Azərbaycanda keçirilən Gürcüstan Mədəniyyəti Günləri çərçivəsində iyunun 23-də Gənc Tamaşaçılar Teatrında Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrı “Biderman və təhrikçilər” tamaşasını təqdim etdi. Alman yazıçısı M.Frişin eyniadlı əsəri əsasında hazırlanan tamaşa gürcü teatrının bugünü barədə dolğun təəssürat yaratdı.
Tamaşanın başlanmasına az vaxt qalmasına baxmayaraq teatrın truppa rəhbəri, eyni zamanda, tamaşada Mario rolunu ifa edən və çoxlarımızın “Ad günü” filmindəki Əli rolundan yaxşı tanıdığımız David Darçia imkan tapıb suallarımızı cavablandırdı: «Mən Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun çəkdiyi “Ad günü” filmində Əli roluna çəkilmişəm. Bu rol mənim sevdiyim rollardan biridir. Bu rola görə Azərbaycan Dövlət Mükafatına layiq görüldüm».
O günləri xoş xatirələrlə yad edən David Darçiya iki il əvvəl Azərbaycanda qastrol səfərində olduqlarını və bu səfər zamanı “Hamlet” və “İnsan və o” tamaşalarını Azərbaycan teatrsevərlərinə təqdim etdiklərini bildirdi. Çalışdığı doğma teatrı barədə ürək dolusu danışan aktyor bildirdi ki, teatrları 131-ci mövsümün bağlanışına hazırlaşır: “Teatrımızda müasir, eyni zamanda yaradıcı insanlar çoxdur. Robert Sturua kimi məşhur, dahi rejissorumuz var və demək olar ki, Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrı dünyanın əksər ölkələrində, o cümlədən İngiltərə, Almaniya, Meksika səhnələrində uğurla çıxış edib. Payız mövsümündə teatrımız Paris və Praqaya qastrol səfərinə yollanacaq».
Azərbaycan xalqını, Bakını çox sevdiyini deyən David Darçiya özünü evindəki kimi rahat hiss etdiyini və iki dost xalqın mədəniyyət mübadiləsini yüksək qiymətləndirdiyini bildirdi.
Böyük sənət
heyrətləndirmək gücünə malikdir
Zaman-zaman öz üslubu və məziyyətləri ilə seçilən gürcü kinosu kimi, bu gün gürcü teatrı da öz dəst-xətti ilə seçilir. Quruluşçu rejissor Robert Sturuanın böyük ustalıqla səhnələşdirdiyi tamaşanı Qoqi Aleksi-Mesxişvilinin rəssam təxəyyülü və Qiya Kançelinin musiqisi tamamlayır. Mükəmməl rejissor işi, qeyri-adi aktyor oyunu, yüksək səviyyəli rəssam işi sənətdən və sənətkarlıqdan xəbər verir. Biderman rolunda Zaza Papuaşvili, Anna rolunda İya Suxitaşvili, İozeff rolunda Beso Zanquri və başqa aktyorların iştirak etdiyi 1 saat 45 dəqiqəlik tamaşa qeyri-adiliyi ilə yadda qaldı.
Teatrşünas Məryəm Əlizadə tamaşa barədə təəssüratlarını oxucularımızla bölüşdü.
- Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının dünyaca məşhur Robert Sturuanın quruluşunda təqdim olunan “Biderman və təhrikçilər” tamaşası məndə böyük təəssürat yaratdı. Mən bu əsərin Moskvada, Sankt-Peterburqa müxtəlif quruluşda tamaşalarına baxmışam. Gürcü teatrının tamaşasına heyran qaldım. Sturua özünün teatr estetikası olan bir rejissordur. Bu dəfə yenə də onun çox gözlənilməz bir rejissor yozumu ilə qarşılaşdım. Bu gün gürcü xalqının ictimai-siyasi problemlərinin qabardılması üçün Sturua əsərdən çox ustalıqla istifadə edib. Tamaşada məni heyran eləyən bütün bu qatların güclü bədii obrazlar vasitəsi ilə yozulan bir tamaşaya çevrilməsi oldu.
İlk növbədə dramaturji xətt, quruluşçu rejissor, quruluşçu rəssam və aktyor heyəti bitkin şəkildə bir-birini tamamlayırdı. Quruluşçu rəssamın işi son dərəcə maraqlı idi. Zahirən sadə, amma əsərin və rejissorun ideyasını açmaqdan ötrü son dərəcə yüngül, çevik bir rəssam işi vardı. Onu da deyim ki, bu teatrın tamaşalarını izləyirəm. Hər dəfə də teatr məni heyrətləndirir. Böyük sənət heyrətləndirmək gücünə malik olmalıdır.
Tamaşada son dərəcə güclü bir aktyor ansamblı gördüm. Bu məni çox həyəcanlandırdı. Azərbaycan teatrı bu səviyyədə aktyor ansamblı uğrunda mübarizə aparmalıdır. Həm də çox sevindim ki, Azərbaycanın teatr xadimləri yaxşı bir nümunəyə baxmağa gəlmişdilər. Gördük ki, aktyor səhnədə necə işləməlidir. Tamaşada rejissorun, rəssamın və aktyorun yüksək zövqünü, yüksək sənətkarlığını gördüm.
Biderman rolunu ifa edən Zaza Papuaşvili möhtəşəm, qeyri-adi bir aktyor idi, onun xanımı Babeta rolunu ifa edən Nino Kaspadzenin, Anna obrazını məharətlə yaradan İya Suxitaşvilinin aktyor ifası möhtəşəm idi. Hər balaca hissədə mətnaltı vurğular, bədii ehkamlar son dərəcə sənətkarlıqla verilmişdi. Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm ki, Gürcüstan Mədəniyyəti Günləri çərçivəsində belə gözəl nümunələrlə tanış olmağımıza imkan yaradır.
Sonda onu qeyd edək ki, gürcü teatrının “Biderman və təhrikçilər” tamaşası əsl sənət əsəri kimi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.
Təranə