Sanballı və ciddi zəhmətin nəticəsi də ugurlu və uzunömürlü olur. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun böyük istedadının və tükənməz ilhamının bəhrəsi olan “Arşın mal alan” musiqili komediyası da belə ciddi yaradıcılıq ilhamı ilə araya-ərsəyə gələn əsərdir. Bəlkə də 1913-cü ildə, ilk dəfə müəllifin bilavasitə rəhbərliyi və dirijorluğu, Hüseynqulu Sarabskinin rejissorluğu ilə səhnəyə vəsiqə alan bu yaradıcılıq nümunəsinin bu qədər uzunömürlü, maraqlı və aktual olacağını müəllif də, yaradıcı heyət də o vaxt heç təxmin etməzdilər.
  
  
   96 il ərzində dəyişən içtimai formasiyalar, tamaşaçı zövqü, sənətsevər psixologiyası, rejissor və aktyorların yanaşma tərzi, bir sözlə, 96 illik bir zaman kəsiyinin xəlbirindən keçib, zövq dəyirmanından sağ-salamat qurtaran “ Arşın mal alan “ az qala hər sözü, hər kəlməsi, ayrı-ayrı qəhrəmanlarının jesti, hərəkəti, bütövlükdə bu və ya digər musiqi parçasının yaddaşlarda yaşaması, dillər əzbəri olması ilə ölümsüzluk qazandı. Bu, artıq sənətkarın məharəti, onun İlahi təbi və Tanrı verğisi olan istedadının təntənəsi idi. Bu, Üzeyir bəyin və ona bu işdə dəstək olanların tarix qarşısında xidmətləri kimi dəyərləndirilməlidir.
   96 il ərzində Azərbaycanın müxtəlif teatrlarının səhnəsində, sonralar böyük ekranda öz tamaşaçıları ilə görüşən qəhrəmanlar - Əsgər bəy , Gülçöhrə , Soltan bəy, Cahan xala, Süleyman, Asya, Telli və Vəli, əslində hər biti ayrı-ayrılıqda bir dastana mövzu olacaq qədər maraqlı keşməkeşli bir ömür yaşayıblar. Üzeyir bəy hər bir personajına özünəməxsus bir ustalıqla elə bir tale yaraşdırıb ki, bu qəhrəmanlar ötən əsrdə tamaşaçıları nədənsə çəkindirməyə, nələrdəsə daha ehtiyatlı və ayıq olmağa sövq etdiyi kimi, elm və texnika, sürət və qloballaşma əsri adlandırdığımız, əslində işə mənəvi inkişaf baxımından bir qədər, sanki geriləməyə meyilli oldugumuz, 21-ci əsrdə də funksiyasını davam etdirib, aktuallığını və müasirliyini qoruyub saxlayıb.
   Bəlkə elə bu mənəvi ehtiyac, daxili tələbat müxtəlif teatrları və o cümlədən də Musiqili Komediya Teatrını dönə-dönə bu əsərə qayıtmaga vadar edib.
   “Arşın mal alan”ın ilk tamaşasının ugurlu səhnə taleyindən sonra, 1917- ci ildə, əvvəlcə Abbas Mirzə Şərifzadənin , sonra isə Hüseyn Ərəblinskinin rejissorluğu ilə əsər yenidən tamaşaya qoyuldu.
   1939-cu ildə, Musiqili Komediya Teatrı rəsmi dovlət teatrı statusu alan il rus bölməsində də “Arşın mal alan” oynanıldı. Üc il sonra, 1942-ci ildə, rejissor Şəmsi Bədəlbəyli bu əsərə müraciət etdi. O vaxt baş rolları teatrın yenicə yaradılan truppasının gəncləri ifa edirdi.
   Sonralar, 1942, 1946, 1954- 1955 ci (rejissor Soltan Dadaşovla birgə) və nəhayət, 1972-ci idə görkəmli rejissor və böyük teatr xadimi Şəmsi Bədəlbəyli yenidən Üzeyr Hacıbəyov yaradıcılıgına müraciət etdi və onun quruluş verdiyi tamaşada artıq Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Roza Əliyeva, Əzizaga Qasımov, Əlihüseyn Qafarlı, Məleykə Şahmərdanova, Şəfiqə Qasımova kimi o dövrün cox məşhur aktyorları iştirak edirdilər. Teatrın bədii rəhbəri olan Şəmsi Bədəlbəyli o illərin sənət aləmində öz sözünü demək qüdrətində olan rəssam Rüstəm Mustafayevlə və baletmeystr Əlibaba Abdullayevlə bərabər, tamaşaçılara yaxşı tanış olan əsəri müasir tamaşaçı zövqünə uyğun hazırlamağa çalışdı. Bu yaradıcılıq tandemi “ Arşın mal alan”ın şöhrətini bir qədər də artırdı. Əsər Moskvada da oynanıldı.
   1975-ci ildə gənc rejissor Agakişi Kazımov “Arşın mal alan”ı bir qədər yeni, əvvəlki quruluşlardan fərqli, tamaşaya qoymaga cəhd etdi. Yeni səhnə tərtibatı, yeni aktyor və ifaçı ansamblı 1983-cü ilədək bu əsərin repertuarda qalmasına imkan verir.
   Elə həmin il, özünün orjinal düşünçə, hadisələrə yanaşma tərzi, təfsir manerası ilə yaşıdlarından fərqlənən Vaqif İbrahimoglu məhz bu köhnə, ancaq heş vaxt köhnəlməyən, həmişə təzə və təravətli olan əsərə quruluş vermək ücün Musiqili Komediya Teatrına dəvət olundu və əsər 90-cı illərin məlum hadisələrinədək müvəffəqiyyətlə oynanıldı.
   Nəhayət, 100 yaşlı teatr zaman-zaman səhnəsini bəzəyən, heç vaxt dəbdən düşməyən və həmişə arzulanan operettaya bir daha müraciət etmək qərarına gəldi. Ancaq bu dəfə yaradıcı heyəti sırf gənclərdən formalaşdıran rəhbərlik quruluşçuların : rejissor Elvin Mirzəyevin, dirijor Hazin Hacıəlibəyovun, rəssamlar - Nabat Səmədovanın (səhnə tərtibatı) və Gülnarə Xəlilovanın (geyim eskizləri), baletmeystrlər - Zakir və Yelena Agayevlərin qarşısına cox ciddi bir şərt qoydu: yubiley tamaşası daha müasir, daha, daha ifadəli, yaddaqalan və mütəhərrik olmalıdır.
   Təbii ki, əsas ağırlıq yenə aktyorların çiynindədir. Bu dəfə əsərin baş qəhrəmanı olan gənclər təxminən öz yaşıdlarının taleyini yaşayacaqlar ki, bu da onlara oynadıqları obrazın daxili aləmini daha inandırıcı və təbii boyalarla ifadə etməyə imkan verəcək.
   Bəs tamaşaçılar bu dəfə yaddaşlarda əbədi yaşayan tanış personajları gənc yaradıcı qüvvələrin ifasında görəcəklər. Fərid Əliyevlə Anar Şuşalı Əsgər bəy rolunda növbələşəcəklər. Nərgiz Kərimova ilə İnarə Babayeva gözəl Gülçöhrənin yaşantılarını paylaşacaqlar. Məşhur Soltan bəylə Cahan xalanın da iki “adaxlısı” var: Əzizağa Əzizov və Ələkbər Əliyev, Xanım Qafarova ilə Nahidə Orucova.
   Hər işdə asta, amma usta tərpənən Süleyman bəyi Əkbər Əlizadə və Vüqar Hacıyev, onun sevgilisi Asyanı isə Mehriban Zalıyeva ilə Ülkər Əliyeva oynayacaqlar.
   Aktrisa Ülviyyə Əliyeva isə Telli obrazını heç kəslə paylaşmaq istəməyib. Ancaq onun iki Vəlisi var: Səmədzadə Xasıyev və Elxan İsmayılov. Hansını daha çox bəyənəcəksiniz, bu artıq sizin seçiminizdir.
   96 il ərzində unudulmayan, doğma Azərbaycanımızın bütün teatrlarında uğurla tamaşaya qoyulan, hər dəfə də yaradıcılarına şan-şöhrət və populyarlıq qazandıran, dahi Üzeyir bəy dühasından yaranmış “Arşın mal alan”ın məşhur qəhrəmanları yenidən 100 yaşlı Musiqili Komediya Teatrının səhnəsinə qayıdırlar. Əslində onlar heç uzağa da getməmişdilər, hər birimizin yaddaşında, hər bir azərbaycanlının qəlbində yaşayan bu obrazlar, bəlkə də zaman-zaman ona görə müxtəlif qiyafələrdə gözlərimiz önündə sərgilənir ki, biz kim olduğumuzu, haradan gəlib hara getdiyimizi unutmayaq.  

  Telli Pənahqızı