«Rauf Avşar adına kukla teatrı» Norveçdə mədəni layihə həyata keçirib

   Hər bir ölkənin mədəniyyəti onun pəncərəsidir, o pəncərədən baxdıqda həmin ölkənin nəyə qadir olduğunu asanlıqla görmək olar. Fəxrlə deyə bilərik ki, Azərbaycanın zəngin mədəniyyət pəncərəsindən ölkəmiz çox rəngarəng və göy qurşağı kimi əsrarəngiz görünür. Xaricdəki bəzi diaspor təşkilatlarımız bu zənginliyi əcnəbi auditoriyaya təqdim etmək üçün müxtəlif layihələr həyata keçirirlər.
   
   Estoniyada fəaliyyət göstərən “Rauf Avşar adına kukla teatrı” bu günlərdə Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşəbbüsü ilə bu ölkədə maraqlı proqramla çıxış edib. “Rauf Avşar adına kukla teatrı”nın rəhbəri, həmyerlimiz Rauf Avşarov deyir ki, kuklalarla işləmək daha asandır, nəinki insanlarla. Çünki kuklalar arasında intriqa yoxdur, onlar nə danışır, nə etiraz edir, nə də bir-birilərinə paxıllıq duyurlar. Kuklaları çamadanda gizlədib, lazım olanda götürmək olur. Baxmayaraq ki, kuklalar hərdən «xəstələnir» və bərpa tələb edir.
   İndiyədək bir sıra ölkələrdə Azərbaycanın mədəniyyətini təbliğ etdiklərini deyən R.Avşarov bildirdi ki, Norveçdə çıxış etmək çoxdankı arzusu olub: “Nəhayət, bu il layihəni reallaşdırdıq. Proqramımız norveçlilər tərəfindən çox maraqla qarşılandı. Biz Norveçin paytaxtı Oslo şəhərində uşaq bagçasında, orada yaşayan azərbaycanlı uşaqlar, gənclər və xarici tələbələr qarşısında çıxış etdik».
   
   Uşaqlar üçün Azərbaycan dilində “Şokolad şou”
   
   Həmsöhbətimiz deyir ki, diaspor təşkilatı olaraq başlıca məqsədləri Azərbaycanın zəngin və qədim mədəniyyətini başqa ölkələrə, əcnəbi tamaşaçılara ətraflı təqdim və təbliğ etməkdir: «Eyni zamanda Avropa uşaqlarına və gənclərinə möcüzə dolu mədəni irsimiz haqqında məlumat verməyə çalışırıq. Qeyd edim ki, biz oradakı azərbaycanlı uşaqlara tamaşa göstərməklə yanaşı, Azərbaycan dilində “Şokolad şou” hazırlamışdıq. Bu şou-proqramda uşaqlara müxtəlif Azərbaycan tapmacaları deyilirdi və cavabı düzgün deyən körpələrə şokolad hədiyyə edirdik. Belə proqramları hazırlamaqla Azərbaycandan kənarda yaşayan uşaqlarda dil baryerini aradan qaldırmaq və onlarla doğma dilimizdə ünsiyyət yaratmaq istəyirik».
   Azərbaycan nağılları əsasında hazırladığı tamaşalarla eston uşaqlarının qəlbini riqqətə gətirən “Rauf Avşar adına kukla teatrı”nın təqdim etdiyi “Qız qalası” əfsanəsi norveçli uşaqlarda da dərin təəssürat yaradıb: «Tamaşaçılar bizi gurultulu alqışlara qərq etdilər. Tamaşadan sonra bizə yaxınlaşıb təəssüratlarını bölüşdülər və minnətdarlıqlarını bildirdilər. Bu səfər yaddaşımızda çox gözəl bir xatirə kimi qaldı. Onu qeyd edim ki, Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatının həqiqətən Azərbaycanı tanıtmaq üçün böyük işlər gördüyünün şahidi olduq. Norveçdə sevindirici hallardan biri də odur ki, şimali və cənubi azərbaycanlılar birgə işləyirlər, gənclərimiz çox mehribandırlar».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar