Elmira Kərimova: «Oynadığım müxtəlif xarakterli rollarla naxçıvanlı teatrsevərlərin qəlbinə yol tapa bilmişəm»
   
   Naxçıvan teatrı 130 illik tarixi ərzində istedadlı aktyor nəsli yetirmiş, bu sənətkarlar yaratdığı obrazlarla teatrın tarixinə silinməz izlər salmışlar. Səməd Mövləvi, İsa Musayev, İbrahim Həmzəyev, Zəroş Həmzəyeva, Roza Cəfərxanova, Sofiya Hüseynova kimi sənətkarların davamçıları sənət estafetini bu gün də davam etdirirlər. Belə aktyorlardan biri də Elmira Kərimovadır. Sumqayıt şəhərində fəhlə ailəsində dünyaya göz açan Elmira Kərimova 9 bacının ən böyüyüdür. Uşaqlıq illərindən xalq artisti, xalqımızın gözəl sənətkarı Amaliya Pənahovanın oynadığı rolların vurğunu olub, onun oynadığı rollara baxa-baxa bu sənəti sevməyə başlayıb Elmira xanım. Və beşinci sinifdə oxuyarkən utana-utana təhsil aldığı məktəbin dram dərnəyinə üzv olmaq üçün müraciət edib. İlk addımlarını həvəskar dram dərnəyində atan bu gənc aktrisa bu günə kimi sənətdə maraqlı bir yol keçib... Sumqayıt Xalq Teatrında, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında maraqlı obrazlar canlandırıb. Azərbaycan Respublikasının əməkdar artisti olan Elmira xanım artıq 2 ildən çoxdur ki, Naxçıvan Dövlət Uşaq Teatrının direktorudur. Onunla teatra gəlişi, oynadığı rollar, Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı son rolları və Naxçıvan Dövlət Uşaq Teatrının fəaliyyətindən danışdıq.
      
   - Uşaq vaxtlarımda həm də rəqqasə, rəssam olmaq istəmişəm. Bilirsiniz, uşaqlıq arzular dövrüdür. Nəyi xoşladınsa, o sahənin adamı olmaq istəyirsən. İncəsənətin bütün növləri ilə maraqlansam da, sonda aktrisa olmaq qərarına gəldim. Bunun üçün də ilk növbədə valideynlərimi razı salmalı idim. Çünki onlar aktrisa olmaq istəyimi heç cür qəbul etmək istəmirdilər. Amma onları birtəhər yola gətirə bildim. 9-cu sinifdə oxuyarkən Sumqayıt Xalq Teatrına qoşuldum. Və orada ilk rolumu oynadım. Molyerin “Zorən təbib” əsərində Martina obrazını ifa etdim. Sonralar da müxtəlif tamaşalarda epizodik rollarda çıxış etdim.
   - Bəs peşəkar səhnəyə necə gəldiniz?
   
- 1990-cı ildə aktyorluğa olan marağım məni Dövlət Mədəniyyət və İncəsənət Universitetinə apardı. Burada musiqili teatr aktyoru ixtisasına yiyələndim. Elmira Şabanova, Rafiq Əliyev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi böyük və ustad sənətkarlardan dərs aldım, aktyorluğun sirlərinə yiyələndim.
   Ali məktəbi bitirəndə isə təyinatla öz doğma yuvama - Sumqayıt Xalq Teatrına göndərildim. Sonra isə institut illərindən bir qrupda təhsil aldığım, bu gün də Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir yerdə çalışdığım Vüsal Rzayevlə ailə həyatı quraraq Naxçıvana gəldim, daha doğrusu, ömrümü Naxçıvana bağladım.
   - Deməli, Sumqayıt Xalq Teatrından Naxçıvan Dövlət Musiqili Dram Teatrına kimi maraqlı bir yol keçmisiniz...
 
  - Naxçıvana gələndən bir neçə il sonra-1999-cu ildə Naxçıvan teatrında gənc aktyorlara ehtiyac duyulduğunu eşitdik. Hər ikimiz-Vüsalla mən də gəlib müraciət etdik və işə götürüldük. O vaxt şair-dramaturq Nəriman Həsənzadənin “Atabəylər” tamaşasının məşqləri gedirdi. Rejissor bu tamaşada mənə Gülaçar rolunu həvalə etdi. Onu da qeyd edim ki, rolu tam mənimsəmək və canlandırmaq üçün bir həftə vaxtım var idi. Mən də iki-üç il idi ki, teatrdan ayrılmışdım. Ona görə də əvvəl bir az tərəddüd etdim, sonra həvəslə, həm də həyəcan və təşvişlə deyilən müddətə kimi rolumu hazırladım. Naxçıvan səhnəsində Gülaçar mənim ilk rolum olduğundan, bir növ özümü imtahan verən şagird kimi təsəvvür edirdim və özümü təsdiq etməli idim. Sevinirəm ki, o vaxtdan bu günə kimi oynadığım müxtəlif xarakterli rollarla naxçıvanlı teatrsevərlərin qəlbinə yol tapa bilmişəm. Bu sevgiyə layiq görülməyimdə tanınmış sənətkarlarla tərəf-müqabili olmağım da böyük rol oynayıb.
   Bundan sonra bir-birinin ardınca müxtəlif obrazları canlandırdım. “Şeyx Xiyabani”də Gülrux, “Dəli yığıncağı”nda Pırpız Sona, “Hökmdar və qızı”nda Ağabəyim ağa, “İblis”də Rəna, “Bu dünyanın adamları”nda Sevər, “Fərhad və Şirin”də Şirin, “Səyavuş”da Firəngiz, “Məhsəti”də Məhsəti, “Atabəylər”də İnanc Xatun və başqa rolları ifa etmişəm. Son tamaşamız olan “Ah, Paris...Paris...”də isə Əsədulla müəllimin arvadı Gülləri oynayırdım. Səhv eləmirəmsə, indiyədək Naxçıvan səhnəsində 20-dən çox obrazı canlandırmışam.
   - Oynadığınız rollardan söz açdınız. Səhv etmirəmsə, bu rolların hamısı ciddi, dramatik həm də psixoloji rollardır. Niyə məhz ciddi və dramatik obrazlara üstünlük verirsiniz?
   - Bu, rejissorun seçimidir. İstərdim ki, komik obrazlar da canlandırım. Rejissor görür ki, hər hansısa bir obrazın keyfiyyətləri məndə var, ona görə də həmin rolu mənə həvalə edir. Aktyor gərək hərtərəfli olsun, bütün xarakterli rolların öhdəsindən gəlsin.
   - Elmira xanım, 2006-cı ildə ölkə başçısının sərəncamı ilə Prezident mükafatına layiq görülmüsünüz. Ötən il Naxçıvan teatrının yaranmasının 130 illik yubileyi ilə əlaqədar bir çox sənət adamına verilən qiymətin nəticəsində Azərbaycan Respublikasının əməkdar artisti fəxri adıyla mükafatlandırılmısınız.
   - Azərbaycanda sənətə, sənət adamına böyük hörmət, dövlət qayğısı var. Ümummilli liderimiz Heydər Əliyevin sənət və sənətkara göstərdiyi diqqət bu gün də davam etdirilir. Həm mükafata layiq görüləndə, həm də əməkdar artist fəxri adı alanda keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Bir onu bilirəm ki, adımın ölkəmizin böyük sənətkarları ilə bir cərgədə çəkilməsi insana qeyri-adi bir qürur hissi verir. Bunlar həm də məsuliyyətin artırılması deməkdi. Deməli, bundan sonra daha çox çalışmalı, sənətimə verilən qiymətə layiq olmalıyam.
   - Sizcə, aktyor özündə hansı keyfiyyətləri birləşdirməlidir?
   - Məncə, aktyor olmaq üçün, birinci növbədə insani keyfiyyətlərin yüksək olmalıdır. Çünki aktyor bütöv cəmiyyətin qabaqda gedən ziyalılarından biridir. O, sadəliyi, səmimiliyi, doğruluğu, dünyaya, insanlara olan sevgisini özündə cəmləşdirməlidir. Sənətin özünəməxsus sirlərini, incəliklərini mənimsəməlidir ki, bunların hamısını ümumiləşdirib səhnədə öz sözünü deyə bilsin. Bunların biri olmayanda, aktyorun da oyunu istənilən kimi alına bilməz.
   - Sözünüzdən belə başa düşdüm ki, aktyor xarakter olaraq bütöv olmalıdır...
   - Bəli, aktyor əvvəlcə ailəsində, sonra cəmiyyətdə, daha sonra isə sənətində bütöv olmalıdır ki, oynadığı rolu da bütöv olaraq tamaşaçıya çatdıra bilsin. Məsələn, saxta insan heç vaxt səhnədə saf insanın xarakterini yarada bilməz, amma saf insan saxta insanın obrazını canlandıra bilər.
   - Ənənəvi bir sual da vermək istəyirəm. Bu sənət sizə nə bəxş edib?
   - Bu sənət ilk olaraq mənə insani keyfiyyətlərimi daha da inkişaf etdirmək imkanı verib. Səhnədə sənət bacarığı, ustalıq öyrənmişəm. Sənət həyatımın ayrılmaz bir parçasına çevrilib. Səhnədə gördüyümüz hər bir obraz və yaxud hər bir tamaşa bədiiləşmiş formada dramaturq tərəfindən yazılan və tamaşaçılara təqdim olunan həyat hadisələridir. Bu mənada mən oynadığım obrazları həyatda apardığım müşahidələrə əsaslanaraq yaratmağa çalışmışam. Sənət mənə, doğrudan da geniş dünyagörüşü bəxş edib.
   - Bəs tamaşalar zamanı maraqlı əhvalat necə, olubmu?
   - Çox olub. Amma daha çox yadımda qalan bir hadisəni danışım. Mir Cəlalın “Dirilən adam” tamaşasında körpə uşaqlı ana olan Qumrunu oynayırdım. Tamaşanın sonunda müxtəlif parçalardan hazırlanmış körpənin bir qırağa atıldığını görəndə çox narahat oldum və qaçaraq onu yerdən götürüb sığallamağa başladım. Bir də baxdım ki, aktyor həmkarlarımın hamısı mənə baxaraq gülür. Hadisənin nə yerdə olduğunu biləndə, mən də istər-istəməz gülməyə başladım. Sən demə, rol zamanı körpəyə o qədər bağlanmışam ki, onun həqiqətən də canlı bir uşaq olduğunu sanmışam.
   - Gəlin bir az da, Naxçıvan Dövlət Uşaq Teatrından danışaq...
   - Naxçıvanda Uşaq Teatrı 2006-cı ildə yaradılıb. 2007-ci ilin 4 oktyabrında isə həmin teatra dövlət statusu verilib. Buradakı aktyorlarımızın böyük əksəriyyəti isə məktəbli uşaqlardır. Lazım olduqda, peşəkar aktyorların qüvvəsindən də istifadə edirik.
   İki il ərzində uşaq teatrında 4 əsəri səhnələşdirmişik. Bunlar “Qış nağılı”, “Cəsur dovşan”, “Yaxşılıq itmir” və “Fəridin yuxusu” tamaşalarıdır. Hər dörd tamaşanını müəllifi və rejissoru Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Vüsal Rzayevdir. Teatrımızın tamaşaçıları adətən balacalar olduğu üçün tamaşalarımızın mövzusuna ciddi diqqət edirik. Daha çox xeyirxahlıq, mehribanlıq, düzlük kimi keyfiyyətləri uşaqlara aşılamağa çalışırıq.
   Artıq növbəti əsərin məşqlərinə başlamışıq. Növbəti mövsümdə Bayram İsgəndərlinin “Meşə əhvalatı” pyesini tamaşaçılara təqdim edəcəyik.
   - Tamaşaçılara demək istədikləriniz necə, varmı?
   - Mən deyərdim ki, bu günədək qazandığım uğurlara görə həm də tamaşaçılara borcluyam. Xüsusən də Naxçıvan tamaşaçısına. Çünki tamaşaçılar hər zaman sənət adamına dəstək olub, ona mənəvi ruh verib. Tamaşaçılardan bir istəyim var. Qoy teatra gəlsinlər, bir-birindən maraqlı, günümüzlə səsləşən səhnə əsərlərinə baxsınlar.
   Bir də onu demək istəyirəm ki, teatr həm də istirahətdir, insana mənəvi zövq aşılayır. Özlərini bu zövqdən məhrum etməsinlər.
   
   Söhbətləşdi:
   Elxan YURDOĞLU,
   Naxçıvan