Ötən həftə Dövlət Gənc Tamaşaçılar Teatrında Blangi Marvin Ş.Perronun eyniadlı nağılının motivləri əsasında “Yatmış gözəl” nağıl-tamaşasının premyerası oldu. Uşaqların və böyüklərin eyni maraqla baxdığı tamaşadan sonra bir daha əmin oldum ki, balacalar böyüyür, böyüklər hələ də balacadırlar...
   
   “Yatmış gözəl” tamaşaçını bir anlıq da olsa reallıqdan ayırıb rəngli nağıllar dünyasına aparır.
   XVII əsrin sarayı, kral, kraliça, təlxək, sözbaz saray əyanları... Şənlik qurmaq üçün ələ fürsət düşüb. Bəs necə, kralın qızı dünyaya gəlib. Bu xoşbəxtliyi hamılıqla qeyd etmək, bu sevincə şərik olmaq üçün quruluşçu rejissor Nicat Kazımovun ilk yeniliyi bir andaca gözə çarpır. Xoş xəbərin ardınca hər kəsə şirinlik paylanılır, zaldakı uşaqlar da unudulmur, axı onlar da bu xoşbəxtliyin şahidləridir. Səhnə ilə zal bir anda qaynayıb-qarışır, az qala hər kəs nağılın iştirakçısına çevrilir. Pərilər kraliçası göydən enəndə hər kəs öz yerini alır, o, körpənin gələcək taleyindən xəbər verir, körpəyə ad qoymaqda çətinlik çəkən valideynlərə məsləhətini də əsirgəmir. Dünyanın ən gözəl körpəsinin adını Gözəl qoyurlar. Şən mahnılar, bol rəqslər, xoş gülüş çingiltiləri... amma kim deyir ki, xoşbəxtliyin ömrü uzun olur...
   İfritələr kraliçası Barbel kral ailəsinin sevincinə kölgə salır. 16 yaşında Gözəli böyük təhlükə gözləyəcəyindən xəbər verir. Xeyirlə şərin əbədi mübarizəsi səhnədə, yeni personajlar arasında, ağlagəlməz üsullarla başlayır...
   Birinci hissənin sonu... Nəfəs almaq, gərginləşmiş hadisələrin davamını izləmək üçün fasilə mütləq lazımdır.
   Bir-birini tamamlayan bitkin səhnə kompozisiyaları, zövqlü musiqi seçimi tamaşaya canlılıq, dinamika, həyatilik gətirir. Personajların düzgün seçimi də tamaşanın uğurundan xəbər verir.
   Fasilədən istifadə edib quruluşçu rejissora yaxınlaşırıq. Görəsən, Nicat Kazımov niyə bu əsərə müraciət edib? Rejissor özünəməxsus səmimiyyətlə sualımızı cavablandırır:
   - Düzünü desəm, bu əsərə müraciət etmək mənim üçün çətin idi. Çünki bizdə bu səpgili tamaşalar, demək olar ki, hazırlanmayıb. Aktyorlara XVII əsrin davranışlarını, bal rəqslərini öyrətmək çətin idi. Hər şeyi sıfırdan başlamaq, ay yarıma tamaşanı ərsəyə gətirmək lazım idi. Tək aktyorlar yox, texniki heyət də həddən artıq əziyyət çəkdi. Qısa vaxtda kostyumlar hazırlamağın özü mümkünsüz görünürdü. Amma tamaşa nəzərdə tutulan vaxtda hazır oldu.
   - “Yatmış gözəl” tamaşası vasitəsi ilə uşaqlara nə demək istəmisiniz?
   - Bu tamaşada birinci növbədə uşaqlar Avropa ədəbiyyatı ilə tanış olur, eyni zamanda uşaqlara xeyirlə şərin mübarizəsini göstəririk. Onlara demək istəyirik ki, xeyirxahlıq, yaxşılıq sonda qalib gələcək.
   - Sizin tamaşalar adətən səhnəyə al-əlvanlıq gətirir. Bunun səbəbi nədir?
   - Əslində, mənim iki tamaşam var ki, ancaq ağ-qaradan, xeyir-şərdən ibarətdir. O ki qaldı al-əlvanlığa, bu yəqin daxili aləmimdən irəli gəlir. Uşaqlar üçün tamaşa hazırlayanda heç əziyyət çəkmirəm. Düçünürəm ki, bu tamaşaya baxa bilirəmsə, xoşuma gəlirsə, uşaqlar da baxacaq, uşaqların da xoşuna gələcək.
   
   İkinci hissə başlayır...
   
   Xeyir və şərin əbədi mübarizəsini, Gözəlin qarşılaşdığı ağır sınaqları, gərgin anları balaca tamaşaçılar həyəcanla, nigarançılıqla izləyir, Füsunkarın suallarına gözlənilmədən cavab verir, Gözəli Barbeldən qorumaq üçün nə edəcəklərini bilmirlər. Amma sonda gərginlik azalır, düyünlər açılır, sifətlər işıqlanır, dodaqlara təbəssüm qonur. Gözəllə Füsunkarın toyuna zaldakı uşaqlar da dəvət olunur, hətta onlara yeni libaslar geyindirilir. Balacalar səhnədəki ilk rollarından həyəcanlansalar da, tezliklə bu ötüb-keçir, onlar xoşbəxt görünürlər. Rejissorun yeniliklərindən daha biri... Xoşbəxt sonluqla bitən tamaşa sonda alqışlarla qarşılanır.
   Bu alqışlardan tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovaya, musiqi tərtibatçısı İnşallah Hüseynova və bütün yaradıcı heyətə pay düşür.
   Tamaşada baş rolları ifa edən aktyorların da deməyə sözü var.
   Tamaşa başa çatandan sonra az qala uşaqlar kimi həyəcanlı görünən Gözəl rolunun ifaçısı Asya Atakişiyeva ürək sözlərini bizimlə bölüşür.
   - Teatrda 5 ildən çoxdur işləyirəm, bu rolu mənə təklif edəndə çox sevindim. Çünki uşaq tamaşalarında oynamaq mənə xüsusi zövq verir. Gözəl obrazı teatrda ilk baş rolumdur.
   Füsunkar rolunu böyük füsunkarlıqla oynayan və uşaqların qəlbinə yol tapan Eşqin Quliyev də obrazın libasında qəlbindən keçənləri dilə gətirir:
   - Rejissor bu rolu mənə verəndə inanmadım, çünki bu, əsərdə ciddi bir roldur, amma onu komik üslubda ifa etməli idim. Onu da deyim ki, bu mənim teatrda artıq onuncu rolumdur. Düşünürəm ki, balaca tamaşaçıların diqqətini cəlb etmək, rolu onlara sevdirmək daha çətindir. Çalışıram ki, buna nail olum.
   Yəqin ki, “Yatmış gözəl” balaca tamaşaçıların hafizəsində uzun müddət qalacaq. Ən azından bu tamaşada iştirak etdiklərini nə vaxtsa xatırlayacaqlar...

   Təranə