Opera və Balet Teatrı 102-ci mövsümünü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin opera yaradıcılığının zirvəsi sayılan bu möhtəşəm səhnə əsəri ilə açdı. Sentyabrın 19-da teatrda «Üzeyir Hacıbəyli-125» Beynəlxalq musiqi festivalı çərçivəsində “Koroğlu” operası nümayiş olundu.
   
   Operada əsas partiyaları gənc artistlər - Əməkdar artist, Bülbül adına vokalçıların I beynəlxalq müsabiqəsinin laureatı Həsən Enami (Koroğlu) və İlahə Əfəndiyeva (Nigar) ifa etdilər. Gənc aktyorların ifası hərarətlə, gurultulu alqışlarla qarşılandı.
   Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.
   Tamaşaçılar arasında tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, dahi bəstəkarın yaradıcılığının pərəstişkarları, xarici qonaqlar da var idi.
   Məhəmməd Əldosari Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyində çalışır. Dediyinə görə, «Koroğlu» operasına artıq 4-cü dəfədir tamaşa edir. Hər dəfəsində də elə bil yenidən baxır: «Üzeyir Hacıbəylinin bütün operalarını sevirəm. Amma «Koroğlu»ya xüsusi marağım var. Bəlkə də bu, «Koroğlu» operasının insanı qəhrəmanlığa, mübarizliyə səsləməsindən irəli gəlir».
   Həsən İsmətullayev isə milliyyətcə tacikdir. Bu operaya ikinci dəfə tamaşa etdiyini bildirən həmsöhbətim deyir ki, Üzeyir sənətinin vurğunudur. H.İsmətullayev indiyə qədər «Leyli və Məcnun»a 4, «Arşın mal alan»a isə 2 dəfə tamaşa edib: «Azərbaycanda olduğum dönəmdə çalışacam ki, Opera və Balet Teatrının bütün tamaşalarına baxım. Çünki hər dəfə bu tamaşalardan insan yeni bir şey öyrənir».
   Tamaşaya gələnlər arasında Asəf Zeynallı adına musiqi məktəbinin bir qrup tələbəsi də vardı. Tələbə İlahə Səfərova deyir ki, Opera və Balet Teatrına gəlməyi çox xoşlayır: «Opera oxuduğum ixtisasa daha yaxındır. Buraya tez-tez gəlib həm dincəlirəm, həm də bir növ təcrübə keçirəm».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar