Getmə qatarım, gözəl qatarım,
Sən idin qəlbimə həmdəm.
Məni də özünlə apar,
Əzabdan canımı qurtar.
Bu şeir parçası Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulan “Axırıncı qatar” və yaxud “İtlər” tamaşasında səsləndi. Əsər Sergeyenkonun “Əlvida yarğan” povesti əsasında İlqar Fəhmi tərəfindən yazılmışdır.
İki hissəli tamaşa əvvəllər səhnələşdirilsə də, bu dəfə fərqli aktyor ifası və orijinal bir formada tamaşaçıyla görüşdü. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
Səhnə əsərinin fəlsəfi bir ideologiyası var. Burada fərqinə varmadan yanlarından ötüb keçdiyimiz insanların həyatları əks olunur. Komik və ciddi səhnələrlə problemləri qabardılır, kütləşmiş insan beyinlərini düşünməyə vadar edir. Amma fərqli bir üslubda…
Tamaşada insan xarakterləri itlər cəmiyyətində baş verən hadisələrin əhatəsində açılır. Bu yarğanın da özünəməxsus qanun-qaydaları var. İnsan cəmiyyətində olduğu kimi: güclü ağalıq edər. İtlərin adları da onların xarakterlərini əks etdirir. Qara (İlqar Cahangirov) adlı it fikirləri, düşüncələri ilə ağalıq etdiyi itlərə pislik etməyi öyrədir. Onlar da özlərinin şəxsi düşüncələri olmadığından deyilənlərə əməl edirlər. Həm də onlar acizdirlər. Bununla yanaşı, biri oxumağı çox sevir. Adı Manısdır (Şövqi Hüseynov). Yoldan ötən qatarlara minir və mahnılar oxuyur. Onun humanist bir tərəfi də var. Axırıncı qatarla işdən evə qayıdan kasıblar üçün oxumaq onu daha çox sevindirir. Ağ geyimdə konsert salonunda oxumaq ən böyük arzusudur. Çox təəssüf ki, o, buna nail olmadan həyatdan gedir.
Professor (Emin Sevdiməliyev) gözündə eynəyi insanlar kimi kitab və qəzet oxuyur. Yarğanın çox bilənidir.
Bütün bu haqsızlıqlara qarşı dayanan bir Məğrur (Nofəl Vəliyev) obrazı da var. Onun adı da özü kimi məğrurdur. Azadlığı çox sevir və daim bunun üçün mübarizə aparır. Burada millətlərarası fərq də bir problem kimi əks olunur. Belə ki, Məğrur varlı ailədən Panasonikə (Gülər Nəbiyeva) aşiqdir. Panasonik pişikdir. O da vətən həsrəti çəkir. Əsli Yaponiyadan olan bu pişik xarakterinə görə Məğrura yaxındır. Yarğandakı itlər onu qəbul etmirlər. Məğrur üçün isə bunun heç bir fəqi yoxdur. O, dostluqda da möhkəmdir. Ən gözəl insani keyfiyyətlər onun vasitəsilə tamaşaçıya çatdırılır. Lakin sonda dostlarını çox sevdiyi üçün özünü onların yolunda qurban verir. Qara Manısa buldok itinin hücum etməsindən və onun ölməsindən çox qəzəblənir. İnsanlara müharibə elan edir. İtlərə, dişləməyi əmr edir. Məğrur: “Əgər insanlarla müharibə etsəniz, sonda uduzan siz olacaqsınız. Siz azad deyilsiniz, ürəyinizin istədiyini edə bilmirsiniz”. Məğrurun israrlarına məhəl qoymayan itlər sonda it ovçularının qəzəbinə tuş gəlirlər.
İnsan hisslərini bütün açıqlığı ilə göstərən tamaşa düşünməyə, görmədiklərinin fərqinə varmağa çağırır.
Günel QƏHRƏMANOVA