Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova və Forumda iştirak etmək üçün Bakıya gələn bir sıra qonaqlar mərasimdə iştirak ediblər. Birinci xanım Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin baş katibinin ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser və abidənin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser “Sülh ağacı”nın üzərindəki örtüyü götürüblər. Abidənin önündə xatirə şəkli çəkdirilib.
Bürüncdən hazırlanan abidə Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşir. Abidə təbiətdən ilhamlanaraq sevgi və ümid dolu əllər kimi səmaya doğru ucalır və sülhü, tolerantlığı simvolizə edir. “Sülh ağacı”, həmçinin UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur.
Mərasimdə çıxış edən birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu gözəl incəsənət əsərinin paytaxtımızın ən cazibədar yerlərindən olan Bakı Bulvarında ucaldılmasından məmnunluğunu bildirib: “Sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkanı olub. Müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir. Rəmzi məna daşıyan bu “Sülh ağacı” abidəsi kimi hamımızın torpaqdakı köklərimiz eynidir. Əminəm ki, biz ümumi dünyamızı, sülh və dostluq kimi dəyərləri qorumaq üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının açılışı ərəfəsindəyik. Fürsətdən istifadə edərək, hamınızı bütün Avropanı sülh və dostluq naminə birləşdirəcək bu tarixi tədbirdə iştirak etməyə dəvət edirəm”.
UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycanın zəngin qeyri-maddi mədəni irsə malik olduğunu vurğulayıb, Məhsəti Gəncəvinin poeziyasından bəzi misralar söyləyib. Bildirib ki, “Sülh ağacı” da Məhsəti Gəncəvinin yazdığı əsərlərin ruhunu əks etdirir. Bu cür abidələrin dünyanın bir çox ölkələrində açıldığını qeyd edən İrina Bokova belə tədbirlərin UNESCO üçün sülh, dialoq, barışıq anı olduğunu vurğulayıb.
“Sülh ağacı” abidəsinin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva Ser Bakıda belə bir mərasimdə iştirakından şərəf hissi duyduğunu bildirib: “Daha yaxşı dünyanın qurulması hər zaman mənim əsərlərimdə, yaradıcılıq fəaliyyətimdə çox mühüm əsas olub. “Sülh ağacı” abidəsinin yaradılmasında da məhz həmin məqsəd əsas yer tutub. Dünyada sülhün təşviq edilməsi konsepsiyası, incəsənət vasitəsilə bunun daha da inkişaf etdirilməsi bizi bu abidənin yaradılmasına sövq edib. “Sülh ağacı”nın yaradılması humanizm dəyərlərinin təbliği, dinlər və xalqlar arasında körpülərin salınması üçün vacib bir təkandır. Abidə xalqların sülhə çağırışını əks etdirir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar