Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında festivalın açılışı oldu 
   
   Bu dəfə qapılar tamaşaçıları gözləmədi. Tamaşaçılar vaxtından əvvəl gəldiklərindən qapının açılmasını gözlədilər. Bunu festival üçün uğurlu əlamət də saymaq olardı. Axı, teatr asılqandan başlayır...
   Teatr festivalının keçirilməsi hansı zərurətdən yarandı? Bu festivalın teatrlarımızın inkişafında nə kimi rolu olacaq? “Ölüm hökmü” səhnə həllini tapa biləcəkmi? Bu suallara cavab tapmaq o qədər də çətin olmadı. Festival barədə ilk açıqlamanı mədəniyyət və turizm naziri cənab Ə.Qarayev verdi.
    

   “TEATRLARIMIZ YAŞAYIR, İNKİŞAF EDİR”
   
   - Milli Teatr Festivalının keçirilməsi cənab prezident İlham Əliyevin teatr sənətimizin inkişafına dair imzaladığı böyük dövlət proqramının tərkib hissəsidir. İlk dəfə olaraq bu gündən etibarən noyabr ayının 9-na qədər Azərbaycanda fəaliyyət göstərən bütün teatrların tamaşaları regionlarda oynanılacaq, tamaşaçılara təqdim olunacaq. Bu layihə Azərbaycan teatr sənətinin inkişafı ilə yanaşı, tamaşaçı kütləsinin genişləndiriməsinə, teatr sənətinə marağın bərpasına böyük təkan verəcəkdir.
   Bu gün festival Gəncə Dövlət Dram Teatrının “Ölüm hökmü” tamaşasıyla başlayır. Əminəm ki, teatr festivalında bizi maraqlı görüşlər gözləyir. Bütün teatr kollektivlərinə festivalda uğurlar arzulayıram. Əsas odur ki, teatrlarımız yaşayır, inkişaf edir, gələcəkdə də yaşayacaq və inkişaf edəcək.   

   “BU ROMANIN QƏHRƏMANI BÜTÜN AZƏRBAYCAN XALQIDIR”
   
   Xalq yazıçısı Elçin Əfəndiyev:
   
   - Bu il ilk dəfə olaraq Azərbaycanda Milli Teatr Festivalı keçirilir. Bu möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı əsasında, respublika miqyasında olan teatr festivalıdır.
   Bugünkü teatr festivalı mənim romanım əsasında hazırlanmış tamaşayla açılır. Görkəmli rejissorumuz Bəhram Osmanov Gəncə Dövlət Dram Teatrında bu əsəri səhnələşdirib. Mən bu tamaşanı görməmişəm, ilk dəfə sizinlə bir yerdə baxacam.
   Xatırladım ki, bu pyes “Ölüm hökmü” romanımın əsasında Bəhram Osmanovun səhnələşdirdiyi bir əsərdir.
   Belə hesab edirəm ki, teatr festivalının Gəncə teatrıyla açılmasının özü də çox təqdirəlayiqdir. Çünki Gəncə böyük teatr ənənələri olan bir şəhərdir.
   Yazıçı əsərin taleyi barədə də danışdı.
   - O dövrdə əsərin çap olunmasına heç bir ümidim yox idi. 1987-88-ci illərdə artıq “perestroyka” dediyimiz məsələ ortaya çıxmışdı. Sovet sisteminin sütunları xeyli laxlamışdı. Belə bir vaxtda roman çap olundu. Elə bilirəm ki, romanın aktuallığı bu gün də öz əhəmiyyətini itirmir. Çünki bu romanın qəhrəmanı bir nəfər yox, iki nəfər yox, o dövrü yaşamış bütün Azərbaycan xalqıdır. Hər halda, ona çalışmışam ki, xalqım haqqında bir roman olsun.    

   SƏHNƏ ÜÇÜN SƏHNƏ
   
   Teatr festivalı Gəncə Dövlət Dram Teatrının hazırladığı “Ölüm hökmü” tamaşasıyla açıldığından, tamaşanın rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun da ürək sözlərini eşitmək istədik.
   - Bu festivala Gəncə teatrı xalq yazıçısı Elçinin “Ölüm hökmü” romanı əsasında səhnələşdirimiş eyniadlı tamaşa və Əli Əmirlinin “Varlı qadın” pyesi ilə qonaq gəlib. “Ölüm hökmü” tamaşası iki gün Gənc Tamaşaçılar Teatrında nümayiş olunandan sonra, ayın 24-də Sumqayıt Dövlət Musiqili Dram Teatrında oynanılacaq.
   Rejissor maraqlı bir fakt da açıqladı:
   - Bakı teatrsevərləri çoxdandı Gəncə Dövlət Dram Teatrının tamaşalarını izləmirlər. Gəncə teatrı axırıncı dəfə Bakıda 1982-ci ildə olub. İnanıram ki, regionda hazırlanan tamaşa heç də Bakıda hazırlanan tamaşalardan o qədər də zəif deyil. Çünki hər iki tamaşada çox maraqlı aktyorlar - xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Əli Allahverdiyev, Akif Səfərov, Ramiz Vəliyev, aktyor İlham Hüseynov və başqaları çıxış ediblər.
   “Niyə məhz bu əsərə müraciət etdiniz” sualına da rejissor aydınlıq gətirdi:
   - 80-ci illərin axırında Elçin müəllim “Ölüm hökmü” adlı çox böyük bir roman yazdı və roman keçmiş SSRİ-nin bir çox respublikalarında müxtəlif dillərdə çap olundu. Bu roman əsasında vaxtı ilə Gənc Tamaşaçılar Teatrında Loğman Kərimov eyniadlı pyes hazırlayıb. Mən bu roman əsasında pyesi 1989-cu ildə işləmişəm. Müəyyən səbəblərdən bu əsər o vaxt tamaşaya qoyulmadı.
   Gəncə teatrına ezam olunandan sonra Bəhram Osmanov Azərbaycanın 80 illik tarixinin bir daha və çox xırda-xırda, incə-incə araşdırılması üçün məhz bu əsərə müraciət edir.
   Teatr festivalının açılışını səbirsizliklə gözləyən tamaşaçıların gözlədikləri an yetişdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalı açaraq bu əlamətdar gün münasibəti ilə teatrsevərləri təbrik etdi.
   
   SƏHNƏDƏ “ÖLÜM HÖKMÜ”
   
   Pərdələr açıldı. “Ölüm hökmü” başladı. Xalqımızın taleyindən keçən qırmızı imperiyanın qan ləkələri, insan faciələri, işıqlı gələcəyə “uçan” insanların zülmətdə azması və sonda Tanrıdan kömək istəməsi... səhnələri bir-birini əvəz etdi.
   Yaşadığımız o dövrə, müsibətlərimizə, başımızın üstündə hər an peyda ola biləcək ölüm hökmünə səhnədən belə həyəcansız baxmaq mümkün olmadı...
    Çoxqatlı, çoxlaylı bir romanın səhnə həlli çətin olsa da, rejissor yozumu, tamaşa boyu maraqlı manevr diqqət çəkdi, düşündürdü və heyrətləndirdi...
   Böyük məharətlə sovet cəmiyyətinin ağlasığmaz “gerçəklikləri”ni “oynayan” aktyorların yaddaqalan ifası tamaşa boyu alqışlarla qarşılandı.
   Zamanın qatarı sonda bütün olanların üstündən şütüyüb keçdi. Qanlı imperiyanın qanlı izləri isə tarixin səhifəsindən hələ çox boylanacaq. Festivalın ilk tamaşası alqışlarla qarşılandı. Xalq yazıçısı Elçin sənhəyə çıxaraq aktyorları təbrik etdi.
   Festivalın ilk günü beləcə dolğun təəssüratla başa çatdı. Əslində teatr festivalı elə bir səhnədir ki, hər teatr səhnələşdirdiyi tamaşaları nümayiş etdirir. Bir il ərzində teatrlarımız teatr sənəti naminə səhnələrdə öz yaradıcılıqlarını nümayiş etdirəcəklər. Bütün teatrlara uğurlar diləyirik.
   
   T.Məmmədova