“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fotosalnaməsi” “Letterpress” nəşriyyat evində çapdan çıxıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kitab Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə layihəsi əsasında hazırlanıb. Layihənin rəhbəri və “ön söz”ün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əlaqələndiricisi nazir müavini Ədalət Vəliyev, toplayanı və tərtib edəni sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədşah Atayev, buraxılışa məsul Əməkdar mədəniyyət işçisi Maqbet Bünyatovdur.
Fotosalnamənin birinci cildi 1873-cü ildən 1950-ci ilədək, ikinci cildi isə 1950-ci ildən 2010-cu ilədək olan dövrü əhatə edir.
Kitabda Milli Dram Teatrının fəaliyyəti tarixi sənədlər, arxiv materialları, fotoşəkillər vasitəsilə canlandırılıb. Fotosalnamədə görkəmli sənətkarların yaradıcılığı və teatrın fəaliyyəti ilə bağlı fotoşəkillər də öz əksini tapıb. Yaxın günlərdə milli teatr sənətimizin 138 illik mürəkkəb sənət yolunu işıqlandıran bu fotosalnamənin təqdimat mərasimi keçiriləcək.