Və ya teatral Gəncə
   
   Yəqin ki, həftənin Azərbaycan mədəniyyəti üçün əlamətdar və hadisə sayılacaq tədbiri Yeni Teatr Respublika Festivalıdır. Azərbaycan tetarı «2009-2019-cu illərdə» Dövlət proqramının 2.13 bəndinə əsasən iyunun 23-dən 28-dək keçirilən Yeni Teatr Respublika Festivalında paytaxt və bölgələrdə fəaliyyət göstərən 14 teatr qatıldı. Bəlkə də festivalın ilk, ümid edirik ki, yeganə olmayan əlamətdarlığı da onun Gəncədə keçirilməsidir. Ölkənin bütün teatrları Gəncəyə yığışıb, festivalda öz tamaşalarını göstərir. Tədbirdə teatrşünaslar, dramaturqlar və mətbuat işçiləri də iştirak edir.
      
   «Çətin məsələ»
   

   Əlbəttə, festival keçirmək çətin məsələdir. Bunun təşkilati tərəflərindən tutmuş bədii tərəflərinədək hər şey tədbirin, yəni sənət bayramının pozulmamasına, təmtəraqlı ovqat yaratmasına yönəlir. Biz bir növ festivalın qonaqlarıyıq. Amma bəndənizin festival təşkilində iştirak etmək kimi kiçik bir təcrübəsi var. Ona görə də Yeni teatr festivalının açılış günündə Gəncədə ilk baxdığım kukla tamaşasının adı («Çətin məsələ») festival həngaməsinin bütün irili-xırdalı detallarını yada saldı. «Çətin məsələ» Gəncə Dövlət Kukla Teatrının tamaşasıdır. Gəncədəki maraqlı binalardan birində - keçmişdə Lüteran kilsəsi olmuş binada yerləşən kukla teatrına yığışan balacalar öz çoxluğu, sevimliliyi, bir sözlə, balacalığı ilə ayrıca bir festival idi. Böyüklərin qatılmaq istədiyi festival. Tamaşanın quruluşçu rejissoru Xudayat Əsgərovdur. «Çətin məsələ» qurdla quzunun əbədi konflikti üzərində qurulmuş tamaşadı. Qurd quzunu yeməyə gəlib, quzu da qurda məsələ həlli kimi çətin bir şərt qoyur. Zəmanə qurdlarının ən zəvzəyi və ən istedadsızı bu nağıldakı qurddur. Amma bu qurdun həm də kütlüyü hesabına süjet uzanır. Quzu gözəlliyi, qurd isə şüşə gözlərinin parıltısı ilə yadda qalır.
   Yada salmaq arzuolunmaz olan «Duel» adlı vaxt təhqirini (Qazax Dövlət Dram Teatrı) ona görə xatırladırıq ki, festvalın dözülməz məqamlarını da sizlə bölüşək. Artıq «teatrların maddi texniki problemləri» ağlabatan görünmür. Bunlar olsa-olsa yavaş-yavaş kəsilən bəhanələrdir və bu gün teatrımızın ciddi problemi varsa yoxsa, yaradıcılıq problemidir. Belə tamaşadan sonra açılışa qatılmaq böyük nikbinlik və teatra bir anbar sevgi istər. O da Gəncə sakinlərində. Zəif, əla demədən bütün tamaşalar anşlaqla keçir. Elə açılış mərasimi də.
   
   Açılış
   

   Keçmiş Lüteran kilsəsində yerləşən Gəncə Dövlət Kukla Teatrı ilə Gəncə Dövlət Dram Teatrının arasından Gəncə çayı axır. Bəlkə də bu çayın yanından laqeyd keçməklə festivalın ən canlı tamaşasını qaçırmış oluruq. Gəncə Dövlət Dram Teatrının binasında baş tutan açılış bayram təntənəsi yaratmaq niyyətindəydi. Amma əslində bayram çoxdan başlayıb. Sevimli aktyorlarının - Amalya Pənahovanın, Yaşar Nurinin gəlişi gəncəlilər üçün əsl bayramdı. Canlı orkestrin ifa etdiyi musiqidən, milli rəqslərdən sonra rəsmi hissə başladı. «Festivalın sahibi» qismində (Yeni Teatr Respublika Festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir) mədəniyyət və turizm nazirinin müavini Ədaət Vəliyev çıxış etdi. O, öz çıxışında festivalın ölkənin ikinci böyük şəhəri və qədim mədəniyyət mərkəzi olan Gəncədə keçirilməsinin əhəmiyyətini vurğuladı. Ölkədəki mədəniyyət obyektlərinin, teatrların təmir-təchizat məsələləri barədə Gəncə sakinlərinə məlumat-hesabat verdi. Nazir müavini festivalın sonrakı illərdə beynəlxalq statusda keçirilməsinin nəzərdə tutulduğunu söylədi. Həmçinin açılışda Azərpaşa Nemət, Yaşar Nuri və Ələddin Abbasov çıxış etdilər. Mərasimdə tamaşalardan parçalar da göstərildi.
   
   Əbədi «Həvva kompleksi»
   

   Həvva Gəncə Dövlət Dram Teatrının «Varlı qadın» (Əli Əmirli, rej. Bəhram Osmanov) tamaşasının qəhrəmanıdır. Həvva kompleksisə psixoanaliz elminə indicə yamadığım qeyri-elmi və qondarma bir termindir. Dramaturji materialın keyfiyyəti, rejissorun mətnin imkan verdiyi incə nüansları duyması aktyorların istedadına meydan verdi, tamaşa temportmini qorudu. Pulun həyatda önəmi böyükdür. Bunu əsərin hər parçası söyləyir. Son dərəcə kasıb həyat sürən elmi işçinin arvadı axsaq, deyingən, oğlu meşşandır. Özü isə çox güman ki, bivec bir elmi iş yazır. Evdə maddi vəziyyət dözülməz həddədir. Ər-arvad dalaşmaları bu ailə münasibətlərindəki səthiliyi üzə çıxarır. Reallıq reallıqdır, yalnız seyr edənlər üçün tamaşadır. Bir-birinə ikrahlarını bildirəndən, nə qədər dəyərsiz olduqlarını isbat edəndən sonra qadına böyük miqdarda miras qaldığı bəlli olur. Amma bunun üçün o, öz qohumlarından birinə ərə getməlidi. Qadın pul xatirinə hər şeyə hazırdı. Gəlin paltarı geyinib göstəbəyə oxşar birilə nikaha girməyə yalnızca balaca bir tərəddüdü var. Amma elə bu zaman süjetin dramaturgiyada peripetiya deyilən bir məqamı başlayır; yəni tanınma baş verir. Sən demə, elə qadının -Yeva Zərrinskayanın əri onun qohumudur. İndi qadın yenidən keçmiş ərinə bir də ərə getməlidi. Ər - Sarı Göyüşov bütün alçalmalardan sonra Həvvanı qəbul etmək istəmir. Amma onu susdururlar. Reallıq dəhşətli bir şeydir. Pul bu reallığın hakimi-mütləqidir. Ləyaqətini ucuzlaşdıranlara etiraz etmək istəyən kişini susdura bilir- onun ağzını bağlayıb evləndirirlər - «happy end». Tamaşaçılar razı qalır, ailə dağılmadı, pul problemi də həlll olundu. Hətta bir tamaşaçı zaldan səhnəyə -Həvvanın ərinə məsləhət də verdi- «Sən canın başını burax, evlən getsin». Milli komediyalarımızın uğurlu nümunələrinin sonu toyla bitir. Bunların arasına «Varlı qadın» da qatıldı.
   
   Yenə də pul...
   

   «Pul düşkünü Hacı Fərəc» Mingəçevir Dövlət Dram Teatrının tamaşasıdı. Nəcəf bəy Vəzirovun sözügedən əsərinə rejissor Zülfüqar Abbasov quruluş verib. Tamaşa pafosu və ağır temporitmi ilə yadda qaldı. Teatrşünasların nəsə gözlədikləri vaxtilə teatr ənənələri ilə şöhrət tapmış Şəki Dövlət Dram Teatrı idi. Teatrın dünya klassikasına müraciət etməsi bu marağı birə beş artırırdı. Molyerin «Xəsis» komediyasına Mirbala Səlimli quruluş verib. Dekorasiyasına, geyimlərinə görə ilk səhnələrdən marağı əlinə alsa da tamaşaçı darıxmaya bilmədi. Ay işığının altında çox poetik görünən ağac. Xəsis Qarpaqon pullarını gizləməyə gəlir. Amma elə bu səhnələrdən sonra tamaşa əhvalatı deməyə yönəlir. Bütün qəhrəmanlar, o cümlədən qarpaqonun özü də onun xəsisliyini nümayişkarcasına göstərməyə yönəlir. Kostyumlar gözəldir. Amma yenə də vaxtın necə keçdiyini saniyəbəsaniyə hiss edirsən. Tamaşanın bitməyini gözləyirsən və o maraqlı an yetişir. Tamaşanın final səhnəsi təmsil illüstrasiyalarına xas uğurlu bir görüntü ilə bitir. Qarpaqon pul dolu mücrünün üstündə oturub. Ortada tək ağac. Ay işığı. Onun üzü tamaşaçılaradır. Mücrüsünü altında gizlədib qoruyar kimi kəsik kəsik hürür...
   
   «Yar»
   

   Allah qoysa bizim yardan bol ədəbiyyatımızda yarıda bilən bir neçə şairimiz var. Füzuli bu şairlərin taxtında oturub. Yuğ Teatrının rejissoru Günay Səttarovanın «Yar» tamaşası teatrın ötən il keçirdiyi «Mən Məhəmməd Füzuli...» silsiləsindəndir. Gəncənin Zərrabi Poeziya Evinin yaraşıqlı binasına yığışan tamaşaçılar kəmhövsələ olmadılar. Açıq havada oynanılacaq tamaşanı lap hava qaralanadək intizarla gözlədilər. Gözləməyə dəyərdi. Aktrisa Gülzar Qurbanovanın uşaqcasına səmimi, qadın kimi gözəl və məlahətli, aktrisa kimi ifadəli üzünü görmək elə-belə məsələ deyil. Elə Füzuli özü də yar hicrindən qan-yaş dolu qəzəllərini elə-belə yazmayıb. Gülzar xanım yar deyə yuxarı işarə vurur. Fərhad İsrafilov isə milli yumor altında gizlənən intuitiv dərk olunan faciəni göstərir. Ömründəki boşluğu - heçliyi sadə kəlmələrlə sanki sözarası deyir. Dörd dirək arasındakı məkan könüllü və ödənişli edam mərkəzidir. Bu iki nəfər - kişi (Fərhad İsrafilov) və qadın (Gülzar Qurbanova) intihara hazırlaşır. Amma nəsə onları ləngidir, bir gözlənti var. Məgər hamımız bir nəfəri o tək adamı (Qodonu) gözləmirikmi? Kütləvi şəkildə bu, gah Mehdi Sahibəzzəmandı ya da ağ geyimli xilaskar. Fərdi şəkildə o bir nəfər kimdisə biz onun axtarışında, gözləntisində, intizarındayıq. O, yardır. Biz yarıyıq. Bütövlənmək arzusu ilə yaşayırıq. Bilsək də, bilməsək də. İntihar cəhdi də bu gözləntidən bezginlikdir hardasa. Kişinin də, qadının da intihar cəhdi alınmır. Amma onlar bədənlə, canla vidalaşmaq anında nəyisə dərk etmək məqamına çatırlar. Yaşamaq gözəlləşir. Öz əvəzlərinə yerdə qalan salaq bir bədəni, vücudu - kuklanı asırlar. Qarışıq musiqilərlə başlayan tamaşa ruhsal və həyatsevər bir melodiya ilə bitir.
   
   Günəbaxan tarlası və ziyarət
   

   Pirlərə, ocaqlara gedənlərə yarıkönül, etinasız və kor-koranə, küt, ləng bir həyəcanla qoşuluram. Hərçənd İmamzadəni ziyarət etməyi təklif edəndə birinci razılıq verən mən oldum. Əvvəlinci babı kimi dəstəmizə qoşulub (bu dəstəyə teatrşünaslarımız Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirli, Yaşar Nuri və nazirliyin əməkdaşdarı Vəfa xanım, Naidə xanım, binaların tarixçələrini xüsusi həvəslə, ətraflı danışan Mina xanım daxildir) üz tutduq İmamzadəyə. Əlbəttə, bizi dilənçilər qarşılayıb yola saldı - o dünyanı yada salmaq üçün İmamzada universal obyektdir onlara görə. Ziyarətin poetik tərəfi başıma bağladığım sarılı narıncılı əlvan bir yaylıq və göyərçinlərə dən səpməyim oldu. Axınla gələn adamların arasında dolaşa-dolaşa oranı tərk etdik.
   Böyük Azərbaycan şairi Şeyx Nizaminin məqbərəsini ziyarət etməksə yekdilliklə qət olundu ki, festival səfərinin ən işıqlı tərəfidir. Canlı tamaşalar yoxdusa da, cansız daşlar enerji ötürür. Məqbərənin memarlıq üslubu ötürdüyü enerjiyə uyğundur. Heyət səfərdən aldığı həzz və razılıqla, həyətdən dərdiyi şaftalılarla birbaşa teatra istiqamət götürür. Aydın müəllim (Talıbzadə) xüsusilə məmnundur və «şeyx», «şıx» və «aşıq» sözlərinin işıq sözündən, bununsa atəşpərəstlikdən qaynaqlandığından danışır.
   Yoldasa günün ən gözəl mənzərəsi açılır - gözəl günəbaxan tarlaları öz nəhayətsizliyi ilə...
   
   Aliyə,
   Gəncə