Prodüser fəaliyyəti sistem kimi dünya teatrlarının inkişafına böyük təkan verib. Azərbaycanda isə bu fəaliyyət növünün teatr sahəsində zəif olduğunu görmək mümkündür. Əslində kino sahəsində də prodüser və prodüser mərkəzlərinin fəaliyyəti qənaətbəxş deyil. Kino sektoru az qala bütünlüklə dövlətdən asılı vəziyyətdədir. Dövlət prodüser mərkəzinə pul ayırır, o isə qaytarmamaq yolu ilə film çəkir. Əcnəbi kino adamlarına bu çox absurd görünə bilər. Bizim üçünsə sadəcə reallıqdır. Teatra gəlincə isə hətta danışmağa dəyməzdi, əgər bir neçə tamaşa və nümunələr olmasa idi... Bu bir neçə tamaşanın afişasından prodüser adını oxumasaydıq...
   Teatr və teatr fəaliyyəti haqqında qanunda bu sistemə geniş yer verilməsinə baxmayaraq, hələ də tam işlək vəziyyətdə olmamasının səbəblərini araşdırdıq.
   Teatr Xadimləri İttifaqının(TXİ) sədr müavini, aktyor, rejissor, prodüser Rafiq Əliyev bu məsələyə sistemli yanaşmağın tərəfdarıdır: "Ümumiyyətlə, prodüser çətin bir peşədir. Məlum olduğu kimi, biz neçə illər sovet rejimi ilə işləmişik. Prodüser mərkəzləri Avropa ilə müqayisədə bizdə gec fəaliyyətə başlayıb. Teatr və teatr fəaliyyəti haqqında qanunda buna yer verilməsində də ittifaqımızın rolu böyük olub.
   Yaxşı produser pul axtarıb, tapmalıdır. Bu dövlətdən də ola bilər. Amma müəyyən müqavilələr bağlamalıdır ki, mən bu pulu nə vaxt qaytarmalıyam. Bildiyiniz kimi, teatr geniş bir qurumdur. Burada bir neçə sahənin sintezi var. Ona görə də prodüser hazırlanan tamaşanın mövzusundan, dekorçusuna qədər hər bir detalı tamaşaçı zövqünə uyğunlaşdırmalıdır. Tamaşaçı anlamalıdır ki, bu, yeni bir layihədir. Heç bir yerdə baxa bilməyəcək. Ona görə də maraq göstərməyə başlayacaq.
    Bu sahəni biznesə çevirmək bizim teatrlar üçün çətin məsələdir. Tamaşaçılarımız əcnəbi teatrlara, konsertlərə daha çox maraq göstərirlər. Bu o deməkdir ki, tamaşalarımıza inam itib.
   Təəssüflər olsun ki, teatrlarımızda prodüser işləri azdır. Bizim ittifaqın "Procent" prodüser mərkəzi bu istiqamətdə bir neçə addımlar atıb. "Afinalı Timon" tamaşasını göstərmək olar ki, quruluşçu rejissoru Azərpaşa Nemət, prodüseri Ələkbər Tağızadə olub. Azərpaşa Nemət bura ən yaxşı aktyorları, rəssam Nazim Bəykişiyevi dəvət edib. "Kaktus gülü" tamaşasını isə prodüser mərkəzinin rəhbəri Ələkbər Tağızadə özü hazırlayıb . Tamaşa Kiyev və Odessa şəhərlərində təqdim olunub".
   İttifaqın indiki vəziyyətindən danışarkən Rafiq müəllim yenilikləri də qeyd etdi: «Bizdə gənclərin yaradıcılıq laboratoriyası fəaliyyət göstərir. Burada gənc rejissorların və aktyorların yeni tamaşaları hazırlanır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənc rejissorların və aktyorların hazırladığı bu tamaşanın fevral ayının əvvəlində premyerası olacaq".
   "Yuğ" Teatrının direktoru Tərlan Rəsulov bu sahənin işlək olmamasına başqa yöndən yanaşıb. "Prodüser fəaliyyəti haqqında dünya alimləri tərəfindən qəbul edilmiş nəzəriyyələr var. Bu nəzəriyyələr hər bir ölkədə müxtəlif cür tətbiq olunur. İlk növbədə onun adaptasiya edilmə problemi yaranır. Mənə elə gəlir ki, bizdə bu mərhələ gedir. Milli ideologiyaya bağlılığımız adaptasiya mərhələsinin uzanmasına səbəb olur. Bu mərhələnin sürətlənməsi yolunda teatrlar üçün prodüser hazırlayan institutlar yaradılmalıdır. Burada Avropa və Asiya ənənələri nəzərə alınmalıdır.
   Xarici təcrübəyə nəzər salsaq Avropa ölkələrində teatrlar tamamilə özəl sektorun əlindədir. Amerikada isə dövlət teatrı anlayışı yoxdur. Burada hər bir universitetin peşəkarlardan və həvəskarlardan ibarət dərnək formasında teatrları fəaliyyət göstərir. Bu vəziyyət də prodüser fəaliyyətinə təkan vermiş olur".
   "Yuğ" Teatrının fəaliyyətini isə direktor belə qiymətləndirib. "Bizim teatrda iqtisadi cəhətdən götürsək, kütləvi tamaşaçılar üçün tamaşa qoyulmur. Tamaşalarımız yüksək intellektuallı tamaşaçılar üçün nəzərdə tutulur. Teatrımız qeyri-kommersiya teatr xidmətinə aiddir. Sponsorların, qrantların və qismən də dövlət hesabına hazırlanan tamaşalarda prodüser yox, menecment fəaliyyəti özünü göstərir. Bu səbəbdən də qeyri-kommersiya teatr müəssisələrinə menecment qanunları tətbiq olunmalıdır".
   
   Günel QƏHRƏMANOVA