Azərbaycan mədəniyyətinin incisi çinli sənətsevərlərin də qəlbini fəth edib
Xəbər verdiyimiz kimi, Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti 23-25 avqust tarixlərində Çinin paytaxtı Pekində nümayiş olunub.
Dünyanın bir sıra səhnələrini fəth etmiş səhnə əsəri Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstərilib.
Truppanın bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşanı 3500-dən çox çinli balet həvəskarı Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyib. Bu, yeni istifadəyə verilən Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olub.
Səhnə əsərində əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa ediblər.
Üç gün ərzində tamaşaları izləyənlər arasında Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako, Çin Böyük Teatrının direktoru Van Ninq, “İpək Yolu” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Klaudio Yanq və başqa rəsmilər, qonaqlar olub.
Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edib.
Balet tamaşasında Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da səhnəyə çıxıblar.
Tar alətində ifaları solistlər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) təqdim ediblər.
Azərbaycanın və Yaxın Şərqin musiqi əzəmətini canlandıran “Min bir gecə” baleti çinli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Bəstəkar əsərdə Azərbaycanın milli aləti – tarı orkestrə daxil edib və bütün zərb alətləri arsenalının (bonqo, tam-tam, ksilofon, vibrafon, nağara, zəng, timpani və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini tamaşaçıya tam çatdırıb.