II Respublika Kukla Teatrları Həftəsinin təəssüratları
   
   
   Hələ Bakıdayıq
   
   Qax rayonunda təşkil olunan II Respublika Kukla Teatrları Həftəsində iştirak etmək təklifini həvəslə qarşıladım. Sevindim ki, həm Azərbaycan Dövlət Kukla Teatrından başqa, haqqında demək olar ki məlumatım olmadığı digər kukla teatrları ilə tanış olmaq imkanı yaranacaq, həm də füsunkar təbiəti haqqında çox eşitdiyim Qaxı gəzib-görməyə zamanım olacaq.
   İyunun 16-da, Azadlıq meydanında bizi Qaxa aparacaq avtobusların yanında çox sevdiyim xanımları - professor Məryəm Əlizadə ilə Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadəni, yaradıcılığına hörmət bəslədiym görkəmli yazıçı-dramaturq Əli Əmirli ilə tanınmış tənqidçi-teatrşünas Aydın Talıbzadəni görəndə isə lap şadlandım (dostum, Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov isə Gəncə Dövlət Kukla Teatrı ilə Qaxa gələcəkdi). Deməli, festival günlərimiz həqiqətən maraqlı keçəcəkdi. Teatra qəlbən bağlı olan və onu bilən yaradıcı insanların yanında darıxmaqmı olar?!
   
   Yaşıl yamaclı dağlar bizə qucaq açdı...
   
   Hələ azından 410 kilometr yolumuz var. Rahat, kondisionerli avtobusun sərnişinləri maraqlı, söhbətcil... Adını çəkdiyim tanınmış şəxslərlə birlikdə Dövlət Kukla Teatrının kollektivi də bizimlədir. Yolboyu teatr-sənət söhbətləri bir-birini əvəz edirdi.
   Qax rayonuna yaxınlaşdıqca avtobusun pəncərələrindən görünən yaşıllıqlar sıxlaşır, Böyük Qafqazın çılpaq ətəkləri, bom-boş yamacları göz oxşayan yaşıllıqlarla əvəz olunurdu. Şəkidən burulub Qax şəhərinə aparan yolboyu təmizlik, abadlıq göz oxşayırdı.
   Nəhayət, festival iştirakçıları üçün ayrılmış məkana yetişdik. İlk gözümüzə dəyən bir tərəfi dik dağ yamacına dirənən «Yaşıl park»dan ətrafa açılan mənzərə oldu. Çoxumuz belə yamyaşıl yamac, zirvəsi qarlı dağ, başı buludlardan uca yüksəklik görməyə alışmamışdıq deyə, heyran-heyran ətrafa boylanırdıq. Qulağımızı oxşayan Kürmük çayının şırıltısı (dörd gündən sonra əmin olacaqdıq ki, Kürmük hərdən «nərildəyir» də) ilə gördüyümüz mənzərə yol yorğunluğumuzu unutdurdu.
   Çantalarımızı otaqlara qoyub əynimizi dəyişdik və tələsik qaldığımız istirahət mərkəzinin ətrafını gəzməyə çıxdıq. Belə bir tədbiri vətənimizin bu cür dilbər guşəsində təşkil etdiyi üçün Mədəniyyət və Turizm Nazirliyinin ünvanına alqış söyləyə-söyləyə gördüyümüz mənzərələrdən zövq aldıq. Çoxumuz yalnız sabah, Qax Dövlət Kukla Teatrının ilk tamaşasına baxanda biləcəkdik ki, bu rayonun nəinki ölkə miqyaslı, hətta beynəlxalq səviyyəli kukla teatrları festivalına ev sahiblik etməyə mənəvi haqqı çatır. Hələliksə yaşıllıqlar diyarı Qaxın gözəlliyinə heyran kəsilmişdik, ciyərdolusu təmiz hava alırdıq..
   
   Bayram belə başlayır...
   
   İyunun 17-də festival iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qax şəhərində ucaldılmış abidəsinin önünə tər çiçəklər düzdülər, Azərbaycanın müstəqilliyinin memarının xatirəsinə ehtiramlarını bildirdilər. Mərasimdən sonra rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev festival iştirakçıları ilə birgə Qax Dövlət Kukla Teatrına gəldi və burada təntənəli açılış mərasimində iştirak etdi. Bu barədə qəzetimiz xəbər vermişdi deyə, təkrara yol vermək istəmirəm. Açılış mərasimindən sonra hamılıqla ev sahiblərinin - Qax teatrının ifasında «Turp» rus xalq nağılı əsasında hazırlanmış sözsüz nağıl-tamaşaya baxdıq.
   
   Qızıldan törəyən «Turp», onun içindən çıxan «Dünya»
   
   Yəqin ki, bu nağıl Azərbaycanda rus dili yayılan zamanlardan məşhurlaşıb. Qayəsi «güc birlikdədir» və «ümumi işin xətrinə xırda düşmənçiliyi unutmaq» olan bu nağılın yazı variantı cəmi iki abzasdır. Amma Qax teatrının baş rejissoru Yusif Abdurahmanov və quruluşçu rəssam Mayis Abdullayev pantomim və İndoneziya kölgə teatrı elementlərindən məharətlə istifadə edərək aktyorları bir kəlmə danışdırmadan, çox az ifadə vasitələri ilə mənalı tamaşa hazırlamağa müvəffəq olmuşdular.
   Əkilən qızıldan turp əvəzinə göyərən Yer kürəsi soyuq silahdan da, atom bombasından da hürküb ağ göyərçinin dimdiyində fəzaya qalxır. İnsanların bəd əməllərindən cəzanə gələn dünyamızın indiki halına tam uyğun bir sonluq!
   
   Beş teatr, on tamaşa və... qütbləşən təəssürat
   
   Əslində hər hansı teatr tamaşası barədə təhlil xarakterli fikri teatrşünaslar, yəni yaradıcılıq xüsusiyyətlərinə görə teatra mədəniyyətdən yazan jurnalistdən bir köynək yaxın olan kəslər bildirməlidir. Mən isə cəsarət edib, fikirlərimin kimin üçünsə maraqlı olduğunu düşünərək, beş teatrın on tamaşasına baxandan sonra ümumiləşdirdiyim təəssüratı oxucularla bölüşürəm.
   Azərbaycandakı bütün kukla teatrlarının yaradıcı potensialı var. Aktyorların əksəriyyətinin gənc olması, digər kollektivlərin tamaşalarını maraqla seyr etməsi, fikir yürütməsi belə düşünməyə əsas verir. Üstəlik istər Naxçıvan, istər Gəncə, istərsə də Salyan teatrlarında çalışan bu gənclərin çox uzağa getmədən Bakıda və Qaxda təcrübə keçmək, ustad dərsləri almaq imkanı var. Bizim kukla teatrlarımıza mütləq dünya kukla teatrlarında istifadə edilən yeni texnologiya, müasir avadanlıq gətirilməlidir ki, öz yaradıcılıq potensialımızı daha parlaq göstərə bilək.
   Ən başlıcası, məxsusi kukla teatrları üçün dram əsərləri yazılmalı, nəsr əsərləri və şifahi xalq ədəbiyyatı nümunələri bu janrın tələbləri nəzərə alınaraq səhnələşdirilməlidir. Təbii ki, həmin əsərlərin estetik tərbiyəvi istiqaməti pyesin mənəvi-əxlaqi təsirindən az əhəmiyyətli deyil. Çünki kukla teatrı bir növ təhsilin təməlinin qoyulduğu ibtidai məktəb kimidir. İlk müəllim nə qədər savadlı pedaqoq və mənəvi-psixoloji cəhətdən bitkin şəxsiyyət olarsa, ondan ilk dərs alanlar da bir o qədər yüksək mədəni zövqlü və savadlanmağa daha meyilli olarlar. Amma bizdə hərdən tərsinə olur. Dramaturq Əli Əmirlinin sözləri ilə desək, digər teatr janrlarında uğur qazanmayan müəlliflər öz adlarını heç olmasa, Kukla Teatrının afişasında görmək istəyirlər. Paytaxt teatrlarında bu istəyi yeridə bilməyəndəsə üz tuturlar əyalət teatrlarına. Sonra da təəccüblənirik ki, niyə teatrlarımızın tamaşa salonlarında boş yerlərin sayı artır, yüngül şou həvəskarları isə ildən-ilə çoxalır.
   
   Gəzdiklərim, gördüklərim...
   
   Böyük bir heyətlə yola çıxmaq, onların maraqlarını bir istiqamətə yönəltmək çətindir. Üstəlik tamaşalarını oynamış aktyorlar bu səfalı yerdə dincəlməyə, hələ çıxışı gözlənilən kollektivlər isə məşq etməyə, daha çox üstünlük verdiklərindən Qaxda ürəyim istəyən qədər gəziş-dolaşa bilmədim. Amma rayon İH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Ziyafət Xasıyeva ilə Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudovun tərtib etdiyi proqram tamaşalardan sonra Qaxda bir qədər gəzməyə imkan verdi.
   Məlumat üçün deyək ki, Qax rayonunun ərazisində iki dünya əhəmiyyətli, 18 ölkə və 48 yerli əhəmiyyətli abidə qeydə alınıb. Onlardan 48-i memarlıq, 18-i arxeoloji, 2-si monumental-xatirə abidəsidir.
   
   Sultanlar yurdu - uca İlisu
   
   Qax rayonuna gələsən, amma məşhur İlisu kəndinə baş çəkməyəsən? Bu ona bənzəyir ki, Parisə səfər edirsən və Eyfel qülləsini görmədən geri dörünsən. Odur ki, elə festivalın ilk günü axşamüstü yığışıb İlisuya qalxdıq. Kənddəki qədim evlər, memarlıq abidələri, üzü yoxuşa dirənən ensiz kənd yolu şəhərdə böyümüş festival iştirakçıları üçün daha maraqlı idi. XVII əsrə aid Ulu məscid, Sumuq qala, Ulu körpü İlisu kəndinin şanlı tarixindən xəbər verir. Bu kəndi etnoqrafik qoruq kimi qorumaq, milli-yerli memarlıq üslubuna xələl gətirən binaların tikilməsinə qadağa qoymağın vaxtı çatıb.
   Əslində İlisu kəndinin özü təbiət qoruğunun içindədir. Böyük Qafqazın cənub yamacında yerləşən, sahəsi 9,26 min hektara çatan İlisu təbiət qoruğu 1987-ci ildə təşkil edilib. Dik və sıldırımlı yamacların təxminən 90 faizi sıx meşəlik, qalanı isə çəmənlikdir. Qırxa qədər ağac və kol növünün bitdiyi qoruqda yaşayan heyvanlardan qonur ayı, vaşaq, qartal, Qafqaz tetrası Qırmızı kitaba düşüb.
   
   Uzun, incə bir yoldayam...
   
   Bütün türk soylarının sevib xatirəsini əziz tutduğu Yunis Əmrənin bu misrasını ədəbi irsə bələd olmayanlar da bilir. Amma çoxları bilmir ki, onun məzarı Qax rayonunun Oncallı kəndinin ərazisindədir. Nə qədər mübahisəli, şübhəli görünsə də, Yunis Əmrənin də Molla Nəsrəddin, Cəlaləddin Rumi kimi bir neçə rəmzi qəbrinin olması ehtimalı var. Hər halda Nazim müəllimin bələdçiliyi ilə bu qədim məzarı ziyarət etdik, onun ruhuna salavat çevirdik. Nazim müəllimin dediyinə görə, illərdir ki bura ziyarətgahdır, həftənin birinci və dördüncü günü insanlar buraya gəlir, ziyarət edir, qurban kəsirlər. Nəzir qutusu isə ildə bir dəfə açılır, içindən çıxan vəsait ziyarətgahın abadlaşdırılmasına sərf edilir.
   Biz isə Oncallı meşəsindən çıxıb daha yaxın dövrün böyük qəhrəmanı -Şeyx Şamilin naibi Hacı Muradın məzarını ziyarətə yollanırıq. Məzar Tanqıt kəndinin yaxınlığında, fındıq bağları arasından keçən dar cığırın sonunda yerləşir. Deyilənə görə, Hacı Muradın məzarını ziyarət edərkən əlini məzarın sinədaşına qoyub ürəyindən keçəni Allahdan diləsən, aldadılaraq xəyanətə tuş gəlmiş bu saf qəlbli bəndənin ruhu eşqinə niyyətin hasil olar. Növbə ilə «ya Allah» deyib sağ əlimizi sinədaşının üstünə qoyub bir anlığa susuruq. Ulu yaradan cəmi saf niyyətləri çin eləsin!
   Yenidən şəhərə qayıdırıq. Qaxda görəcəyimiz hələ çoxdur.
   
   (ardı var)
   
   Gülcahan Mirməmməd
   Bakı-Qax-Bakı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar