yəni pyesi faciə kimi qələmə alan müəllif burada insanın nəfsinin onu fəlakətlərə sürüklədiyi, xüsusən qarşısıalınmaz iddialı istəklərinin faciəli sonluğa apara biləcəyi barədə sanki xəbərdarlıq edir. O, Qurbanın şəxsində istəklərini əldə etmək yolunda qatilə çevrilən zavallının aqibətini önə çəkir, fəciəvi situasiyanı yaradan səbəbləri ədəbi-bədii üsullarla aşkarlayır. Bu zaman müəllif zəhmət çəkmədən göz qamaşdıran uğur qazanmağın yalnız tilsimlə, caduyla, sehrlə mümkünlüyünü xatırladır, sehrin, cadunun qüdrəti ilə gələn səadətin isə əslində ilğım, dəhşətli bəla olduğunu anlatmağa çalışır.
   Pyesdə üç qadının - Səlimənin, Hafizənin və Pərinin əhatəsində olan Qurban, müəllifə görə, sadə, amma halal səadətini çılğın istəklərinin ayaqları altına atır, bu zaman həmin istəklərin gətirdiyi bəlanın qurbanına çevrilir.
   Teatr bəzi məqamlarda müəlliflə eyni ahəngdə addımlayır. Yəni o da Qurbanı üç qadının yaratdığı virtual üçbucağın mərkəzində yerləşdirilir. Burada da mistik obrazlardan - İblisdən, Şamama Cadudan, əcinnələrdən və sairdən istifadə ilə ədəbi mətnə əsasən riayət edilir. Amma tamaşanın konseptual yozumu və plastik həlli tamamilə başqa cürdür.
   Yuxarıda qeyd etdiyimiz kimi teatr mistik komediya göstərir.Yəni burada bəlli ədəbi material əsasında müstəqil yozumla səhnə əsəri - tamaşa yaranır və təbii olaraq, onun janrı yaradıcı heyətin estetik niyyətinə müvafiq olaraq müəyyənləşməli idi. Əslində müəllif əsəri faciə adlandırsa da, burada melodramatik ovqat çox güclüdür. Hətta “Vəfalı Səriyyə, yaxud Göz yaşları içərisində qəhqəhələr”, “Solğun çiçəklər” pyeslərində olduğundan neçə qat artıqdır. Burasını da qeyd edək ki, “Pəri Cadu” pyesində müəllifin janr olaraq təqdim etdiyi faciə, formal ədəbi göstəricilərdə özünü büruzə versə də, problemin məzmun qatı və hadisələrin dramaturji xətti, həmçinin faciəni yaradan motivlər, müəllif tərəfindən istər mənəvi- psixoloji, istər ədəbi-bədii baxımdan yetərincə əsaslandırılmayıb.
   Mətləbdən uzaqlaşmadan teatrın tamaşa üzərindəki işlərinə diqqət yetirək. Sevgilisinin onu atıb, başqası ilə evləndiyinə, başqa sözlə, xəyanətinə görə əzab çəkən Pəri intiqam hissi ilə yaşayır. Dünya görmüş Dərviş onun əzablarının səbəbini öyrənəndən sonra səbr etməyi tövsiyə edir. Amma Dərvişin tövsiyələri Pərini nəinki ovutmur, əksinə, qəzəbini alovlandırır, içindəki acıları daha da göynədir. Və O, “Cəmi kişi cinsindən” hayıf çıxmaq üçün bütün qara qüvvələri köməyə çağırır. İblis (müəllifdəki kimi peyda olmur) eksentrik yerişlə gəlir. Yeri gəlmişkən, burada teatrın təcrübəli aktyorlarından olan Xanlar Həşimzadənin hər iki obrazda (aktyor həmin tamaşada Əmrah rolunu da ifa edir) uğurlu ifasını qeyd etmək lazımdır. Onun ifasındakı İblis pirotexnik vasitənin köməyilə, yəni od, tüstü içindən deyil, aramla, kiçik addımlarla pilləkənləri qalxıb, səhnəyə daxil olur. X.Həşimzadənin təqdim etdiyi İblis bəlli mücərrədlikdən fərqlidir. O, adidir, tanış gələn əlamətlərə malikdir. Aktyorun oynadığı obrazın plastik rəsmi ilə verdiyi estetik informasiya qane edir. Bu zaman O, impulsiv jestləri ilə qorxunc bir məxluqu deyil, süjetin sonrakı hadisələri üçün gərəkli olan, konkret funksiyasını yerinə yetirən personajın işini görür. Bununla bərabər, X.Həşimzadənin yaradıclığı üçün epizodik olsa belə, bu obrazı əlamətdar hesab edirik. Həmin tamaşadakı Əmrah rolunda isə aktyoru tanış ampluada seyr edirik. O, səhnədə çevikdir, məzəlidir, oynadığı obrazın xarakterik cizgilərini, əməl xəttini dürüst bədii biçimlər, təsirli vurğularla işarələndirməyi bacarır.
   Amma tamaşadakı səhnəyə ilk gəlişində o, İblis kimi gəlir. Pərinin intiqam arzusunu öyrənincə sevinir. Ruhuna hakim kəsilməklə, öz üzüyünü Pərinin barmağına taxır. Sövdələşmə baş tutur, ona Pəri Cadu adını verir və Şamama Cadunu Pəriyə xidmətçi təyin edib gedir.
   Rejissor M.Səlimli müəllifin faciə qəhrəmanı kimi təqdim etdiyi Qurbanın düşüncələrini və əməllərini əsassız və gülünc hesab edir. Belə ki, odunçu olan Qurban heç bir iş görmədən, yəni zəhmət çəkmədən, mövcud vəziyyətini dürüst qiymətləndirmədən “gözəl arvad, gözəl güzəran” deyə xam xəyallarla xumarlanır. Bu zaman o, heç nə görmür, heç kəsi eşitmir.
   Hafizə xanım da belədir. Hər şeyə-mülkə, var dövlətə malik olan, yaraşıqlı cavan, harunlamış Hafizə xanım kişi həsrətindədir. O, sağlam, yaraşıqlı, sözə baxan kişi axtarır, Şamama Cadunun vasitəsilə Qurbanı tapır. İndi onun dəlisov ehtiraslarını təmin edəcək adam var. Amma...
   Bunların hər birinə heyvani ehtiyaclarını ödəmək arzusu hakimdir. Nəcib əməllərə, duyğusal mətləblərə onların həyat lüğətində yer yoxdur. Onlar acdırsa, qəzəblidirlər, təmin olunmuşlarsa, yaşamaq ləzzətli məşğuliyyətdir onlar üçün. Əsl heyvan psixologiyası ilə dolanan (yaşayan yox) bu məxluqlar L.Tolstoyun təbirincə desək, gülünc olmasaydılar, iyrənc olardılar. Odur ki, rejissor onların cılızlığına gülür. Bu məxluqların arzusu da gülüncdür, əməlləri də, xoşbəxtlikləri də gülüncdür, qisasları da.
   Beləliklə, Pərinin və bəlli olduğu kimi Qurbanın, Səlimənin, Hafizənin, bütövlükdə, sonrakı hadisələrin hərəkət sükanı Şamama Cadunun əlinə keçir. İlk baxışda əmrlərin, göstərişlərin sadəcə icraçısı kimi görünən Şamama Cadu, əslində hadisələrin nizamlayıcısına, insan talelərinin hakiminə çevrilir, onlarla dəcəl uşaq oyuncaqlarla oynadığı kimi oynayır.
   Rejissor konsepsiyasının aparıcı siması kimi Şamama Cadunu seçməkdə haqlı iş görmüşdür. Bu zaman onun etibar etdiyi aktyor Əbülfət Salahovu uğurlu seçim hesab etmək olar. Bu aktyorun təqdim etdiyi Şamama Cadu ağasına sədaqətlidir, öz işinin məharətli ustasıdır. Şamama Cadu obrazının aktyor ifasındakı plastik həlli bu və ya digər vəziyyətlərdəki əməl xətti, uğurlu xarakterik boyaları yerli yerindədir. O, tamaşaçını bezdirmir, hər gəliş, hər səhnə üçün yeni motivlər, yeni oyun vasitələri tapır, tərəf müqabilləri ilə ünsiyyətdə təklif edilmiş şəraitə uyğun ifadə tərzi nümayiş etdirir. Odur ki, Qurban-Şamama Cadu, Hafizə- Şamama Cadu, Pəri-Şamama Cadu, Təlxək Əcinnə -Şamama Cadu duetlərində fərqli bədii məqsədlərə müvafiq oyunu diqqət çəkən aktyor tamaşanın poetika göstəricilərində xüsusi yeri olan ifaçılıq çalarlarına zənginlik gətirir.
   Maraqlıdır ki, əsərin baş qəhrəmanı sayılan Pəri surətinin tamaşadakı bədii-estetik yükü, yetərincə görünmür. Bəlkə elə bu səbəbdəndir ki, bu surətin ifaçısı Yasəmən Malikin səhnədəki özünüifadə imkanları kəsirdə qalır. Doğrudur, ədəbi materialdan irəli gələn məhdudiyyət öz işini görür, amma aktrisanın özünün də ifasında müşahidə edilən rəng kasadlığı, yeknəsəklik, təqdimat monotonluğu bu surətin təsirli səhnə təcəssümünə xələl gətirir. Aktrisa diksiyasına, mizanların ifadəli rəsminə, təqdim etdiyi surətin xarakterindəki xüsusiyyətlərin açılmasına daha diqqətli olmalıdır. Yəni Pəri surətinin ilk görünüşündən başlamış, tamaşanın sonuna qədər keçdiyi estetik təkamül müəllif tərəfindən günbəgün qeyd edilməsə də, ifaçı tərəfindən öyrənilməli idi. Belə olsaydı, tamaşaçıların ekspozisiyada gördüyü Pəri ilə son gəlişdə gördüyü Pəri arasındakı fərqlər, təkcə geyim və əda ilə deyil, mahiyyət dəyişməsi şəklində aydın seçilərdi.
   Buna bənzər fikirləri Hafizə xanım surətinin ifaçısı haqqında da söyləmək olar. Aktrisa Sima Şabanovanın ifasında verilən bu surət varlıdır, cavandır, yaraşıqlıdır, hökmlüdür. Aktrisa öz qəhrəmanını məhz bu cür təqdim edir. Amma o, həmin xüsusiyyətlərin zahiri tərəflərinə daha çox aludədir. Halbuki bu surətin daxilindəki təlatümlü ehtiraslar, qadınlıq müəmması, fərqlənmək iddiaları daha zərif, daha məzmunlu, təsirli və əlvan oyun üslubu tələb edir. Surətin yuxarıda qeyd etdiyimiz keyfiyyətlərinin zahiri görüntüləri ilə uğur qazanmaq çətindir.
   Tamaşada oyun payı az olan başqa bir qadın surəti kimi Səliməni göstərmək olar. Aktrisa Lalə Səlimova bu surəti köməksiz, zavallı qadın cildində təqdim edir. Amma bu surət barədə müəllifdən gələn bioqrafik xüsusiyyətləri rejissor məharətlə istifadə edir, Səliməni bütün tamaşa boyu diqqətdə saxlayır. Surətin bədii ləyaqətləri, özünüifadə imkanı az olsa da, ifaçı həmin imkanın tam realizə edilməsinə nail olur.
   Səlimədən bir qədər fərqli olaraq Sayad xaraktercə oynaq, çoxbilmişdir. Surətin səhnə təqdimində ifaçı aktrisa İnqa Şabanova rejissorun göstərişlərinə dürüst riayət etməklə maraqlı təsir bağışlayır. Hafizə xanımın qulluqçusu olan Sayadın həmin evin nökəri Əmrahla səhnəsində İnqa Şabanova tərəf müqabili Xanlar Həşimzadə ilə ahəngdar duet kimi, təkcə şuxluqla deyil, bütövlükdə tamaşanın məzmun qatını zənginləşdirməklə yadda qalırlar.
   Nəhayət, hadisələrin lap qaynar xəttində olan Qurban surətinə növbə yetişdi. Bir neçə söz də onun və həmin surəti tamaşaçıya çatdıran ifaçı barədə söyləməyin vaxtıdır.
   
   (Ardı gələn sayımızda)
   
   İsrafil İsrafilov,
   Sənətşünaslıq doktoru, professor