Sənətdə belə bir yanaşma da var: “sənət sənətkar üçündür”. Bu yanaşmanın birtərəfliyini nəzərə almasaq, ümumən sənət meyarları baxımından dəyərlidir. Bu gün gənc aktyorlar arasında sənətə yüksək meyarlardan yanaşanlar da az deyildir. Hazırda Gənc Tamaşaçılar Teatrında gələcəyin parlaq aktyorları sırasına daxil ola biləcək gənclər fəaliyyət göstərirlər. Teatrda xüsusi oyun plastikası ilə seçilən istedadlı gənclərdən biri Elnur Kərimovdur.    
   
   Elnur Umbay oğlu Kərimov 1981-ci il sentyabr ayının 11-də Bakı şəhərində dünyaya göz açıb. İncəsənət Gimnaziyasında aktyorluq təhsili aldıqdan sonra 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. O, universitetdə Gülşad xanım Baxşıyevadan teatr sənətinin, Ənvər Vəliyevdən səhnə danışığının və Ənvər Əblucun kino incəliklərini öyrənmişdir.
    2000-ci ildə Gənc Tamaşaçılar Teatrında təcrübə keçən Elnur elə həmin vaxtdan sənət ocağında aktyorluq fəaliyyətinə başlayır. 2001-ci il fevral ayının 14-də “Qarışqa şıllaq atdı” tamaşasında Elbənd rolunda uğur qazanaraq, teatrın kollektivinə qəbul edilir.
   Aktyor teatrda bir çox tamaşalarda həm epizodik, həm də baş rollarda çıxış etmişdir. Onun teatrda oynadığı rollar silsiləsinə Xeyir (“Xeyir və Şər”), Ərköyün qaz balası (“Ana qaz”), Məmməd (“Cənnətin üç alması”), Tülkü (“Tıq-tıq, tuk-tuk”), Əlibala (“Əlibala və qırx quldur”), Mirzədadaş (“Dələduz”) və s. obrazlar daxildir.
   Aktyor ilk dəfə İsi Məlikzadənin əsəri əsasında hazırlanmış “Küçələrə su səpmişəm” filmində Bəhmən rolunda çıxış edir. 2007-ci ildə isə aktyor Oqtay Mirqasımovun quruluşu əsasında “Günaydın, mələyim” filmində Rəhman obrazını canlandırır.
   Gənc aktyor teatrın bugünkü vəziyyətindən narazı olduğunu qeyd edərək, teatrın hazırda istedadlı rejissora, güclü və müasir tamaşalara böyük ehtiyac duyduğunu bildirdi. “Rejissor həm də pedaqoq olmalı, aktyoru düzgün istiqamətləndirməli, tamaşaçı zövqünü və psixologiyasını tutmağı bacarmalıdır. Buna görə bizə xarici rejissorların gəlməsi, onların burda kurslar keçməsi vacibdir. Çünki bizim rejissorların bir çoxu hələ də köhnə ənənələrlə işlədiklərindən, müasir dövrlə və onun tamaşaçısı ilə ayaqlaşmağı bacarmırlar. Tamaşaçılar müasir teatrın eyib və nöqsanlarını, bəsit tamaşaları görüb ikinci dəfə teatra ayaq qoymur. Bu da teatrın süstlüyünə və tənəzzülünə səbəb olur. Teatrın bir müddət fəaliyyətini dayandırması ( 1990-cı illərdə və sonrakı dövrlərdə təmir edilməsi səbəbi ilə) də, tamaşaçının itirilməsinə səbəb oldu. Həmin bu dövrdə TV-lərdə müğənnilərin kütləvi şou yaradaraq tamaşaçı zövqünü korlaması teatrın müəyyən qədər tamaşaçı yaddaşından silinməsinə səbəb oldu. Müasir tamaşaçı hazırda düşünmək yox, sadəcə gülmək və əylənmək istəyir. Aktyor isə hər dəfə eyni janrda təkrar-təkrar oynayaraq bezir və öz daxili imkanlarını açmamış qalır. Buna görə teatr daxildən tamamilə dəyişdirilməli və tamaşaçının zövqünü yaxşıya doğru dəyişilməsi istiqamətində ciddi addımlar atmalıdır. Əks təqdirdə, teatr məhv olub gedəcək. Hazırda teatrın istedadlı gənclərə böyük ehtiyacı var”.
   Aktyor güman edir ki, gələcəkdə o öz daxili potensialından qədərincə faydalanıb, uğurlu obrazları ilə teatrın adını ucaldacaq. Səhnədə həm komik, həm də dramatik boyalara malik aktyor, tamaşaçını özünə cəlb etməyin yollarını çox doğru tapıb. Oynadığı tamaşalarda sənət incəliklərindən bəhrələnən E.Kərimov, rolun daxilini, onun özünəməxsus xüsusiyyətlərini tapmağa çalışaraq obraza müxtəlif boyalardan parlaq ştrixlər əlavə etməyi bacarır. Aktyor, hətta tamaşalarda musiqi alətlərində də özü ifa edir.
   
   Tamilla Yağmur,
   ADMİU-nun tələbəsi