Bir teatr mövsümü də beləcə başa çatdı. Səhnələrə yeni tamaşalar ayaq açdı, yeni əsərlər oynanıldı, sənət və sənətkarlar tamaşaçılar tərəfindən alqışlandı, yaradıcılıq axtarışları, yaradıcılıq uğurları bir-birini əvəz etdi. Vaxt-vədə yetişdi, mövsüm başa çatdı. Maraqlıdır, görəsən, teatrlarımız mövsümü hansı tamaşalarla yekunlaşdırır?
   
   “Xurşidbanu Natəvan” 

  Azərbaycan Dövlət Milli Dram Teatrı 137-ci teatr mövsümünü görkəmli dramaturqumuz İlyas Əfəndiyevin pyesi əsasında rejissor Bəhram Osmanovun hazırladığı “Xurşidbanu Natəvan” tamaşası ilə başa vurdu.
   
   “Ər almaq istəyirəm”  

  Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı isə 89-cu mövsümünü teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluşunda görkəmli rus satiriki Mixail Zadornovun ikihissəli musiqili lirik komediyası “Ər almaq istəyirəm” (Xoçu kupit muja”) tamaşası ilə bitirdi. 

   “Şeyx Sənan”

   Dövlət Gənc Tamaşaçılar Teatrı 82-ci mövsümlə H. Cavidin “Şeyx Sənan” əsəri ilə vidalaşdı. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.
   Səhnə əsərində əsas rolları Xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Rahib Əliyev, Gülər Nəbiyeva, Nofəl Vəliyev, İlqar Cahangirov, aktyorlar Vahid Əliyev, Sərvər Əliyev, Rəzzaq Məmmədov, Məhərrəm Musayev və başqaları ifa ediblər. Teatr yeni mövsümü sentyabrın 15-də açacaq.
   
   “O olmasın, bu olsun”

   
   Dövlət Musiqili Komediya Teatrı isə 99-cu mövsümü bağlamağa tələsmir. Belə ki, mövsümə iyulun 12-də Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə yekun vurulacaq. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimova, baletmeysterlər Zakir və Yelena Ağayevlər, rəssamı İsmayıl Məmmədov, xormeysteri Vaqif Məstanovdur. Rollarda Afaq Bəşirqızı, Ramiz Məmmədov, Arif Quliyev, Fərid Əliyev, Nərgiz Kərimova və başqaları çıxış edəcəklər.
   Xatırladaq ki, bu il Musiqili Komediya Teatrının 100 illik yubileyi ilə əlaqədar, teatrda dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” əsəri yenidən səhnələşdiriləcək və bu tamaşa teatrın 100 illik yubileyinə hədiyyə olacaq. Çünki teatrın özülü 1910-cu ildə məhz bu tamaşa ilə qoyulub. Doğrudur, bu əsər səhnə həllini tapmayıb və uzun illər oynanılmayıb. Bu böyük fasiləyə son vermək və teatrın yubileyinə hədiyyə etmək məqsədi ilə Üzeyir Hacıbəylinin bu əsəri yeni quruluşda teatrın baş rejissoru Yusif Əkbər tərəfindən səhnələşdiriləcək. Əsas rollarda isə tanınmış sənətkarlar - Afaq Bəşirqızı, Fatma Mahmudova, Yaşar Nuri, Arif Quliyev, İlham Namiq Kamal iştirak edəcəklər. “Ər və arvad” yeni teatr mövsümündə tamaşaçılara təqdim olunacaq.
   Paytaxtımızda, eləcə də bölgələrimizdə fəaliyyət göstərən teatrların qapıları bir də yeni mövsümdə açılacaq. Yeni teatr mövsümü isə o qədər də uzaqda deyil. 

  Təranə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar