UNESCO-da türk-oğuz eposunun ilk nəşrinin 200 illiyinə həsr olunmuş tədbir keçiriləcək
Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanın UNESCO yanında daimi nümayəndəliklərinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə aprelin 15-də qurumun mənzil-iqamətgahında UNESCO-nun 70 illiyinə və türk dünyasının eposu “Kitabi-Dədə Qorqud”un ilk çap versiyasının 200 illiyinə həsr olunan tədbir keçiriləcək.
“Qorqud irsi və türk dünyası” mövzusunda tədbirdə tanınmış mədəniyyət xadimlərinin, UNESCO rəsmlərinin iştirakı nəzərdə tutulub. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistanı təmsil edən alim və qorqudşünasların ilk yazılı əsər hesab edilən “Kitabi-Dədə Qorqud” dastanı, onun əsas məziyyətləri və nəşr tarixi barədə elmi məruzələri dinləniləcək.
Sonda Azərbaycan, Türkiyə, Qazaxıstan və Türkmənistan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, bu il “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən alman dilinə tərcüməsi və nəşr edilməsinin, dünya elm aləminə tanıdılmasının 200 ili tamam olur. Prezident İlham Əliyev 20 fevral 2015-ci il tarixində bu əlamətdar yubileyin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olub. Ötən müddətdə dastanla bağlı çox sayda araşdırmalar aparılıb və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.