Başqa sahələrlə müqayisədə sosial böhranın incəsənətə vurduğu ziyanın fəsadları uzun müddət duyulur. İncəsənət sahələri içərisində ən kasıbı teatrdır. Düzdü, ortabab ölkələrdə rəssamlıq da kasıb sənətlərdən hesab olunur, amma rəssamların güzəranı sadəcə bəxt məsələsidir. Teatrın sosial strukturdur və qeyriləri kimi publikaya ehtiyacı var.
   
   Sosializm cəmiyyətində teatr dövlətdən maliyyələşir və əvəzində dövlətin ideoloji mexanizm missiyasını yerinə yetirirdi. Hərçənd ki, xarici mədəniyyət menecmentləri sovet teatr sistemini ideal hesab edirlər. 80-ci illərin sonlarında sovet məkanı üçün kommersiya teatrı ekzotika idi, 90-cı illərin əvvəllərindən kommersiya teatrı publikanı başa düşməyə çalışan (təbii ki, öz xeyrinə) işgüzar görkəmli teatrdır. Prodüser kapitalizm quruluşunun meydana çıxardığı, kommersiya teatrı (zatən tamaşa satılırsa. bütün teatrlar kommersiya teatrlarıdır) üçün əvəzolunmaz fiqurdur, prodüser tamaşanın sahibidir, o istehsal etdiyi məhsulun həm keyfiyyətinə, həm də iqtisadi davamlılığına cavabdehdir. Teatr prodüserinin iqtisadiyyatdan baş çıxarması, estetik zövq yiyəsi olması, ictimaiyyətlə əlaqələr qurma bacarığı vacibdir. O, ssenarini və ya pyesi özü seçir. Postsovet ölkəsi olan Azərbaycan teatr sistemində prodüser işlək struktur deyil. Teatr məkanımız dövlət teatrları şəbəkəsi, bələdiyyə teatrları şəbəkəsi, özəl teatr sektoru və antirepriz teatrlardan ibarətdir. Dövlət teatrının ideoloji və iqtisadi maraqları dövlətlə bağlı olduğundan onun himayəsindən - mədəniyyət siyasətindən kənara çıxmaz. Azərbaycan teatrlarının əsas hissəsi dövlət dotasiyaları hesabına fəaliyyət göstərir. Bələdiyyə teatrları, adından göründüyü kimi, yerli idarəçilik sistemi olan bələdiyyələrin hesabına fəaliyyət göstərir və onların siyasətində faydalı olmağı nəzərdə tutulur. Paytaxtda fəaliyyət göstərən Bakı Bələdiyyə Teatrı buna misaldır. Özəl teatr sektorunun teatr prosesindəki rolu əvəzolunmazdır. Bu bizdə ən zəif inkişaf etmiş sektordur. Antirepriz teatrlar daha dinamik modeldir: o, müxtəlif layihələrlə işləyir və yaradıcı komandanı istənilən yaradıcı müəssisələrdən yığa bilər. Yəni hər hansı bir layihənin gerçəkləşməsi üçün başqa teatrlardan aktyorlar və ya rejissorlar dəvət oluna bilər. Ölkəmizdə bu tipli teatra misal olaraq «İbrus», «Üns» teatrlarını göstərmək olar.
   Azərbaycanda teatrların maliyyələşməsi məsələsində dövlət güzəştli mövqe tutub. Dövlət teatrları büdcədən maliyyələşsə də, onun alternativ maliyyələr axtarmaq, müqavilə və sövdələşmələrə getmək hüququ var. Belə ki,dövlət teatrları birdən-birə iqtisadi məsuliyyət altına atmır.
   Postsovet ölkələrindən ən böyüyü olan Rusiyada vəziyyət təxminən bizdəki kimidi. Avropa təcrübəsində isə müxtəlif variantlar var. Avropa teatrları qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkilat və fondlardan maliyyələşir. Məsələn, Britaniya milli lotoreyası gəlirinin bir qismini mütləq mədəniyyət fondlarına keçirir. Avropada teatr truppaları çox azdır. Antirepriz teatrlarında olduğu kimi, prodüser yaradıcı komandanı özü yığır. Həmçinin Avropa teatr təcrübəsində mobil tamaşalar hazırlamaq kimi strategiya var. Yaradıcı komandanın sayını minimuma endirməklə artıq xərclərdən yaxa qurtara, maksimum gəlir əldə edə bilərlər. Avropa teatr təcrübəsinə istinad edən Azərbaycanda, konkret desək Bakıda teatra para ayıran cəmi bir neçə təşkilatın adını çəkmək olar: Açıq Cəmiyyət İnstitutu, Britaniya Şurası, Avrasiya fondu və b. Bu təşkilatlar hansısa layihənin bir hissəsi kimi teatr tamaşalarını maaliyyələşdirib.
   Teatr məkanımızda prodüser hesabına az-çox fəaliyət göstərən kommersiya teatr və tamaşalarıdır. Hərçənd onlar azdır. Yumoristik teatrlar var. Kommersiya tamaşaları qoymaq, kommersiya filmləri çəkmək qeyri-peşəkarların öhdəsinə düşüb. Kommersiya tamaşalarının, kommersiya filmlərinin ümumi prosesdəki faydaları danılmazdır. O, bir növ tamaşaçı bazasını istiqamətləndirə bilir və yaradıcı prosesdə yeri var. Teatrın sosial varlıq kimi mövcudluğunda kommersiya tamaşaları bu qədər əhəmiyyətliykən, nədənsə, müvəqqəti xarakter daşıyır və «xaltura» kimi təsnifatlanır. Publikanın isə ona marağı var. Bunu dəfələrlə paytaxt səhnələrində qonaq olmuş Rusiya teatrları isbat edib. Onların gətirdikləri kommersiya tamaşaları dəfələrlə teatr və konsert müəssisələrimizi tamaşaçı ilə doldurub. Təəccüblü və məntiqli görünəni odur ki, bu tamaşaların afişalarında Rusiyanın məşhur aktyorlarının, aktrisalarının adını oxumaq olur. Bu, teatrın gizli reklam siyasətidir. Bu siyasətə daha bir qeyd yazmaq olar: əgər reklam olunacaq tamaşa düzgün seçilməyibsə, teatr öz fəaliyyətinə reklamla cəlb etdiyi tamaşaçılardan iki-üç dəfə artıq ziyan vurur. Bu reklam tamaşaçını teatrdan tamamən küsdürür. Çünki reklamla teatra gələn tamaşaçını dərin fəlsəfələrlə yükləmək məntiqli deyil.
   Kommersiya tamaşalarına hələ də qeyri-ciddi kimi yanaşılır. Hərçənd şouya uymuş tamaşaçılar uğrunda televiziya ilə rəqabət üçün kommersiya tamaşaları yeganə variantdır.
   
   Aliyə