Diqqət, məşq gedir
     
   
   Oktyabrın 16-17-də Dövlət Musiqili Komediya Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası olacaq 
   
   1910-cu ildə indiki Musiqili Komediya Teatrının yerləşdiyi binada - Tağıyev Teatrında tamaşaya qoyulan “Ər və arvad” operettası 100 ildən sonra - Üzeyir Hacıbəylinin 125 illik, Musiqili Komediya Teatrının isə 100 illik yubileyi ilə bir vaxtda yenidən səhnəyə qayıtdı. Artıq teatrda “Ər və arvad”ın son məşqləri gedir və biz də fürsəti əldən vermədik. Beləliklə, “Diqqət, məşq gedir” rubrikasında bu dəfə “Ər və arvad” musiqili komediyasıdır.
   
   Birinci zəng çalınır. Demək, bir azdan tamaşa başlayacaq. 100 ildən sonra “Ər və arvad”a yeni səhnə ömrü verən tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov ürək sözlərini bizimlə bölüşür:
   
   - Üzeyir Hacıbəyli Azərbaycanda ilk operanı yaratmaqla yanaşı, həm də musiqili komediya janrının əsasını qoymuş dahi bəstəkardır. İlk dəfə o, 1909-cu ildə bu janrda “Ər və arvad” operettasını yazıb və əsər 1910-cu ildə tamaşaya qoyulub. Azərbaycanda musiqili komediya teatrının tarixi də bu tamaşa ilə başlayır. Bu mənada Üzeyir bəyin istər musiqi, istər ədəbi irsi bizim üçün çox qiymətlidir. Neçə illərdir ki, teatrımızın repertuarında “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri xüsusi yer tutur.
   O ki qaldı “Ər və arvad” operettasına, bu əsərə ötən müddətdə cəmi iki-üç dəfə müraciət olunub. Ancaq 100 illiyini qeyd edən teatr mütləq ilk tamaşasına müraciət etməli idi. Bu ərəfədə bir sıra çətinliklərlə qarşılaşdıq. Məlum oldu ki, musiqi materiallarının bir hissəsi it-bata düşüb. Ona görə Ü.Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcova müraciət elədik. O, xahişimizi qəbul etdi və yeni redaksiya yaradıldı. Axtarışlar aparıldı və sonda tamaşanın musiqiləri bərpa olundu.
   - Aktyor seçimində çətinliklə qarşılaşdınızmı?
   - Şükür Allaha, istedadlı aktyorlarımız çoxdur. Bu tamaşaya xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova ilə yanaşı, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Yaşar Nurini də dəvət etdik. Əminəm ki, bu aktyorların tamaşada iştirakı maraqlı olacaq. Eyni zamanda tamaşada əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva, Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış edəcəklər və mənə elə gəlir ki, tamaşa bizə uğur gətirəcək.
   Budur, üçüncü zəng çalınır. Üzeyir bəyin doğma və əzəmətli musiqisinin sədaları altında tamaşa başlayır. Ötən əsrin əvvəllərini xatırladan məkan tamaşaçını uzaq, eyni zamanda yaxın dövrə aparır. Mərcan bəy övrəti Minnət xanımdan canını qurtarmaq istəyir. Səbəbi isə... O, yeni sevdaya düşüb. Ancaq Minnət xanım ərinin qəribəliklərindən xəbər tutur. Yox, bütün tamaşanı sizə danışmayacağam. 100 yaşlı səhnə əsərinin günümüzlə nə qədər səsləndiyini görmək üçün tamaşaya mütləq özünüz baxmalısınız.
   Gözəl səhnə tərtibatı, səliqəli və aydın rəssam işi, aktyorların yüksək peşəkarlığı və bir də tamaşanın musiqisi xoş ovqat yaradır. Hadisələr get-gedə kəskinləşib kulminasiya nöqtəsinə çatır, pərdələr enir və birinci hissə başa çatır...
   
   “Bundan sonra “Ər və arvad”ın unudulmaq təhlükəsi olmayacaq”
   
   Fasilədə “Ər və arvad” tamaşasının yenidən səhnəyə qayıtmasında xüsusi xidmətləri olan, əsərin yeni redaktəsi və orkestrləşdirilməsini həyata keçirən Əməkdar incəsənət xadimi Sərdar Fərəcovla görüşüb təəssüratlarını öyrənirik:
   - Bizim hər birimizin arzusudur ki, Üzeyir Hacıbəylinin naməlum əsərləri yenidən səhnəyə qayıtsın. “Ər və arvad” musiqili komediyası uzun illər idi, unudulmaq girdabına qərq olmuşdu. Sağ olsun, Musiqili Komediya Teatrının rəhbərliyi, müraciət edib bildirdi ki, bu əsəri yenidən səhnəyə qaytarmaq istəyirlər. Əvvəlcə böyük təhlil prosesi getdi, muzeydə cəmi 12-13 nömrədən ibarət klavir vardı. Klavir səs və fortepiano müşayiətidir. Orkestr yoxdur. Orkestrdə 40-50 nəfərin qarşısında partiya olur. Bunlar ayrı-ayrılıqda heç nə ifadə etmir. Ancaq biz bəzi melodiyalardan ipucu tapdıq, bərpa etməyə çalışdıq. Qalan yerləri isə axtara-axtara 10-a yaxın musiqi nömrəsi əlavə etdik.
   Qeyd edim ki, 40-cı illərdən sonra bu tamaşa ancaq rayon klubları səviyyəsində qoyulub, biz o insanları da soraqlayıb tapdıq, onların dilində, yaddaşında olanları araşdırdıq. Bir ildən artıq axtarışlar apardıq. Keçən ilin dekabrında fortepiano və xor üçün klaviri tamamladım. Xorlar birsəsli idi, indi 4 səslidir, orkestr yox idi, indi 30 səsli orkestr var. Ən vacibi isə budur ki, partitura var, bu o deməkdir ki, bundan sonra “Ər və arvad”ın unudulmaq təhlükəsi olmayacaq. Bu gün hər birimiz sevinirik ki, Üzeyir bəyin 100 il əvvəl tamaşaya qoyulan əsəri yenidən səhnəyə qayıtdı.
   
   “Ər və arvad”ın gözlənilməz sonluğu
   
   Zəng çalınır, ikinci hissə başlayır. Özünü xoşbəxtliyin yeddinci qatında hiss edən Mərcan bəyi əslində nə gözləyir? Toy səhnəsi, maraqlı rəqslər və tamaşa içində tamaşa. Toya təşrif buyuran sazəndələr - tar, kaman və xanəndə məharətlə “Mahur”u ifa edir. Bu tamaşaya yeni rəng qatır. Bu səhnə bizə Üzeyir bəyin ikinci musiqili komediyası olan “O olmasın, bu olsun” əsərindən də tanışdır. Və nəhayət, “Ər və arvad”ın gözlənilməz sonluğu... və zaldakıların alqışları...
   
   Tamaşadan sonra baş rolların ifaçıları ilə görüşürük:
   Tamaşada Minnət xanım rolunu ifa edən Xalq artisti Afaq Bəşirqızı qrim otağına tələssə də, bir anlıq ayaq saxlayıb ürək sözlərini bizimlə bölüşdü:
   - Əlbəttə ki, bu, klassik bir əsərdir. Burada oyunun özünün tələbləri, qaydaları var, eyni zamanda Afaq improvizəsi də var. Hər bir aktyorun klassik əsərdə oynaması onun yaradıcılığının ən xoşbəxt, ən tarixi anıdır ki, bu da mənə nəsib olub. Artıq Üzeyir bəyin ikinci əsərində oynayıram və mənə elə gəlir bu rol mənə uğur gətirəcək.
   
   Tamaşada Kərbəlayi Qubad rolunu oynayan Xalq artisti Yaşar Nuri:
   - Üzeyir bəyin üç operettası var və teatr tarixində bu üç operettanın üçündə də oynamaq Mirzəağa Əliyevə qismət olub, bir də tale mənə qismət edib. “Arşın mal alanda” oynamışam, bu yaxınlarda A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “O olmasın, bu olsun”da Məşədi İbadı oynamışam, indi də “Ər və arvad” tamaşasında oynayıram. Dediyim kimi, vaxtilə “Ər və arvad” tamaşasında Kərbəlayi Qubad rolunu Mirzəağa Əliyev oynayıb. Üzeyir bəy onu ilk dəfə dramatik roldan bu rola dəvət etmişdi. Bu rola görə “Nicat” cəmiyyəti Mirzəağa Əliyevə brilyant üzük bağışlamışdı.
   Bu rola məni dəvət edəndə məmnuniyyətlə razılıq verdim, kollektiv çox mehriban kollektivdir, məni yaxşı qarşıladılar, inşallah, son sözü, hər zaman olduğu kimi, bu dəfə də tamaşaçılar deyəcəklər.
   
   “Ər və arvad” tamaşasında Mərcan rolunu yaradan İlham Namiq Kamal:
   - 100 il keçir və teatr yenidən “Ər və arvad” tamaşasına müraciət edir. Əslində heç nə dəyişməyib, yenə eyni vəziyyətdir, sadəcə paltarlar dəyişir. İllər keçir, insan psixologiyası, qadın-kişi münasibətləri dəyişmir. Kişi azadlıq istəyir, ondan fərqli olaraq qadın evinin, ocağının, ailəsinin xoşbəxtliyini qorumaq istəyir. Əlbəttə ki, kişinin başı daşdan-daşa dəyəndən sonra ayılır, başa düşür ki, ailəni, ocağı qorumalıdır.
   Yusif Əkbərov bu rolu mənə həvalə edəndə çalışdım ki, maraqlı alınsın. Aktyor yaşından asılı olmayaraq səhnədə dəyişməlidir. Bu tamaşada kifayət qədər sanballı aktyorlar iştirak edirlər, hər biri öz rolunun öhdəsindən məharətlə gəlir. Bu tamaşaya görə bizim kollektivi təbrik etmək lazımdır.
   Xatırladaq ki, tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijor Fəxrəddin Atayev, quruluşçu rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterlər Zakir Ağayev, Yelena Ağayevadır.
    “Ər və arvad” musiqili komediyası bir əsr sonra yenə səhnədədir. “Ər və arvad”a 100 ildən sonra baxmaq istəyənləri tamaşanın premyerasına dəvət edirik.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar