Azərbaycan Dövlət Musiqili Komediya Teatrı İran İslam Respublikasında keçirilən 28-ci Beynəlxalq Fəcr Festivalından qələbə ilə qayıtmışdır.
   Üzeyir Hacıbəylinin “Məşədi İbad” operettası ilə festivala qatılan teatrın kollektivi yanvar ayının 22-si və 23-ü Tehranın ən böyük teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət Sarayında çıxış etmişdir.
   Tamaşada əsas rolları əməkdar artist Ramiz Məmmədov (Məşədi İbad), Fərid Əliyev (Sərvər), Nadir Xasıyev (Rüstəm bəy), Nərgiz Kərimova (Gülnaz), xalq artisti Arif Quliyev (Hambal), əməkdar artist Elçin Həmidov (Qəzetçi Rza), əməkdar artist Əkbər Əlizadə (İntiligent Həsən), Səmədzadə Xasiyev (Həsənqulu bəy), Əzizağa Əzizov (Qoçu Əsgər), Novruz Əliyev (Məşədi Qəzənfər) ifa etmişlər. Azərbaycan Respublikasının xalq artisti, görkəmli gülüş ustası Afaq Bəşirqızı isə Sənəm rolunda çıxış etmişdir.
   Onu da qeyd edək ki, dünyanın 50-yə yaxın ölkəsinin qatıldığı Fəcr festivalında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının ilk dəfə iştirak etməsinə baxmayaraq, kütləvi informasiya vasitələrinin yaydığına görə, “Məşədi İbad” festivalın ən çox tamaşaçı toplayan əsəri hesab edilmişdir. Festivalın təşkilatçılığını öz üzərinə götürən EKO (İqtisadi Əməkdaşlıq Təşkilatı) Mədəniyyət İnstitutunun xüsusi mükafatına layiq görülən kollektivin çıxış etdiyi hər iki gün anşlaqla keşmiş, yerli əhalinin böyük marağına səbəb olmuşdur. Təşkilatçılar EKO-ya üzv olan dövlətlərin diplomatik nümayəndələrinin iştirakı ilə festival qaliblərinin şərəfinə ziyafət vermişlər. Ziyafətdə İran İslam Respublikasının mədəniyyət və islamı təbliğat naziri Məhəmməd Hüseyni və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iştirak etmişlər.
   Qeyd edək ki, bu, Musiqili Komediya Teatrının son 20 ildə iştirak etdiyi ilk mötəbər sənət yarışmasıdır. Uğurlu çıxışlardan sonra kollektivə may ayında İrana 10 günlük qastrol səfəri təklif olunmuşdur. 

   Vəfa MÜHACİROVA