YARAT Müasir İncəsənət Mərkəzindən nadir imkan
İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzində “Muzey gecəsi” adlı tədbir keçiriləcək. Qonaqlar muzeylər üçün ənənəvi olan kolleksiya və ekspozisiyalarla yanaşı, müasir muzeyin təhsil və fəal istirahət üçün geniş imkanları ilə də tanış olacaqlar. Səhər saat 11-dən gecəyədək davam edəcək tədbirin maraqlı proqramı var.
Açıq səma altında peşəkar mütəxəssislər Həmid Elsevər Həmidzadə və “Yoga Shahi” studiyasından İrina Berezina tərəfindən yoqa dərsləri keçiləcək. “Zumba” rəqs dərsini “Harmony” studiyasının təsisçisi və Latın Amerikası rəqsləri üzrə Azərbaycan çempionu Fərid Mehdiyev təqdim edəcək. Baş aşpaz, “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylinin kulinariya üzrə ustad dərsi də tədbir iştirakçıları üçün maraqlı olacaq. Tarixi və doğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirlərini maraqlı bir dillə danışan Fuad Axundovla görüş təşkil ediləcək. Gənc peşəkarlar və həvəskarlar sənətşünaslıq üzrə fəlsəfə doktoru və YARAT Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərid Abdullayev, rəssam Çingiz Babayev və sənətşünas Cahangir Səlimxanovdan müasir incəsənətlə bağlı ekspert məsləhətləri ala biləcəklər. Art-terapiya seansı beynəlxalq təcrübəyə malik olan psixoloq Elizabet Brandolini tərəfindən keçiriləcək.
Tədbir iştirakçıları “Hədiyyə mağazasından çıxış” filmini, habelə “ABanndonAir” gənc rok qrupunun performansını izləyəcək, DJ Pançonun musiqi nömrələrindən və kokteyl gecəsindən zövq alacaqlar.