Repertuarda 21 əsər var
   
   Hüseyn Ərəblinskinin adını daşıyan teatrı uşaqlıq illərindən tanıyıram. O zaman indiki kimi telekanal bolluğu yoxuydu və təbii ki, teatr və aktyor haqqında efirdə hər gün saatlarla veriliş getmirdi. Sumqayıt teatrı barədə yeganə telekanaldan dadar-doymaz gördüyüm günlərdən xəbərim var. Teatrın binasında ilk dəfə olduğum gün də yadıma gəlir. Onda çalışdığım Gənc Tamaşaçılar Teatrının kollektivi sumqayıtlı həmkarlarının yerləşdiyi binada tamaşa oynayırdı. Doğrusu, buranın texniki təchizatı, sırf teatr üçün tikilmiş və o vədə yenicə təmirdən çıxmış «gənc tamaşaçılar»la yanaşı qoyula bilməzdi. Həmin vaxt burada işləyənlərin halına acıdım. Şəraitin tam teatr tələblərinə cavab verməməyi bir yana, üstəlik iyirmi ildən artıq müddətdə onların binada qonaq qismində guşənişin olmalarına acıdım. Sovetin əhvalının babat günlərində doğulan teatr hansı səbəbdənsə yurdsuz-yuvasızıydı. Düzdür, kollektiv çölün düzündə qalmamışdı, amma özünü yerli-yataqlı da hiss etmirdi. Axı, hər dəqiqə ev sahibləriylə toqquşma yaşana bilərdi. O toqquşma ki, qırx illik tarixi ərzində teatrın başı az çəkməyib.
   
   Aradan uzun illər ötüb. Mən yenə həmin binadayam. Sumqayıtlıların Səməd Vurğun adına klub kimi tanıdığı, keçən yüzilin 50-ci illər memarlığından nişan verən binada. Şəhərin sarmaşıqdan don geymiş icra hakimiyyəti binasıyla üzbəüzdəki sənət ocağında. Qırx ildən sonra bina teatra verilib. Açığı, neçə-neçə tanıdığım, ünsiyyət qurduğum sənət dostumun çalışdığı kollektivin, nəhayət ki, doğma ocaqlarının olmasına sevinirəm. Bu münasibətlə direktor Mehman Şükürova, baş rejissor Firudin Məhərrəmliyə göz aydınlığı verib, iş-gücləriylə maraqlanıram. Mehman bəy «bina qalmaqalından sonra az qala xəstəlik tapmışam, indii-indi özümə gəlirəm» deməklə canını qurtarır. Yaxası ələ keçənsə on iki ildən bəri baş rejissorluq yükünü çiyninə götürən Firudin Məhərrəmovdu. O, iş-gücdən ürəklə söhbət açır:
   - Gördüyünüz kimi iş başındayıq. Məşqlərimiz gedir. Yaxın günlərdə inşallah, mövsümü açacağıq. Yubanmağımızın səbəbi binayla bağlıdı. Kimyaçılar (binanın keçmiş sahibi «Azərkimya» Dövlət Şirkəti nəzərdə tutulur - S. E.) gedəndən sonra bura əl gəzdirmək lazım gəldi. Buna görə işimiz ləngidi. İnşallah, bundan sonra hər şey yaxşı olacaq. Kollektivin əhval-ruhiyyəsi yaxşıdı. Bilirsiz, elə psixoloji məqam var ki, çox şeyi dəyişir. Bax, biz hər birimiz bu saat belə vəziyyətdə köklənmişik. Aktyorlarımızın inam hissi yüksəlib. Həm ötən il qırx illik yubileyimizə verilən diqqətə, həm də bu il bina problemimizin həllinə görə. Əlbəttə, sənət adamları həmişə daha çox umurlar, bunu danmaq mümkün deyil. Bizimkilər də həmkarlarından geri qalmır.
   - Bu gün teatrın mətbəxində bişənlərdən danışaq.
   - Repertuar sarıdan zənnimcə, vəziyyət pis deyil. Düzdü, baş rejissor kimi mənim özümüzü tərifləməyim yaxşı çıxmır. Amma hər halda tamaşalarımızı izləyənlərin rəyinə əsaslanaraq, nikbin danışa bilərəm. Hazırda repertuarda yerli və xarici dramaturqların iyirmi bir əsəri tamaşaya hazırlanıb. Cəlil Məmmədquluzadənin «Anamın kitabı», Çingiz Aytmatovun «Ümid sahili», Əbdürrəhim bəy Haqverdiyevin «Şah», Georgi Xuqayevin «Bir köpək balığı», Abdulla Şaiqin «Qaraca qız», Con Qolsuorsinin «Birincilər və sonuncular», Əli Əmirlinin «Varlı qadın», Yusif Əzimzadənin «Nəsrəddin», Firuz Mustafanın «Qarışqa tələsi», Aqşin Babayevin «Xilaskar» əsərinin tamaşalarını misal çəkə bilərəm. Quruluşların bir qismi mənə, bir qismi Vasif Məmmədova, Namis Şirməmmədova və başqalarına məxsusdu. Əgər fikir verdinizsə, biz bütün tamaşaçı auditoriyasını nəzərə almağa çalışırıq. Ona görə də həm böyüklərin zövqünə, həm də uşaqlara uyğun əsərlər seçirik.
   - Yaradıcılıq imkanlarını üzə çıxarmaq, tanınmaq, maddi baxımdan qazanmaq sarıdan aktyorların vəziyyəti necədir?
   - Aktyorun potensialını tam göstərməsi üçün yalnız bir yerdə çalışmaq kifayət eləmir. Əvvəla, hamının istedadını cilalayan, yaradıcılıq baxımından sözünü deməyə şərait yaradan əsərlərin tamaşaya qoyulması çətin məsələdi. Hansı ki, o vəzifə bizim üzərimizə düşmüş hesab olunur. Amma digər məsələ teatrlıq deyil artıq. Bu mühit, geniş əlaqələr tələb edir. Aktyor nə vaxt tanınır: filmə çəkiləndə, efirdə görünəndə, səsi dublyajdan gələndə və sair. İndi görək bizdə vəziyyət necədi? Hara gedə bilir aktyorlarımız? Kino, televiziya, dublyaj burdakılardan uzaqdı. İstedadın səbəbindən yox ha, məkan məsələsinə görə.
   - Bakının bir addımlığında olsanız da,sənət layihələrinə düşə bilmirsiniz.
   - Bakıda aparılan incəsənət layihələrinə düşə bilmirik. Bayaq dediyim kimi aktyor hara getsin, necə eləsin. O köhnədənqalma mərəzdən qurtula bilmirik ki, bilmirik. Bakıda rejissorlar başını qaldırıb yan-yörələrinə baxmırlar. Baxsalar nəinki Sumqayıtda, Şəkidə, Gəncədə, Naxçıvanda, Lənkəranda da istedadlı sənətkarları görərlər, onlardan istifadə edərlər. Düzdü, keçmişdə və indi Bakıdan kənardakı teatrların aktyorlarının yaradıcılığından yararlanma faktları var, bunu dana bilmərəm. Bununla belə təəssüflənirəm. Bu faktların azlığına görə. Hələ üstəlik, təltif məsələsinə çatanda da bəxti gətirməyən məhz siz dediyiniz əyalət yarlığına tuş gələnlərdi. Doğrudu, teatrın qırx illik yubileyində diqqətdən kənarda qaldıq demək haqsızlıq olardı. Amma yalnız yubileydən-yubileyə yada düşmək azlıq edir. On illərlə zəhməti olanlar belə münasibətdən inciyirlər.
   1968-ci il martın 12-də Azərbaycan hökumətinin qərarıyla yaradılan, bir il sonra martın 14-də «Müsyö Jordan və dərviş Məstəli şah» komediyasıyla pərdələrini açan teatrda vaxtiləsə kimlər çalışmayıb. Dünyasını dəyişmiş görkəmli sənətkarlar - Rza Əfqanlı, Barat Şəkinskaya, Nəsir Sadıqzadə, Əlağa Ağayev, Salman Dadaşovdan tutmuş bu günün tanınmış səhnə xadimləri Ağakişi Kazımov, Afaq Bəşirqızı, Cənnət Səlimova, Mərahim Fərzəlibəyov, Hacı İsmayılov, Ramiz Novruz, Oruc Qurbanov, Kübrabəyim Əliyeva, Sabir Məmmədov, Tofiq Hüseynov, Kazım Abdullayev və başqalarının yolu burdan keçib.
   
   Seymur Elsevər,
   
seymur_elsever@yahoo.ru