Bu gün fəxri adların verilməsinə qarşı cəmiyyətdə müxtəlif fikirlər səslənir. Kimisi bunun gərəkli, kimisi isə əksini iddia edir. Bu məqsədlə də fəxri adı almış və hələ bu adlara sahib olmamış teatr xadimlərinin məsələyə münasibətlərini öyrəndik.
   

   Azər Paşa Nemət ( TXİ-nin sədri, xalq artisti, professor, rejissor):
   - Mən əvvəllər düşünürdüm ki, fəxri ad lazım deyil. Hətta öz adımı da qaytarmaq fikrim vardı. Sonra ümummilli liderimiz Heydər Əliyev bütün yaradıcılıq qurumlarının rəyini öyrəndi. Teatr Xadimləri İttifaqından başqa, bütün qurumlar fəxri adların saxlanılması qərarına gəlmişdilər.
   Bugünkü şərait üçün hesab edirəm ki, fəxri adlar pərakəndə paylanılır. Bu səbəbdən də böyük rolu olduğunu deyə bilmərəm. Düşünəndə ki, bu adlara Şövkət Ələkbərova, Tofiq Quliyev, Cahangir Cahangirov, Cövdət Hacıyev kimi sənətkarlar layiq görülüblər. Onda adam daha bir söz demək istəmir.
   
   Rəhman Əlizadə (Kukla Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi):
   - Hazırda isə Azərbaycan cəmiyyətində incəsənət adamının özünü təsdiq etməsi üçün fəxri ad lazımdır. Ad olmadan onun fəaliyyətində durğunluqlar yaranacaq.
   Teatr tarixinə nəzər salsaq, otuz beş yaşından aşağı olan heç bir rejissor fəxri ad almayıb. Əslində isə bu asan iş deyil. Bu adı almaq üçün rejissor ən azı otuza yaxın tamaşa hazırlamalıdır. Onu da qeyd etmək istərdim ki, sovet dövründə elə incəsənət xadimləri vardı ki, onların altmış yaşında ya fəxri adları yoxuydu, ya da xalq artisti adını almadan dünyadan köçürdülər. Fəxri adlar həm də maaş və mükafatların alınmasına təsir edir. Əks halda incəsənət adamı ikinci işlə məşğul olmaq məcburiyyətində qalır. Düşünürəm ki, fəxri ad alanların işləri fərqli meyarla ölçülməlidir. Avropada teatr akademiyasi deyilən bir qurum var ki, professorlar tərəfindən teatr prosesi daim izlənilir. Çünki onlar teatra millətin simasi kimi baxırlar. Bu cür cəmiyyətlərdə heç bir fəxri ada ehtiyac yoxdur. Onlar üçün görülən işin nəticəsi vacibdir.
   
   Nicat Kazımov (Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və aparıcı aktyoru):
   - Özünütəsdiq fəxri adlarsız da mümkündür. Bu birmənalı belədir. Mən iyirmi ilə yaxındır ki, teatrda, televiziyada işləyirəm və fəxri adım da yoxdur. İndiyə qədər bu mənim fəaliyyətimdə hansısa bir çətinlik yaratmayıb. Amma fəxri ad hər hansı bir stimul verir. Şəxsən bu ad mənə başqa şeylərə görə lazımdır. Fəxri adın olanda mükafat almaq asan olur. Yəni yada tez düşürsən, ev problemin həll olunur. Ancaq tamaşaçı üçün fəxri adın heç bir fərqi yoxdur. Tamaşaçı gəlir, tamaşaya baxır və onun üçün kimin xalq və ya sıravi artist olması önəmli deyil. Onu tamaşadakı obrazlar maraqlandırır.
    Mədəniyyət və Turizm Nazirliyinin «Zirvə» mükafatını ilk dəfə mən “Pəri Cadu” tamaşasına görə almışam. Doğrusunu deyim ki, fəxri adımın olmasını çox istərdim. Niyə də olmasın?
   Mənimlə işləyən Xuraman Hacıyeva, Gülşən Qurbanova, Firəngiz Şərifova, Solmaz Qurbanova fəxri ad daşıyan aktrisalar idilər. Doğrusu, mən də onlara bənzəməyə can atırdım.    

   Novruz Qartal (Musiqili Komediya Teatırnın aktyoru):
   - Əməkdar artist adı incəsənət xadiminə fəaliyyəti dövründə fərqləndiyinə görə təqdim olunur. Xalq artisti adı isə bir qədər populyarlışdıqdan sonra verilir. Düşünürəm ki, bu adlar layiq olan sənətçilərə verilməlidir, layiq olanlara veriləndə söz-söhbət də yaranmır. Mən 42 ildir teatr səhəsində çalışıram və bu illər ərzində qastrollarda, hərbi hissələrdə olmuşam. İmkanım daxilində sənətə xidmət etmişəm. Buna baxmayaraq heç vaxt fəxri adın iddiasında olmamışam. Hər zaman düşünmüşəm ki, əgər az-çox bəyənilirəmsə, sənətim alqışlanırsa, deməli, xalq məni sevir və tanıyır. Amma fəxri ad sənət adamına lazımdır.
   
   Ramil Qasımov (Musiqili Komediya Teatrının aktyoru):

   - Sovet dövründə yaranmış xalq artisti, əməkdar incəsənət xadimi, SSRİ xalq artisti kimi fəxri adlar sənətçilərə lazımi göstərişlər verirdi. Bunlar da mədəniyyət işçilərinə ruh yüksəkliyi verirdi. Amma bu gün dünyanın inkişaf etmiş ölkələrində bu sahədə vəziyyət fərqlidir. Onlarda bu cür fəxri adlar yoxdur. Nəzərə alsaq ki, dünyanın ən böyük vokal ifaçıları Xose Karears, Pavorotti, Kabalye, Marie Leons və b. heç bir adları olmadan da sənətlərinin ən böyük zirvəsinə qalxıblar. Və biz onları fəxri adlarına görə yox, sənətdəki uğurlarına görə tanıyırıq. Deməli, sənətçini fəxri ad yox, onun gördüyü işlər sevdirməlidir.
   Sənətçilərin maddi cəhətdən mükafatlandırmaları daha yaxşı olardı.
   
   Günel Qəhrəmanova