yaxud Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası 10 ilini tamamladı
Bu il Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyi ilə bağlı ölkəmizin bütün bölgələrində, eləcə də Naxçıvanda müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bu cür tədbirlərdən geri qalmayan Naxçıvan Dövlət Universiteti də rəngarəng yubiley tədbirləri ilə görkəmli demokrat yazıçını bir daha geniş ictimaiyyətə təqdim edir. Belə tədbirlərdən biri də ali təhsil ocağının Tələbə Teatr Studiyası tərəfindən hazırlanan "Ölülər" tragikomediyası idi. Yaxın günlərdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində həvəskar-tələbə aktyorların ifasında səhnələşdirilən "Ölülər" əsərinə baxandan sonra 10 il əvvəli xatırladım. Hələ onda yenicə yaradılan bu studiyanın üzvləri ilk dəfə "Kitabi-Dədə Qorqud" boylarına müraciət etmişdi. Bu on il ərzində studiyanın keçdiyi yol, səhnələşdirilən əsərlər, tələbə-aktyorların ifaçılıq qabiliyyəti və qarşıda duran planlar haqqında ətraflı söhbət etmək üçün Naxçıvan Dövlət Universitetinə yollandım. Studiyanın rəhbəri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanı yenə iş başında tapdım. Öz "aktyorları" ilə səhnələşdirmək istədikləri növbəti əsərin müzakirəsini aparırdılar. Yaxınlaşıb yazı yazmaq istəyimi bildirəndə, - Uşaqlar, sonra davam edərik, bir az fasilə verək,-deyərək mənimlə söhbətləşməyə hazır olduğunu bildirdi. İşlərindən ayırdığım üçün tələsik suallarıma keçdim:
- Gülxarə müəllimə, istərdim ki, söhbətimizin əvvəlində Tələbə Teatr Studiyası haqqında oxucularımızı məlumatlandırasınız.
- Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası 1999-cu ildə yaradılıb. Onu da deyim ki, belə bir ideya universitetimizin rektoru, akademik İsa Həbibbəyliyə məxsusdur. Həmin il Yeni il şənliyinin hazırlanması mənə tapşırılmışdı. Ədəbi-bədii gecə rektorumuzun xoşuna gəlmişdi. Tədbirdən sonra məni yanına çağırıb teatr studiyası yaratmağı təklif etdi. Sən demə, belə bir teatrın yaradılması İsa müəllimin çoxdankı arzusu imiş. Nə danım, bu təklif ürəyimcə oldu. 2 ay ərzində bütün fakültələri bir-bir gəzib, bu sənətə marağı olan, aktyorluq qabiliyyətinə malik tələbələri bir yerə topladım. Rektorun təklifi ilə ilk olaraq tanınmış yazıçımız Kamal Abdullanın "Beyrəyin taleyi" əsəri əsasında "Beyrəyin andı" adlı tamaşanı səhnələşdirdik. İlk debütümüz də, mənə elə gəlir ki, heç də pis alınmadı.
- Bəs, sənət təhsili olmayan müxtəlif ixtisaslı tələbələrlə işləmək necə, çətin olmur ki?
- Əvvəlcə, təbii ki, çətinliyimiz oldu. Düşünün, iqtisadiyyat, bələdiyyə işi, tarix, gömrük işi, bədən tərbiyəsi, kitabxanaşünaslıq ixtisasında oxuyan uşaqlar birdən-birə aktyorluq etməli idilər. Amma onu da deyim ki, seçdiyimiz gənclərin hər biri bu işə canla-başla qoşulmuşdular. 10 il bundan əvvəlki ilk kollektivimizdən İxtiyar Seyidovla Zaur Kərimov musiqi, Xumar Əsgərova dil və ədəbiyyat ixtisasında, Tural Həsənov kitabxanaşünaslıqda, həmçinin ikinci kollektivimizdən Səadət Nəbiyeva təsviri-incəsənət, Sevda Hacıyeva informatika sistemləri, Ələsgər Quliyev hərbi hazırlıq, Azər Məhərrəmov iqtisadiyyat ixtisası üzrə təhsil alırdılar.
Bütün bunlara baxmayaraq, onlarla işləmək mənə, eləcə də həmin tələbələrə mənəvi zövq verirdi. Bu baxımdan heç bir çətinlik çəkmirdik. Bir kollektiv kimi o qədər isinişmişdik ki, demək olar, günümüzün çoxunu bir yerdə keçirirdik. Bu da bizim uğurlu tamaşalar ortaya qoymağımıza səbəb olurdu.
- Gəlin etiraf edək ki, tələbəlik həyatı 4 il, bəzən də magistratura təhsili ilə birlikdə 6 il davam edir. Yəni həmin tələbələr müxtəlif vaxtdan sonra sizinlə yollarını ayırmaq məcburiyyətində qalırlar. Belədə yeni tələbə-aktyorlar yetişdirməkdə çətinliklər də qaçılmaz olur...
- Çox düz deyirsiniz. Adlarını yuxarıda sadaladıqlarımla 3-5 il bir yerdə olduq. Sonra isə yenilərini axtarmalı olurduq. Bəzən isə tələbələrin özləri bizə müraciət edərək studiyamızda fəaliyyət göstərmək istədiklərini bildirirdilər. Belələrindən informatika ixtisası üzrə təhsil alan Məhəmməd Zamanov, Nadir Məhərrəmov, Orxan Nəsirov, bələdiyyə işi ixtisasından Ramal Məmişov və ibtidai təhsilin metodikası ixtisasından Gülnarə Fərzəliyevanı bu gün də tamaşaçılarımız xatırlayırlar. Təbii ki, bu da onların yaratdıqları obrazlardakı uğurlarının nəticəsində olur.
- Sizin teatr studiyasını istər universitetin, istərsə də muxtar respublikanın ictimai-bədii-kütləvi tədbirlərində də görmək olur...
- Əlbəttə, qısa zaman kəsiyində özümüzə görə tamaşaçı auditoriyası qazandıq. Bunun nəticəsi olaraq da, sizin dediyiniz kimi, istər universitetin həyatında, istər muxtar respublikanın ayrı-ayrı tədbirlərində səhnəciklərlə, bədii qiraətlərlə, tamaşalardan parçalarla çıxışlarımız olur.
Bundan əlavə, bu yaxınlarda fransız dili ixtisası tələbələrinin köməkliyi ilə "Dədə Qorqud"u fransız, ərəb dili ixtisası tələbələrinin köməkliyi ilə isə "Əshabi-Kəhf" tamaşasını isə ərəbcə səhnələşdirdik.
- Bu günədək hansı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlmisiniz?
- Kamal Abdullanın "Beyrəyin taleyi" əsərinin motivləri əsasında "Beyrəyin andı", Cəlil Məmmədquluzadənin "Anamın kitabı", Turan Oflazoğlunun "Türklərin Atatürkü" poeması əsasında səhnələşdirdiyimiz "Atatürk", yerli dramaturq Həmid Arzulunun "Qaçaq Quşdan" romanı əsasında hazırladığımız "Milaxda həyəcan" və Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşası ilə tamaşaçılarımızı sevindirmişik. Burada onu da əlavə edim ki, bir neçə ildir studiyamızın tərkibində folklor qrupu da fəaliyyət göstərir.
- Bildiyimə görə, səfərlərə də getmisiniz...
- Bəli. Türkiyənin Ağrı, İqdır, Kars, Ərzurum, Ardahan, Van, Doğu Bəyazit bölgələrində tamaşalar vermişik. Bundan əlavə, ilk tamaşamızla 1999-cu ildə «Dədə Qorqud»un 1300 illiyi münasibətilə Türkiyənin Bayburt vilayətində keçirilən festivalda iştirak etmişik. Həmçinin muxtar respublikanın rayonlarında da çıxışlarımız olub.
- Söz düşmüşkən, "Ölülər"dən danışaq...
- Bu, Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə bizim hədiyyəmiz idi. Tamaşanın rejissoru özüməm. Tərtibatçı- rəssam universitetimizin tələbəsi olmuş, indi isə burada müəllim kimi fəaliyyət göstərən Cavid İsmayılov, musiqi tərtibatçısı isə Əşrəf Ələkbərovdur. Rolların ifaçıları da yeni kollektivimizin üzvləridir. Belə ki, Zaur Cəfərov (İsgəndər), Şəhla İsmayılova (Kərbəlayi Fatma), Toğrul Əliyev (Hacı Həsən), Hümbət Əhmədov (Şeyx Əhməd), Orxan Qafarov (Kərbəlayi Vəli), Sevinc Musayeva (Zeynəb), Elnur Rzayev (Məşədi Oruc), Əzəmət Həsənov (Şeyx Nəsrullah) öz rollarını tələbə-aktyor səviyyəsindən də artıq yerinə yetirdilər.
- Bəs, geyimlər, dekorasiyalar, tamaşa üçün lazım olan ləvazimatlar. Bunları necə əldə edirsiniz?
- İlk vaxtlarda geyimləri hərə öz evindən gətirirdi. Kimi nənəsinin, kimi babasının, kimi öz anasının geyimləri ilə səhnəyə çıxırdı. Hətta ilk tamaşamızda meşədən kötüklər kəsib gətirmişdik, qamışdan özümüz oxlar düzəltmişdik, bir tələbəmizin valideyninin hazırladığı yaylarla tamaşalarda oynayırdıq. Sonralar isə uğurlar əldə etdikcə, universitetin rektoru İsa müəllimin dəstəyi ilə geyim də əldə etdik, dekorasiyalar da, lazımi avadanlıqlar da.
- Sizin bir neçə universitetin tələbə teatr studiyaları ilə də qarşılıqlı əməkdaşlığınız var...
- Doğrudur. Bu mənada Qars Qafqaz Universiteti ilə ölkəmizdəki Qafqaz Universitetini xüsusi fərqləndirmək olar. Bu yaxınlarda biz Qarsda olduq, Qars studiyası isə bizim universitetdə Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası ilə qonağımız oldu. Aprel ayında isə ölkəmizdəki Qafqaz Universitetinin teatr dərnəyi İlyas Əfəndiyevin "Natəvan" tamaşasını universitetimizin tələbələri qarşısında oynadılar.
- Sonda qarşıda duran planlarınız haqqında danışardınız...
- Artıq universitetlər tətilə yollanıb. Buna görə də biz də istirahətə çıxmışıq. Amma gördüyünüz kimi, yenə öz uşaqlarımızla məsləhətləşirik, planlar qururuq. Oktyabr-noyabr aylarında "Ölülər" tamaşası ilə Bakı Dövlət Universitetinin və Tiflis Dövlət Universitetinin qonağı olacağıq. Buna görə də üzərimizdə daha ciddi işləyirik ki, həm universitetimizin, həm də teatr studiyamızın adına layiq olaq. Bir də planlarımıza studiyamızın yaranmasının 10 illiyi ilə bağlı xatirə-albom hazırlamaq daxildir. Bu fikrimizi hələ rektorumuza bildirməmişik. Görək, o nə deyəcək...
- Gülxar xanım, sizi studiyanızın 10 illiyi münasibətilə təbrik edir, yeni-yeni uğurlu səhnə əsərləri ilə tamaşaçı sevgisi qazanmağınızı arzulayıram.
Söhbətləşdi: Elxan YURDOĞLU