Məşhur ingilis yazıçısı Çarlz Dikkensin “Oliver Tvistin macəraları” romanı əsasında hazırlanan eyniadlı tamaşa Azərbaycanda ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaya qoyuldu. Hər dəfə olduğu kimi, klassika bu dəfə də öz sözünü dedi. Aktuallığı, müasirliyi, bəşəriliyi ilə...
   
   XIX əsrin İngiltərə mühitindən söz açan “Oliver Tvistin macəraları” müəllifinə böyük şöhrət qazandırıb. Bir çox ölkələri gəzən bu əsərin yüz ildən artıq bir vaxt keçdikdən sonra Azərbaycanda Gənc Tamaşaçılar Teatrının səhnəsində peyda olması belə bir sual doğurur: görəsən, o zamankı İngiltərə həyatını, gercəkliklərini səhnəyə gətirməklə rejissor nə demək istəyib?
   Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədov:
   - Mənim fikrimcə, klassika elə bir dünyadır ki, onun zamanı yoxdur. O, həmişə müasirdir, aktualdır. Bu əsərin tamaşaya qoyulmasının təşəbbüskarı teatrın baş rejissoru Cənnət Səlimovadır və mənə elə gəlir ki, teatrın bu əsərə müraciət etməsi zamanında verilmiş bir qərar idi. Hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətimizdə də neqativ hallar var. Küçələrdə dilənən uşaqlara rast gəlirik. Onların acınacaqlı taleyi ilə “Oliver Tvistin macəraları”ndakı uşaqların taleyi bir-birinə çox bənzəyir.
   Bəs rejissor səhnədən cəmiyyətə hansı mesajı göndərmək istəyir?
   - Bu nə psixoloji əsərdir, nə melodramadır, bu, ictimai-sosial problemdir. Problemi bədii səviyyədə, emosional təsir gücündə insanın özünə göstərmək lazımdır. Tamaşa vasitəsi ilə insanlara üzümüzü tutub “ey insanlar, ey valideynlər, ey böyüklər, ətrafınızdakılara qarşı diqqətli olun” - demək istəmişik. Nə dərəcədə buna nail olmuşuq, bunu tamaşaçılar deyəcəklər.
   Mən fürsətdən istifadə edib təəssüflə qeyd etmək istəyirəm ki, lap yolun başlanğıcında tamaşanın quruluşçu rəssamı Fuad Kafarovu itirdik. Amma teatrın bütün heyəti qayğı ilə, məhəbbətlə əlindən gələni etdi ki, Fuadın son işini başa çatdıraq. Ona Allahdan rəhmət diləyirəm.
   Bütün teatr heyətinə öz təşəkkürümü bildirirəm. O cümlədən tamaşanın bəstəkarı Aydın Əzimova. O, teatr sənətini dərindən bilən nadir bəstəkarlardan biridir. Bu tamaşada da onun sənətkarlığı öz sözünü dedi.
   
   “Mövzunun aktuallığı son dərəcə önəmlidir”
   
   Teatr truppasının üçdə ikisinin iştirak etdiyi “Oliver Tvistin macəraları” tamaşasında Mister Bambl rolunu ifa edən Xalq artisti Yasin Qarayev öz rolundan danışdı:
   - Mən çox şadam ki, ilk dəfə bu əsər Azərbaycan teatr səhnəsində bizim teatrda tamaşaya qoyuldu. Romanı pyes kimi tamaşaya hazırlamaq çox çətindir, hər rejissor o açarı tapıb əsəri yığcam edə bilmir.
   Mənim oynadığım Mister Bambl obrazı müəllifin çox sevdiyi obrazlardan biridir. Həmin obraza Dikkensin başqa əsərlərində də rast gəlirik. Bu, xaraktercə çox ziddiyyətli bir obrazdır. Mister Bambl var-dövlət əldə eləmək üçün istənilən sifətə düşən bir adamdır. Belə xarakterli rollar çox oynamışam, bu rol da olduqca maraqlı bir roldur. Bir dəfə oynamaqla kifayətlənən aktyorlardan deyiləm, oynadıqca obrazın yeni çalarlarını tapmaq, qaranlıq qalan məqamları qabardıb tamaşaçılara təqdim etmək arzusundayam.
   Tamaşada qoca yəhudi - Fecin rolunu ifa edən Xalq artisti Ağaxan Salmanlı:
   - Sözün doğrusu klassik əsərdə oynamaq həm asandır, həm də çətin. Romanda bütün hadisələr ətraflı nəql olunur, səhnəyə isə qısa şəkildə gəlir. Amma mövzunun aktuallığı son dərəcə önəmlidir. Bu gün də uşaqları dilənməyə vadar edən qara qüvvələr var ki, cəmiyyətimizə şikəstlik gətirirlər. Fecin də balaca, günahsız, saf körpə uşaqları günaha sürükləyən bir obrazdır. Aktyor üçün gərgin, dəyişkən, təzadlı və eyni zamanda maraqlı bir obrazdır. Çalışmışam ki, obrazın daxili aləmini açıb göstərə bilim.
   Tamaşada Fecinin qurbanlarından biri olan gənc Nensi obrazını Zülfiyyə Alhüseynova yüksək məharətlə ifa edir. Həyatın dibində, çirkabın içində qoruyub saxladığı mərhəmət hissi onu hələ tərk etməyib. Uşaqları zülmətdən qurtarmaq üçün o öz həyatından belə keçməyə hazırdır. Gənc aktrisa rolu barədə belə deyir:
   - Bu rolu oynamaq mənim üçün çətin oldu. Amma mən hər bir çətinliyə hazır idim, təki bu obrazı oynayım. Aktrisaya çox böyük imkanlar verə biləcək bir obrazdır. Mən bu obrazı sevdim.
   Nəhayət, səhnə əsərinin əsas qəhrəmanı - Oliver Tvist rolunun ifaçısı barədə. Yəqin tamaşaçıların çoxu bu rolun ifaçısının balaca bir oğlan olduğunu zənn edir. Ancaq sirrin üstünü açmağa məcburuq. Oliver Tvist rolunu üçüncü kurs tələbəsi Roza İbadova ifa edir. Özü də inandırıcı bir tərzdə. Tamaşaçıların alqışları da dediklərimizin sübutudur.
   Tamaşada Dik rolunu Fidan Abbasova, Missis Manı Əməkdar artist Qəmər Məmmədova, Şarlot rolunu Nigar Məmmədova, Noe Kleypol rolunu Elnur Hüseynov, Cek rolunu Vüsal Mehrəliyev özünəməxsus və yaddaqalan tərzdə ifa edirlər.
   Xatırladaq ki, tamaşanın ikinci rəssamı Elnur Babayev, rejissor assistenti Elnur Kərimovdur.
   Sonda onu da qeyd etmək istərdim ki, iki saat yarım davam edən ikihissəli macəraya uşaqlar sona kimi tamaşa etdilər. Mənə elə gəldi ki, bu tamaşa uşaqlar qədər də böyüklər üçündür. “Oliver Tvistin macəraları” davam edir. Buyurun, hamılıqla baxın!
   
   Təranə Vahid 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar