Bu ilin fevralında start götürmüş Milli Teatr Festivalının sonuncu - üçüncü mərhələsi oktyabrın 11-də başlandı. Festivalın bu mərhələsi dekabrın 10-dək davam edəcək. Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən 27 teatr festivalda iştirak edir. Bu mərhələdə isə 10 teatr repertuarında olan ən yaxşı tamaşaları təqdim edəcək.
   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova festivalın üçüncü mərhələsi barədə ətraflı məlumat verdi.
   
   - 2010-cu ilin fevral ayının 22-dən start götürmüş Milli Teatr Festivalının birinci mərhələsində 6 teatr, ikinci mərhələsində 11 teatr iştirak edib, üçüncü mərhələdə isə 10 teatr iştirak edəcək.
   Tamaşalar Bakının müxtəlif teatrlarında, Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılacaq.
   Oktyabrın 11-də festivalın üçüncü mərhələsini Qax Dövlət Kukla Teatrı rus xalq nağılı əsasında hazırladığı “Turp” tamaşası ilə açdı. Tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tamaşaçılara təqdim olundu. Oktyabrın 12-də isə Qax Kukla Teatrı Sumqayıt Dövlət Kukla Teatrında S.və H.Latıpovların «Kral və əks-səda» tamaşasını təqdim etdi.
   Bu mərhələdə həmçinin Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Gürcü Dram Teatrı, “Yuğ” Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı iştirak edəcək.
   Qax Gürcü Dram Teatrı oktyabrın 12-də Aktyor Evində B.Tomasın «Çarlinin xalası» tamaşasını nümayiş etdirib.
   Oktyabrın 16-da «Yuğ» Teatrı A.P.Çexovun «Birinci akt», oktyabrın 17-də isə M.Servantesin “Don Kixot” əsəri əsasında hazırladığı «Psix» tamaşası ilə festivalda iştirak edəcək. 23 oktyabrda Dövlət Pantomima Teatrı Z.Zeynalovun «Maska» tamaşasını öz səhnəsində göstərəcək, oktyabrın 25-də «Pantomim buketi» tamaşasını isə Sumqayıt Dövlət Dram Teatrında nümayiş etdirəcək. Qazax Dövlət Dram Teatrı noyabrın 1-də Aktyor Evində B.Vahabzadənin «Kimdir haqlı?», noyabrın 2-də isə Sumqayıt Teatrında O.Kamalın «Yad qızı» əsəri əsasında hazırladığı tamaşanı teatrsevərlərə təqdim edəcək.
   Noyabrın 3-də Dövlət Kukla Teatrı U.Şekspirin «Yay gecəsində yuxu» tamasasını Sumqayıt Teatrında, Ü.Hacıbəylinin «O olmasın, bu olsun» əsərinin tamaşasını isə noyabrın 5-də doğma səhnəsində nümayiş etdirəcək.
   Dekabrın 1-də Aktyor Evində İrəvan Dövlət Azərbaycan Dram Teatrı K.Abdullanın «Unutmağa kimsə yox», dekabrın 3-də isə T.Özakmanın «Ocaq» əsəri əsasında hazırladıqları tamaşanı Sumqayıt Teatrının səhnəsində oynayacaq. Dekabrın 3-də Bakı Bələdiyyə Teatrı Anarın «Qaravəlli»sini Aktyor Evində oynayacaq, dekabrın 4-də isə Sumqayıt Teatrında tamaşaçılar bu teatrın təqdimatında M.Süleymanlının «Bəylik dərsi»nə tamaşa edəcəklər.
   Bakı Uşaq Teatrı dekabrın 6-da A.Soltanın «Cırtdanın sonuncu qoçaqlığı»nı Aktyor Evində nümayiş etdirəcək, İ.Soltanın "Gücümüz birliyimizdədir» tamaşasına isə balaca tamaşaçılar dekabrın 7-də Sumqayıt Teatrında baxa biləcəklər. Dövlət Akademik Milli Dram Teatrı dekabrın 8-də M.F.Axundzadənin «Müsyö Jordan və dərviş Məstəli şah» tamaşasını Aktyor Evində, dekabrın 10-da isə Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnəsində nümayiş etdirəcək. Bununla da Milli Teatr Festivalı başa çatacaq.
   “Milli Teatr Festivalı qarşısına qoyduğu məqsədə nail oldumu” sualını isə Vəfa xanım belə cavablandırdı:
   - Festivalın keçirilməsində məqsəd bütün region teatrlarını festivala cəlb etmək, onların hazırladıqları tamaşaları paytaxt tamaşaçılarına təqdim etmək və beləliklə, hər bir teatrın yaradıcılıq imkanlarını ortaya qoymaqdır. Bu festival həm də hesabat xarakteri daşıyır.
   Son iki ildə regionlarda iki böyük teatr festivalı keçirilib. Biri 2009-cu ildə Gəncə şəhərində, ikincisi isə bu ilin iyun ayında Qax şəhərində II Kukla Teatrları Festivalıdır. Festivalı keçirərkən teatra axın-axın gələn insanların şahidi olduq, teatra xüsusi marağın olduğunu hiss etdik. Bu mənada Milli Teatr Festivalı məqsədinə nail olub. Region teatrları öz repertuarlarını paytaxt sakinləri qarşısında nümayiş etdirməyə, başqa teatrların hazırladıqları tamaşalara baxmağa imkan qazandılar, yaradıcılıq mübadiləsi apardılar.
   Festivalın üçüncü mərhələsi dekabrın 10-a kimi davam edəcək. Üzümüzü qəzetinizin oxucularına, paytaxtımızın sakinlərinə və qonaqlarına tutub onları bu teatr bayramında iştirak etməyə, maraqlı tamaşalara baxmağa dəvət edirik.
   
   Təranə Vahid  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar