İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi bugünlərdə Dərbənd şəhərində qastrolda olub. Kollektiv dərbəndli teatrsevərlər qarşısında rejissor Nazir Rüstəmovun quruluşunda Aqşin Babayevin “Xilaskar”, Elçin Əfəndiyevin “Qatil”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”, Hidayətin “Bu dünyanın adamları” tamaşalarını nümayiş etdiriblər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan qastroldan qayıdan kollektivin təəssüratını öyrənmək məqsədilə teatra baş çəkdik. Dərbənd səfərindən məmnunluqla danışan teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev və truppa rəhbəri Elnarə Heydərova bu cür qastrolların böyük əhəmiyyət daşıdığını vurğuladılar.
   
   İftixar Piriyev səfərin Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə gerçəkləşdiyini vurğuladı: “Bu çox maraqlı, həm də çox əhəmiyyətli bir təşəbbüs oldu. Məqsəd respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımıza mədəni xidmət göstərmək, milli-mənəvi dəyərlərimizə maraq oyatmaq, azərbaycançılıq ideyasını təbliğ etmək və onlarda milli dəyərlərə dərin maraq yaratmaqdır. Məhz bu səbəbdən onlarla teatr və mədəniyyət müəssisələrinin vaxtaşırı görüşünü təşkil etmək bir vəzifə olaraq qarşıya qoyuldu. Eyni zamanda bu, bir layihə şəklində də hazırlandı və onun həyata keçirilməsi ilk olaraq İrəvan teatrına həvalə olundu. Qeyd edim ki, bundan öncə belə bir səfərimiz Gürcüstana olmuşdu. Tiflis şəhərində və ətraf rayonlarda yaşayan soydaşlarımız qarşısında geniş proqramla tamaşalar göstərmişdik.
   Həmin layihənin davamı olaraq bu il mart ayının 14-dən 27-dək Dərbənd şəhərində və ətraf kəndlərində səfərdə olduq. Bizi orada şəhərin rəhbəri Qurban Qurbanov, mədəniyyət nümayəndələri və ziyalılar qarşıladı. İlk tamaşamız Aqşın Babayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Xilaskar” əsəri oldu. Daha sonra dörd tamaşa ilə - Elçin Əfəndiyevin “Qatil”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz”, Hidayətin “ Bu dünyanın adamları” əsərləri və Novruz bayramı tamaşası ilə çıxış etdik.
   Dərbənd ətrafındakı bir çox yaşayış məntəqələrində də olduq. Deyim ki, camaat tərəfindən çox maraqla və xoş əhval-ruhiyyə ilə qarşılandıq. “Xilaskar” tamaşası oynanılarkən bu torpaqda yaşayan hər bir azərbaycanlıda Heydər Əliyev şəxsiyyətinə nə qədər böyük hörmət və ehtiramın oluğunun şahidi olduq. Əlbəttə, bu bizim hər birimizdə qürur hissi doğururdu.
   Cəmilkənd adlı yaşayış məntəqəsində də olduq. Bu kənd digər yaşayış məntəqələrinə nisbətən daha abad idi. Kənddəki Heydər Əliyev adına orta məktəbə baş çəkdik. Məktəbdə böyük liderin büstü qoyulub, xatirə muzeyi yaradılıb. Bu kənddə də bir tamaşa göstərdik.
   Səfərdə olduğumuz müddətdə demək olar ki, hər gün ictimaiyyət qarşısında 2-3 tamaşa göstərirdik. Son tamaşamız Səlim kəndində oldu.
   Səfərimiz başa çatarkən Dərbənd şəhərinin rəhbəri Qurban Qurbanovla bir daha görüşdük. O, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu göndərdi. Şəhər rəhbəri, eyni zamanda, kollektivimizi may-iyun ayları üçün Dərbəndə növbəti dəfə dəvət edib.
   Truppanın rəhbəri Elnarə Heydərova səfərin çox maraqlı, həm də yaddaqalan olması ilə sözə başladı: «Tamaşalarımızı qərib ölkədə, ancaq uzun illər üzlərini görmədiyimiz soydaşlarımız qarşısında oynayırdıq. Onları yaxından tanımasaq da, baxışlarında, hərəkətlərində və ürəkdən alqışlamalarında bir doğmalıq, yaxınlıq vardı. Sözün həqiqi mənasında kollektivimizin hər bir üzvündə bu qənaət yaranıb. Səfərimizdə “Xilaskar”da sədrin köməkçisi, “Subaylarınızdan görəsiniz”də Sənəmi, “Bu dünyanın adamları”nda Səkinə və Novruz tədbirlərində Bahar qızı rollarını oynadım. Rayonun bir sıra kəndlərində tamaşa göstərdik. Doğrudan da, Dərbənd səfəri kollektivimizin hər bir üzvündə maraqlı və yaddaqalan təəssüratlar yaratdı». 

   Savalan Fərəcov