Sentyabrın 19-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 79-cu mövsümünü Üzeyir Hacıbəylinin dünyaca məşhur “O olmasın, bu olsun” musiqili komediyasının premyerası ilə açdı. Premyerada balaca tamaşaçılar, teatrsevərlər, sənət xadimləri ilə yanaşı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi.
Adətən balacaların üz tutduğu teatra bu dəfə daha çox böyüklər gələrək balacaların səhnəsində “O olmasın, bu olsun”a tamaşa etmək istəyirdilər. Onu da xatırladaq ki, əsər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Üzeyir Hacıbəyli - 125” Beynəlxalq musiqi festivalı çərçivəsində tamaşaya qoyulub. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmanzadə, quruluşçu rəssamı Lətifə Quluzadə, kukla ustası Tatyana Melnikovadır.
Tamaşaqabağı bir qədər həyəcanlı görünən quruluşçu rejissor Elşad Rəhmanzadə təəssüratlarını bizimlə bölüşdü:
- Bütün teatrlar kimi, Kukla Teatrı da Üzeyir Hacıbəylinin 125 illik yubileyinə yüksək səviyyədə hazırlaşıb. Tamaşa üzərində bir ilə yaxın işləmişik. Bu tamaşa üçün Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sankt-Peterburq şəhərində dünyada analoqu olmayan kuklalar hazırlanıb. İlk dəfədir ki, teatrımızın səhnəsində ipli kuklalar iştirak edir. Tamaşanın maraqlı tərəflərindən biri də budur ki, Məşədi İbad rolunu Xalq artisti Yaşar Nuri canlı ifa edir. Tamaşanı hazırlamaqda məqsədimiz teatrımıza gələn balaca dostlarımızı Üzeyir musiqisi və Üzeyir yaradıcılığı ilə tanış etmək, böyük bəstəkarın irsini kiçik yaşlarından uşaqlara sevdirməkdir. Tamaşanın yüksək səviyyədə alınması üçün əlimizdən gələni etdik, son sözü isə təbii ki, tamaşaçılar deyəcək.
Yeni tamaşada teatrın aparıcı aktyorlarından - Rəhman Rəhmanov, Elmira Hüseynova, Səriyyə Mənsurova, Hökumə Əbdürrəmanova, Rəhim Rəhimov və bütövlükdə 11 nəfər aktyor obrazları səsləndirir.
Aktyorlar olmasın, kuklalar olsun
Pərdələr qalxdı, Üzeyir bəyin ölməz musiqisi işıq seli kimi ətrafa yayıldı. İçərişəhərin möhtəşəm qala divarları, köhnə Bakının ab-havası - yolları, adamları, dəvə karvanı, bazarı tamaşaçıları qoynuna alıb o dövrə apardı. Tanış personajlar, milli görünüşlü doğma kuklalar dil açıb danışdı. Rüstəm bəyin, Gülnaz xanımın, qulluqçu Sənəmin tanış simaları, hərəkətləri, jestləri ilk andaca xoş ovqat yaratdı. Tamaşaçıların arasından səhnəyə çıxan Məşədi İbad kuklalarla bir səhnəni məharətlə bölüşdü. Əminliklə demək olar ki, Kukla Teatrının səhnəsində Yaşar Nurinin ağlagəlməz məharətlə yaratdığı Məşədi İbad obrazı “O olmasın, bu olsun”un tarixində ən yaddaqalan rollardan biri olacaq.
Tamaşa boyu alqışlar qazanan “O olmasın, bu olsun”u sonda tamaşaçılar ayaq üstündə alqışladılar.
Beləliklə, Kukla Teatrının səhnəsində oynanılan “O olmasın, bu olsun” yeni təqdimatı, fərqli oyun tərzi, sadəliyi və səmimiliyi ilə yadda qaldı. Kukla Teatrının repertuarında bundan sonra yer alacaq bu tamaşanı Üzeyir bəy Hacıbəylinin 125 illik yubileyinə ən yaxşı hədiyyə saymaq olar.
Təranə