Noyabrın 10-da Bakı Beynəlxalq Teatr Konfransı öz işini başa vurdu. İki gün davam edən konfransda “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” mövzusunda maraqlı çıxışlar, fikirlər, təkliflər səsləndi. Yekun qənaət isə belə oldu: teatr nağılı heç vaxt bitməyəcək. 
       
   Konfransın ikinci günü ilk plenar iclasın moderatorları İsrafil İsrafilov (Azərbaycan) və Vlasta Smolyakova (Çexiya) idi. Əvvəlcə teatr kostyumu və moda dizayneri İrina Krujilina məruzə ilə çıxış etdi. O bildirdi ki, dünyada texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə kostyum dizaynına o qədər də ehtiyac qalmır: «Lakin buna baxmayaraq dizaynerlər öz bilik və bacarıqlarını müasir dövrə, texnologiyalara uyğunlaşdırmalıdırlar. Tamaşa zamanı personajlar, səhnə necə görünür? Bu, əlbəttə, mühüm məsələdir. Digər məsələ hər bir dizaynerin öz üzərində işləməsidir, bacarığını daim təkmilləşdirməsidir. Tarixi dövrləri səhnədə canlandıran personajların geyimlərini hazırlamaq üçün moda dizayneri zəngin məlumatlı olmalıdır. Mən özüm səhnə paltarlarını hazırlayarkən rəngləri harmoniya etməyi sevirəm».
   Böyük Britaniyadan olani rejissor, yazıçı-jurnalist, Beynəlxalq Teatr İnstitutunun nümayəndəsi Nevil Şulman əvvəlcə konfransın əhəmiyyətini vurğuladı: «Bu tədbirdə hər gün həmkarlarımdan nə isə öyrənirəm. Mən teatrı bir neçə sözlə ifadə edərdim: Dəyər, əyləncə, təhsil və maariflənmə. Bir sözlə, teatr hər bir xalqın tarixinin ayrılmaz tərkib hissəsidir. İnsanların davranışına təsir edir. Teatr həm də ölkələr arasında beynəlxalq əlaqələri təmin edir və Azərbaycan bu sahədə aktivdir».
   Britaniyalı mütəxəssis bir məqamı da vurğuladı ki, insanlar teatrı tərcüməsiz də başa düşə bilirlər: «Mən özüm xarici tamaşalara baxmağı sevirəm. Əgər rejissor işi yaxşı olarsa, mənə tərcümə lazım olmur və onu tərcüməsiz də başa düşürəm. Bəzən maliyyə ucbatından çətinliklər meydana çıxır. Amma yaxşı tamaşa həmişə yaxşıdır”.
   Çin Tədqiqat İnstitutu Mərkəzi Dram Akademiyasının rəhbəri Lin Şin isə bildirdi ki, biz hamımız problemlər haqqında danışırıq və problemlərdən çıxış yolu tapmaq üçün eyni zamanda daha çox mənbələrə malik olmalıyıq: «Çində teatr hələ qədim dövrdə mövcud olub. Bu gün bizim teatrlar müxtəlif problemlərlə üzləşirlər. Çin teatrları müasir üsullarla da işləməyə üstünlük verirlər. Məsələn, Pekində və Şanxayda aktyorlar müasir üsullardan istifadə edirlər. Amma buna baxmayaraq bizim ənənəvi teatrlarımız da var. Bütün dünyada olduğu kimi, teatrda da modernləşmə baş verir. Doğrudur, bu gün müasir texnologiyalar bütün sahələrə tətbiq olunur. Amma canlı teatrın yerini heç nə verə bilməz və onun büdcəsi də çox olmalıdır».
   Dövlət Pantomima Teatrının baş rejissoru Vaqif İbrahimoğlu qeyd etdi ki, yaşadığımız XXI əsrdə teatrın müxtəlif problemlərini həll etməyə çalışırıq: «Teatrla bağlı ortaya həm pessimist, həm də optimist fikirlər çıxır. Pessimist məqam odur ki, teatr öz missiyasından uzaqlaşır. Amma optimist məqam ondan ibarətdir ki, teatr bir müəssisədir və o, art-house - yəni mədəniyyət evi kimi qalır. Ötən əsrin əvvəllərində belə bir fikrə gəldilər ki, XX əsr insan əsridir və hər bir şey insana xidmət etsin. İnamla deyə bilərəm ki, teatr qurtulacaq. Biz də rejissor olaraq düşünürük, bu məkanı necə edək? Çünki biz bu sahədə müəyyən bir biliyə malikik».
   İrandan gələn professor, Teatr Tədqiqatları Beynəlxalq Federasiyasının üzvü Fərəh Yegane Təbrizi konfrans iştirakçılarına federasiya haqqında məlumat verdi. Bildirdi ki, 1957-ci ildə yaranan bu qurum özündə 44 ölkədən üzv birləşdirir: «Federasiyanın daxilində kurslar da fəaliyyət göstərir ki, onlar gənclərə teatr sahəsində treninqlər keçirlər. Bizim jurnalımız da çap olunur. Təşkilat teatr tədqiqatları ilə də məşğul olur, nümayəndələr tez-tez xarici ölkələrdə konfranslarda iştirak edirlər».
   Türkiyəli dramaturq Tuncer Cucenoğlu Türkiyədə teatrın tarixindən danışdı və bildirdi ki, ölkədə teatr əsaslı şəkildə cümhuriyyət dövründə inkişaf edib: «Osmanlı dövründə xarici ölkə dramaturqlarının əsərləri oynanılırdı. Amma Atatürk dedi ki, bizim özümüzün dramaturqlarımız olmalıdır. Çünki heç bir ölkə öz yazıçısı olmadan teatr qura bilməz. Bu gün türk teatrı öz dramaturqlarının pyesləri əsasında inkişaf edir və yeni əsərlər tamaşaya qoyulur».
   Rusiyalı professor, redaktor və baş rejissor Mariya Dmitrevskaya da teatrla bağlı maraqlı fikirlər səsləndirdi: «Əvvəllər deyirdilər ki, teatr böyük rola malikdir. Hətta Rusiyada onu böyük bir məbəd də adlandırırdılar. Amma mən deyərdim ki, müasir dövrdə teatr bir əyləncəyə çevrilib. Yəni bunsuz da keçinmək olar. Teatr həm də bir mühacirət yeridir. İnsanlar yorulanda, ağırlıqdan qurtarmaq üçün bu mühacirət dünyasına - teatra gəlib dincəlmək istəyirlər».
   * * *
   Günün ikinci yarısında plenar iclası professor İlham Rəhimli ilə gürcüstanlı qonaq Yekaterina Mazmişvili apardılar.
   Teatr və kino rejissoru Məhəmmədreza Fərzad (İran) teatr və din mövzusunda maraqlı çıxış etdi, teatrın fərqli bir dünya olduğunu bildirdi və teatr ictimaiyyətini bir araya gətirdikləri üçün konfransın təşkilatçılarına təşəkkür etdi.
   Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadə “İstənilən mədəni proseslərdə olduğu kimi teatr prosesi də milli mədəniyyətin zaman məkanında baş verən inkişaf hərəkəti kimi nəzərdə tutulur və bu hərəkətin finişi yoxdur - deyərək filosof Eduard Berşteynin məşhur “məqsəd heç nədir, proses hər şeydir” fikrini xatırlatdı. “Teatr prosesinin özəlliyini müəyyənləşdirən əsas göstərici prosesin institusional mədəniyyətin çərçivəsində baş verməsidir. Teatr prosesi istənilən milli mədəniyyətin çağdaş durumunu, keyfiyyətini, inkişaf dinamikasını bariz şəkildə göstərməyə qadirdir” - deyən Məryəm Əlizadə son 20 ildə Azərbaycan teatr prosesinin ümumi mənzərəsinə nəzər saldı, qarşıya çıxan problemlərdən, onların həlli yollarından danışdı.
   Beynəlxalq Teatr İnstitutunun baş katibi Peter Qoldfarb (ABŞ) çıxışında bildirdi ki, gənclər bizim gələcəyimizdirlər və əldə olunan təcrübələri onlar gələcəyə aparacaqlar. Çətin bir dünyada yaşadığımızı və istinad üçün çox az müqəddəs məqamlar olduğunu xatırladan Peter Qoldfarb “Teatrda o adamlar işləyir ki, onlar teatrı sevir, teatrı o adamlar sevir ki, onlar teatra gəlir” - deməklə teatrın müqəddəs bir yer olduğunu dilə gətirdi.
   Beynəlxalq Teatr İnstitutunun vitse-prezideni, yazıçı-dramaturq, rejissor Reynhard Auer (Avstriya) çıxışına maraqlı bir rejissor manevri ilə başladı: “Əvvəlcə onu deyim ki, hazırladığım çıxışın mətni kompyuter virusu tərəfindən məhv edilib. Amma buna təəssüflənmirəm. 31 nəfər çıxışçıdan sonra belə məlum olur ki, artıq hər şey söylənilib”. Onun sözlərinə görə, konfransda ən çox iki açar sözdən - dünya, teatr sözlərindən istifadə olundu. “Dünya teatrı ümumiyyətlə mövcud deyil. Dünyada teatrlar var”, - deyən natiq teatr və teatr proseslərinin çox müxtəlif, çox mürəkkəb olduğunu qeyd etdi. Teatr adamlarını Don Kixota bənzətsə də “yenə də o əyləndirici tədris işimizi davam etdirməliyik” dedi: “Nağılları reallaşdırmaq çətin olsa da, mübarizə aparmalıyıq. Teatr görmək üçün bir məktəbdir, ruhi, emosional bir sahədir, teatrın heç bir sərhəddi yoxdur”.
   Tanınmış teatr tənqidçisi Aydın Talıbzadə çıxışında maraqlı fikirlər səsləndirdi: “Biz bir vaxtlar SSRİ-də teatr tarixinin son “qızıl əsr”ində yaşayırdıq: teatrda dövləti, partiyanı, azadlığı, qəhrəmanlığı və sevgini görürdük və xoşbəxt olurduq. Teatr sovet cəmiyyətində camaata düşünməyi öyrədirdi, fikir istehsal edirdi. Bu gün isə teatr artıq öz ictimai imzasını, ictimai funksiyasını itirib, toplum üçün gərəksizləşib, cəmiyyətin kənarında özünə bir hücrə bulub. İndi o, öz-özünü ya sırf əyləncə müəssisəsi, ya sufi xanəgahı, ya da postmodernist epataj kuluarı kimi dərk edir və fikirləşir ki, mən necə eləyim ki, axşam tamaşaçı salonunu adamla doldurum? Bunun səbəblərini siyasətdə, ideologiyada, iqtisadiyyatda, məişətdə, müasir insanın psixikasında, bizim yaşadığımız həyat modelində və hətta postmodernizmdə axtarmaq mümkündür. Mən elə bilirdim ki, zaman və məkan xronotopunda teatr zaman faktoru ilə daha çox ilişiklidir. Amma indi elə fikirləşirəm ki, teatr yalnız və yalnız lokal məkanın hadisəsidir, ictimai-sosial situasiyanın hadisəsidir və onu import və ya eksport etmək qeyri-mümkündür”.
   Çin Opera ifaçılığı Ansamblının bədii rəhbəri Su Ponq Çua (Sinqapur) əvvəlcə qədim Çin teatrının tarixindən söz açdı, məbədlərdə göstərilən teatrlardan, Çin opera sənətindən danışaraq ölkəsində fəaliyyət göstərən müasir və ənənəvi teatrlardan danışdı. XXI əsri canlanma əsri, ümid əsri, problemlərin həll olunacağı əsr adlandıran Su Ponq Çua çıxışının sonunda bildirdi ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Teatrın nə olduğunu bilmək üçün tamaşaçılar teatra gəlib hər şeyi öz gözləri ilə görməlidirlər.
   Moldova “Ejen İonesko” teatrının bədii rəhbəri Petru Vutkereu (Moldava) hər kəsi salamladı. Birinci dəfədir Bakıya gəldiyini və bu şəhəri çox sevdiyini bildirdi. “Azərbaycan öz zəngin mədəni irsindən istifadə edərək dünyanın teatr xadimlərini bir araya gətirib” - deyərək müasir teatrların qarşılaşdığı problemlərdən, teatr sənətinin özünəməxsusluğundan danışdı və Bakı Beynəlxalq Teatr Konfransının onda yüksək təəssürat hissi yaratdığını bildirdi.
   Konfransda yekun sözü ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdi.
   
   Mehparə Sultanova,
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar